Söz-sənət yurdu Qarabağın tanınmış qadın şairləri arasında Fatma xanım Kəminənin də adı hörmətlə çəkilir. O, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” ədəbi məclisinin fəal üzvlərindən olub. Dövrünün söz-sənət sahibləri onun yaradıcılığına böyük maraq göstəriblər. Bu il şairənin anadan olmasının 180 illiyidir.

Fatma xanım Kəminə 1841-ci ildə Şuşa şəhərində Mirzə Bəybala Tahirzadə (Fəna) adlı şairin ailəsində dünyaya göz açıb. İlk təhsilini Şuşada alıb, fars dilini mükəmməl öyrənib. Erkən çağlardan poeziyaya maraq göstərib. Ana dilində və farsca şeirlər qələmə alıb.

Bəzi mənbələrdə Fatma xanımın guya təhsilini artırmaq üçün İstanbula gedib orada oxuduğu qeyd edilsə də, tanınmış yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadə bu məlumatın həqiqətə uyğun olmadığını bildirib. Alim şuşalı şairə haqqında yazır ki, o, çox mehriban, qayğıkeş və əliaçıq insan olub. XIX əsrin görkəmli ədibləri arasında adı hörmətlə çəkilsə də, əsərləri araşdırılmayıb. 1971-ci ildə Ə.Cəfərzadənin təşəbbüsü ilə “Fatma xanım Kəminə” adlı kiçik bir kitabça nəşr edilib. Kitabçada şairənin bir neçə qəzəl, qitə, qoşma və ona həsr edilən şeirlərdən nümunələr verilib.

Həyatı müəmmalara bürünən, haqqında əfsanələr qurulan, yaradıcılığı dildə-ağızda dolaşan və xalq yaddaşında heykəlləşən F.Kəminənin müasiri, məşhur şairə, xeyriyyəçi Xurşudbanu Natəvanla yaxın rəfiqə olduğu bildirilir. Bir-birlərinə nəzirələr, qəzəl janrında məktublar yazıblar. Rəvayətə görə, X.Natəvan “Məclisi-üns”ün yığıncaqlarına buz parçaları içində nar dənələri gətizdirərmiş. Şamın işığında nar dənələri yaqut kimi parıldayar və məclisə xüsusi gözəllik verərmiş. Kəminə xanım da ədəbi məclisin iştirakçısı kimi bu qeyri-adi mənzərəyə laqeyd qalmayıb. Qəzəllərinin birində Natəvan xanımın bu zövqlü işini oxşayaraq yazıb:

Cana, bu nə cadudur, qaşu göz arasında,
Nitqim tutulur görcək hər dəm söz arasında.
Gər nə görsə Züleyxavu Yusif səni bəzmində,
Məbhut qalar onlar yüz min qız arasında...

F.Kəminənin həyat və yaradıcılığı haqqında Mir Möhsün Nəvvab öz təzkirəsində, Firidun bəy Köçərli isə “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabında da məlumat veriblər. Şairənin təxminən 500-ə yaxın şeir və qəzəli olub. X.Natəvan şairənin istedadını yüksək qiymətləndirib. Müasirləri arasında onu özünə daha yaxın bilib. Natəvanın oğlu vəfat edərkən Fatma xanım onun qədər üzülüb, dərdinə qəmxar olub. Şairəyə üz verən ağır itkini mənən yaşayaraq hisslərini belə ifadə edib:

Natəvanın gözünün nuru Abbas almadı kam,
Bircə an olmadı rahət, ömürü oldu tamam.
Çox təəssüf ki, pənah bürcünü Ay tərk elədi,
Möhnət üz verdi seyid nəslinə bir nəhs axşam...

F.Kəminənin fars dilində olan qəzəllərini dilimizə tərcümə edən Məmmədağa Sultanov müəllifin bu dilə dərindən bələd olduğunu bildirir: “Buna görə də yazdığı saqinamə və qəzəllərinin əksəriyyəti bir çox fars şairlərinin əsərlərindən üstündür”.

Araşdırmalarda uzun illər şifahi xalq ədəbiyyatı nümunəsi kimi təqdim edilən bir qoşmanın müəllifinin də Fatma xanım olduğu aşkara çıxıb:

Ay ağalar, bir tərlanım uçubdur,
Sağ əlimdən sol əlimə alınca.
Onu tutan xeyrin-bəhrin görməsin,
Mən fəqirin naləsi var dalınca.

Coşqun təbli, incə zövqlü şairə öz dövründə çox məşhur olub. Yaradıcılığı müasirləri tərəfindən yüksək qiymətləndirilib. Dövrünün xanəndələri el şənliklərində onun qoşma və qəzəllərinə tez-tez müraciət ediblər. Eyni zamanda Qarabağın bir çox tanınmış şairləri istedadını, mərdlik və müasirliyini dilə gətiriblər. Xüsusilə də qadın şairlərdən Ərdəbilli Ziba xanım Ləli, Qəmər bəyim Şeyda F.Kəminəni özlərinə ustad və müəllim hesab ediblər. Onun istedadını və camalını vəsf edən əsərlər ərsəyə gətiriblər. Otuz altı misradan ibarət bir mənzum məktubda “Şaxis” təxəllüslü şair Kəminə xanımın kasıblara əl tutan, humanist bir qadın olduğunu yazıb:

Mehri-lütfün füqəranın başına sayə salıb,
Əzhəri-şəmsidi bu, mən necə inkar qılım?!

Hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda F.Kəminənin bəzi şeir və əlyazmaları, bir sıra Qarabağ şairlərinə yazdığı məktub və nəzirələri qorunur.

Fatma xanım Kəminə yaradıcılığının coşqun çağlarında, 1898-ci ildə Şuşada vəfat edib, şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn olunub. Onun vaxtsız ölümü Şuşa əhlində və onun yaxşı tanındığı yaxın-uzaq ellərdə hüznlə qarşılanıb. Firidun bəy Köçərli şairənin itkisinin acı təəssüf doğurduğunu qeyd edərək yazıb: “Fatma xanım həqiqətdə çox gözəl və zərif bir can idi. Zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayimə və xoşrəftar bir nadireyi-zəmanə idi ki, onun vəfatı cümlə-şüəranü üzrəfayi-Qarabağda böyük bir yas oldu”.

Savalan FƏRƏCOV