Eldar Əliyev: “Konsepsiya düzgün qurularsa, balet sənətinin əvvəlki şöhrətini qaytarmaq olar”

 

Hələ ayın əvvəlində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidməti xəbər yaymışdı ki, Rusiyanın məşhur Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok) baş baletmeysteri Eldar Əliyev Bakıya gələcək, teatrın balet truppası üçün ustad dərsi verəcək. Qeyri-rəsmi bir şərti də var ki, səfərin sonuna yaxın, yəni teatrda bir qədər çalışdıqdan sonra jurnalistlərlə görüşüb, onların suallarını cavablandırmaq istəyir.

Budur, vəd edilmiş vaxt – işgüzar səfərin başa çatmasına bir gün qalmış Eldar müəllimlə görüşürük. Dünya şöhrətli sənətkar, görkəmli balet artisti, pedaqoq, quruluşçu baletmeyster, xoreoqraf, Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevlə üzbəüz əyləşib söhbət etmək də bir şansdır.

 

“Yaşım artdıqca özümü daha çox azərbaycanlı hiss edirəm”

 

– Düzü, bilmirəm, Vətəninə gələn adama “xoş gəlmisiniz” demək nə qədər düzgündür, amma hər halda yenə də xoş gəlmisiniz!...

– Çox sağ olun. Təəssüf ki, Bakıya istədiyim qədər gəlib qala bilmirəm, üstəlik, budəfəki səfərim sırf işgüzar səfərdir…

 

– Sizin iş qrafikinizə ötəri nəzər salmaq kifayətdir ki, harasa şəxsi səfərə çıxmaq şansınızın olmasına şübhə edəsən…

– Elədir, mənim iş cədvəlim, görüşlərim, demək olar ki, iki il öncədən tutulur. Amma atam, anam sağ olanda hər il bir dəfə Bakıya mütləq gəlirdim. Valideynlərimin  vəfatından sonra isə Bakıya hər səfərim onların məzarlarını ziyarət etməklə başlayır. Sonra da mütləq şəhəri gəzirəm. Uşaqlığımı, gəncliyimi yada salıram. Artıq neçə illərdir ki, mənim mülkiyyətim Amerika Birləşmiş Ştatlarındadır, oğlum da orada yaşayır. Müqavilə ilə dünyanın çox ölkəsində işləsəm də, Amerikaya – evə qayıdıram. Bununla belə, yaşım artdıqca özümü daha çox azərbaycanlı hiss edirəm. Torpaq, qan çəkir, deyəsən.

 

– Bu qədər məşğul insan və  dünyanın hər bucağında anlaşılıb sevilən bir sənətin sahibi olduğunuza görə hansısa ölkədə Azərbaycan diasporu ilə  münasibətiniz barədə sual vermək nə qədər yerinə düşər, bilmirəm.

– Açığını deyim ki, mən müxtəlif ölkələrdəki dostları, tanışları işbirliyi sayəsində qazanmışam, bizi sənət sevgisi yaxınlaşdırıb. İş qrafikim də o qədər sıxdır ki, getdiyim ölkədə qəribsəməyə, darıxmağa macal tapmıram. Amma ötən il Vladivostokda maraqlı hadisə baş verdi. Bir gün qubernator mənə zəng vurdu ki, Azərbaycan diaspor cəmiyyəti məni öz tədbirlərinə dəvət edib. Səni də özümlə aparacağam. Heç ağlıma gəlməzdi ki, bu şəhərdə 40 min (!) azərbaycanlı yaşayır və onların güclü təşkilatı var. Çox gözəl insanlardır, böyük əksəriyyəti iş adamıdır. Xüsusən də çox güclü və savadlı gənc azərbaycanlı nəsli yetişir ki, onlarla fəxr etməyə dəyər. Həmin görüşdən sonra az qala hər səhər hotelə mənim üçün hədiyyə gəlməyə başladı. “Min bir gecə” baletinin premyerasına da gəldilər. Düzdür, əksəriyyəti ömründə ilk dəfə salondan baletə tamaşa etsə də, onların öz soydaşlarının tamaşasına necə böyük maraq və qürurla baxdığını görmək xoş idi. Bu sevinci onlara yaşatmaq mənə də həzz verirdi.     

