Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun mütəxəssisləri Orlov vilayətinin Novoderevenkovski rayonundakı Sudbişi kəndi yaxınlığında aparılan qazıntılar zamanı Çar İvan Qroznı dövründə rus ordusu ilə Krım xanı Dövlət Gərayın qoşunu arasında son döyüşün yerini aşkar ediblər. Bu, İvan Qroznı dövrünün ən məşhur döyüşlərindən biri sayılır.
1555-ci ilin 24-25 iyununda baş vermiş döyüşdə Krım qoşunlarına Dövlət Gəray xan özü, rus qoşunlarına isə İvan Şeremetyev başçılıq ediblər. Alimlərin bildirdiyinə görə, döyüşdə hər iki tərəfdən 80 minə yaxın süvari iştirak edib. Krım qoşunları say baxımından təxminən üç dəfə çox olsa da, rusların müqavimətini qıra bilməyib, geri qayıdıb.
Alimlər qazıntı ərazisində 1500-dən çox artefakt aşkar ediblər. Onların arasında 800-dən çox müxtəlif növ ox, 100-dən çox qurğuşun gülləsi və karteç, İvan Qroznının adına buraxılmış gümüş sikkələr, müxtəlif dəbilqələr və digər nümunələr var.
1995-ci ildə Sudbişi kəndində bu döyüş ilə bağlı memorial lövhə qoyulmuşdu. Döyüşün yeri aşkar ediləndən sonra Orlov vilayətinin qubernatoru Andrey Klıçkov tərəfindən tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə təşkilat komitəsi yaradılıb.