Azərbaycanın turizm üçün əlverişli olan dilbər guşələrindən biri də İsmayıllı rayonudur. Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri bu gün də qalmaqdadır. Rayonda müxtəlif sənətkarlıq növləri yüksək inkişaf edib ki, bu da İsmayıllını turistlər üçün maraqlı obyektə çevirib.
   
   Rayonun dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları ilə məşhurdur. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. O dövrdə Lahıcda 100-dən artıq sənət növü - misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və sair peşələr inkişaf tapmışdı.
   1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda qədim məhəllə məscidləri, Girdman qalası qorunan tarixi abidələr siyahısındadır. Lahıclılar əsasən misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və digər peşələrlə məşğuldurlar. Bunları bütün dünyaya nümayiş etdirmək üçün havası saf, suyu can dərmanı, küçələri izdihamlı dağ kəndi Lahıcda turizm mərkəzinin yaradılması məqsədəuyğun olardı. İndinin özündə də buraya az turist gəlmir. İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan respublikamıza təşrif buyuranlar əsasən Lahıcda dincəlmək istəyirlər.
   İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasovun dediyinə görə, rayona gələn turistlərin sayı ildən-ilə artır. Belə ki, ötən il İsmayıllıya 15 min turist gəlmişdisə, bu ilin sentyabr ayına olan məlumata görə, rayonun istirahət mərkəzlərində 25 mindən artıq insan dincəlib ki, bunun da 30-40 faizi xarici ölkə vətəndaşlarıdır. Bundan əlavə, bu ilin 9 ayı ərzində Lahıcı 14 mindən çox xarici turist ziyarət edib.
   A.Abbasovun sözlərinə görə, İsmayıllı ərazisində Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında 9 turizm istirahət mərkəzi, mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir ki, həmin istirahət mərkəzlərində də 600-dən yuxarı yataq yerləri olmaqla bərabər, turistlərin istirahətləri üçün hər cür şərait yaradılıb. Rayonda fəaliyyət göstərən «Qreen House», «Qız qalası», «Qaya», «Rizvan», «Şəlalə» istirahət mərkəzlərində yerli və xarici turistlərə yüksək səviyyədə xidmət göstərilir.
   
    Fəxriyyə Abdullayeva