 

– Nə gözəl! Bəs Bakıda ustad dərsləriniz necə keçdi? Bir zamanlar inciyib getdiyiniz teatrı necə gördünüz? Artıq neçənci nəslin dəyişdiyi teatrın truppasını necə qiymətləndirirsiniz?

– Müəyyən səbəblər üzündən ustad dərslərimiz planlaşdırıldığı kimi səmərəli və ardıcıl keçmədi. Amma teatrın rəhbərliyi ilə, mədəniyyət naziri, onun müavinləri ilə gələcək əməkdaşlıq perspektivləri ilə bağlı işgüzar görüşlərimiz oldu. Bakı Xoreoqrafiya Akademiyasındakı görüşü, rektor vəzifəsini icra edən Əziz Qarayusifli ilə söhbətimizi də  səmərəli hesab edirəm. Düşünürəm ki, həmin işgüzar söhbətlərdə qoyulan məsələlər öz həllini tapsa, milli balet sənətinin inkişafından nailiyyət gözləməyə dəyər. Bir zamanların şöhrətini qaytarmaq üçün çox, həm də konseptual işlər görülməlidir. Teatrın truppasına gəlincə… Azərbaycanda neçə vaxtdır teatrlar bağlıdır?

 

– Təxminən il yarımdır…

– Bizim sənətdə belə bir deyim var: bir gün istirahət etdinsə, sabah bütün günü işləməlisən ki, formanı bərpa edəsən. Qalanını özünüz hesablayın… O ki qaldı incikliyə, mən vətənimdən, iş yoldaşlarımdan inciməmişdim ki?! İncikliyim məni sənətimdən uzaqlaşdırmaq, 18 yaşlı bir oğlanın dünyanın ən yaxşı balet truppalarından birinə dəvətinə mane olmaq istəyənlərdən idi. Bir də ki, aradan 45 il keçib. O vaxtdan bu günə inciklik qalar? Gergiyevin (Valeri Gergiyev – Sankt-Peterburq Mariinski Teatrının bədii rəhbəri və direktoru – G.M.) sözü olmasın, əsas odur ki, olanların dadı damağında qalmasın.

 

– Haqlısınız. Həm də nə yaxşı ki, belə düşünür, kin saxlamırsınız. Amma bildiyimiz qədər, bu səfərinizdə “Mir bir gecə” baleti ilə bağlı bir sıra anlaşılmazlıqları da həll etdiniz…

- Bəli, indiyədək özünü baletin həmmüəlliflərindən biri kimi təqdim edən Nailə Nəzirova bəyan edirdi ki, onun verdiyi ilk quruluşa toxunmaq olmaz, müəlliflərdən biri kimi onun da baletə hüquqi haqqı çatır. O, təkcə mənim yox, əsəri səhnəyə gətirmək istəyən hər kəsin yolunu bu iddia ilə kəsirdi. Bakıda arxiv sənədlərini qaldırdıq, diqqətlə araşdırdıq, məlum oldu ki, “Min bir gecə”nin musiqi müəllifi Fikrət Əmirov, libretto müəllifləri Maqsud və Rüstəm İbrahimbəyovlardır, Nailə Nəzirova isə sadəcə, bu əsərə quruluş verib, onun özünü üçüncü müəllif kimi təqdim etməsinin heç bir hüquqi əsası yoxdur. Fikrət Əmirovun musiqisi şedevrdir, librettodakı hadisələr ilə bir-birini çox gözəl tamamlayır, həm də libretto quruluş üçün xoreoqrafa, rəssama geniş meydan açır; yəni fantaziyan, ideyaların, səhnənin texniki imkanları varsa, – buyur, tamaşanı qur! Bütün hüquqi məqamlar yerini alandan sonra artıq mənim yolum açıqdır: “Min bir gecə”ni öz təfsirimdə Avropada, Amerikada tamaşaya qoya bilərəm.

 

“Tamaşanı mən quracağamsa, bir şərtim var: başımın ağası olmasın”

 

Eldar Əliyev illərdir ki, bir çox ölkələrdə xoreoqraf pedaqoq kimi çalışır, tamaşalar qurur. Bir zaman Mariinsk Teatrında aparıcı balet partiyalarını ifa edən, eyni zamanda Moskva Böyük Teatrının və Avstraliya Balet Teatrının dəvətli solisti kimi 40-dan çox ölkədə səhnəyə çıxmış sənətkar bu gün həmin teatr səhnələrində tamaşalar qoyur.

1992-ci ildən əsasən ABŞ-da yaşayıb işləyən Eldar Əliyev artıq altıncı ildir ki, onu dünyaya tanıdan Mariinski Teatrının Primorsk səhnəsinin baş baletmeysteridir.

 

– Siz çoxdandır ki, müstəqil çalışırsınız...

– İllər öncə həyatımda elə bir məqam yetişdi ki, daha başımın üstündə “ağa” görmək istəmədim. Əslində, bu seçimin üstünlükləri ilə yanaşı, çatışmayan cəhətləri də var. Düzdür, yaxşı qonorar alırsan, sənə sərf edən şərtlərlə və öz seçdiyin vaxtda, yerdə çalışırsan. Amma qurduğun tamaşanın taleyini izləyə bilmirsən. Bilmirsən ki, teatrda sənin quruluşuna hansı dəyişikliklər edirlər, kimlər tamaşaya daxil olur. Tamaşa sənin övladındır, sən bu övladı böyüdürsən, müəyyən həddə çatandan sonra daha maraqlanmırsan ki, övladın haradadır, neyləyir, necə dolanır –  bax, bu, pisdir.

 

– Amma Eldar müəllim, sizin məsuliyyətini daim hiss etdiyiniz, taleyini izlədiyiniz bir kollektiv də var. Özü də stereotiplərin dağıldığı bir məkanda – Vladivostokda!  Eşidən kimi ağlına bu fikir gəlir ki, ora hara, yüksək rəqs sənəti hara? Halbuki belə bir teatr var və o, artıq az yaşında özünü tanıdıb. Üstəlik, sizin quruluş verdiyiniz tamaşalarla qastrola da çıxır.

– Elə mən də əvvəllər belə düşünürdüm, amma həmin teatrın çox cavan direktorunun inamı, mükəmməl balet truppası yaratmaq istəyi məni də inandırdı ki, Vladivostokda XXI əsrin opera və balet teatrını qurmaq mümkündür. Dəvəti alanda bir şərt qoydum: başımın “ağası” olmayacaq, səfərlərimi təxirə salmayacağam, teatrın işini də axsatmayacağam. Yaxşı kollektiv yaratmağınsa iki yolu var: ya yerli kadrlar yetişdirirsən – bu, bir qədər uzun yoldur: ən azı, on il lazımdır ki, yerli kadr yetişsin, dəvət edilənlər burada ailə qurub kök atsın – ya da hazır kadrları cəlb edirsən. Onları da yaxşı pul verməklə, yaradıcılıq imkanı yaratmaqla, öyrənmək-öyrətmək üçün şərait yaratmaqla cəlb etmək olar.

 

– Siz hansı yolu seçdiniz?

– Eyni vaxtda hər ikisini. Nə qədər çətin olsa da, fərqli niyyətli insanları eyni kollektivdə birləşdirmək mümkündür. Biz bir ilin ərzində beş tamaşa hazırladıq, repertuarın özəyini yaratdıq. 2015-ci ildə isə müvafiq sərəncamla həmin teatr Mariinski Teatrının tabeliyinə keçdi.

 

– Beləcə, Uzaq Şərq teatrının dünyaya çıxışı asanlaşdı…

– Həm də məsuliyyəti artdı!...

 

“Məncə, Bakıda yeni teatr binası tikməyin zamanı yetişib”

 

 – Sizin quruluş verdiyiniz “Min bir gecə” baleti haqqında hələlik yalnız eşitmişik…

– Avqustun əvvəlində Sankt-Peterburqda oynayacağıq, gəlin…

 

– Təəssüf ki, gəlmək imkanım yoxdur. Bəs tamaşanın Bakıda nümayiş imkanları necə, realdır?

– Etiraf edim ki, yox… Təkcə səhnənin ölçüsünə görə yox, həm də teatrın texniki imkanlarına görə… Biz XXI əsrin texnoloji imkanlarını nəzərə alaraq tamaşa qurmuşuq. Təəssüf ki, Bakıda Akademik Opera və Balet Teatrının bazasında belə bir tamaşa göstərmək, hazırlamaq mümkün deyil. Məncə, Bakıda yeni teatr binası tikməyin zamanı yetişib. Qoy köhnə bina da qalsın; bərpa edilsin, təmir olunsun, texniki, fiziki imkanları daxilində çalışsın.

 

– Eldar müəllim, bayaq telefonda “Min bir gecə” baletindən fraqmentlərə tamaşa edərkən ürəyimdən keçirdi ki, bizim teatrda da belə bir miqyaslı tamaşa qoyasınız, ya da elə “Min bir gecə”ni sizin quruluşda görə bilək… Arzumuz ürəyimizdə qalacaq, deyəsən… Bəlkə bizim teatr üçün kamera-tamaşa hazırlayasınız?

– Qara səhnədə incə musiqinin fonunda rəqs hərəkətlərini yerinə yetirən bəyaz libaslı rəqqasların görüntüsü?! Yox, bu üslub mənlik deyil… Ona görə yox ki, bəyənmirəm, mən bunu bacarmıram. Mənə geniş səhnə, böyük truppa, son texnologiyanın quraşdırıldığı səhnə lazımdır ki, düşündüklərimi gerçəkləşdirim. Bəlkə də xaraktercə liderəm, ona görə genişlik, böyük miqyas xoşlayıram.

 

– “Min bir gecə”dən danışarkən dirijor Əyyub Quliyevin adını çəkməmək insafsızlıq olardı. Bizim cavan baş dirijorla necə işlədiniz?

– Əyyub Quliyevlə birgə işləmək adama zövq verir. O, mənim sənət lotereyamda uduşlu biletimdir. Orkestrlə elə gözəl işlədi ki!... İndiyədək tarın adını eşidib, üzünü görməmiş iki rus ifaçı da onun sayəsində tar çalmağı öyrəndi. Mənə partiturada tar aləti üçün nəzərdə tutulan hissələri dombrada çalmağı təklif etdilər. Razılaşmadım. Dedim ki, Fikrət Əmirov necə bəstələyibsə, hansı alət üçün işləyibsə, o cür səslənməlidir. 

***

Dünya şöhrətli soydaşımız Eldar Əliyev ilə istənilən mövzuda söhbət etmək maraqlıdır. Biz də onunla milli balet sənətinin keçmiş şöhrətini qaytarmaqdan ötrü milli sənətin çağdaş durumunu dünyadan baxaraq qiymətləndirmək və düzgün inkişaf yolu göstərmək mövzusunda xeyli söhbət etdik. Söhbət edərkən fikirləşirdim ki, görəsən, illər öncə 18 yaşlı gənci dünya balet sənətinin ən ünlü teatrlarından birinə dəvət edənlər onun potensialının bu qədər geniş və dərin olduğunu ağıllarına gətirmişdilər? Ya da, görəsən, Eldar Əliyev bir zamanlar Bakıda onun yolunu kəsmək, onun doğma teatrdakı ifaçı karyerasına badalaq vurmaq istəyənləri minnətdarlıqla xatırlayırmı? Bu sualları müsahibimə ünvanlamadım. Çünki cavablar özümə bəlli idi.      

P.S. Yeri gəlmişkən,  21 iyun ABŞ-ın İndianapolis şəhərində “Eldar Əliyev günü” kimi qeyd edilir. Soydaşımız bu fəxarətə bədii rəhbər kimi İndiana ştatının yeganə balet truppasını – “Ballet İnternationale-İndianapolis”i sıradan bir kollektivdən dünya səviyyəli peşəkar kollektiv mərtəbəsinə çatdırdığı üçün layiq görülüb.

Gülcahan MİRMƏMMƏD