XIX əsrin birinci yarısında Azərbaycan maarifçi-ədəbi mühitində dərin iz qoyan şair, alim və ictimai xadim Abbasqulu ağa Bakıxanov bütün dövrlərdə xatırlanacaq zəngin irs yaradıb. O, dərin zəkası, ensiklopedik biliyi ilə öz dövründə rus və Avropa alimləri, söz, fikir adamları ilə bir sırada dayanıb.

Abbasqulu ağa II Mirzə Məhəmməd xan oğlu Bakıxanov 21 iyun 1794-cü ildə Bakının Xilə (indiki Əmircan) kəndində dünyaya göz açıb. Səkkiz yaşına qədər Bakıda yaşayıb. II Mirzə Məhəmməd 1802-ci ildə xanlıq taxtı uğrunda mübarizədə əmisi oğlu Hüseynqulu xana məğlub olur. Bundan sonra məcburən Qubaya, vaxtilə Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçür. Gənc Abbasqulu ağa yarımçıq qalan təhsilini burada başa vurur. Ərəb, fars dillərini, ədəbiyyatı və ilahiyyatı dərindən öyrənir. Qafqaz canişini general Yermolov 1819-cu ildə onu Tiflis şəhərinə – Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi vəzifəsinə dəvət edir. O, 26 il bu vəzifədə çalışır.

Abbasqulu ağa Bakıxanov məmur olmaqla bərabər, 20 ildən çox səmərəli elmi və bədii yaradıcılıqla məşğul olub. O həm də Azərbaycanda maarifçi realizmin inkişafında mühüm rol oynamış mütəfəkkir ədiblərimizdəndir. Müxtəlif illərdə yazdığı “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri onun ensiklopedik zəka sahibi olduğunu göstərir.

Bakıxanovun birinci elmi əsəri fars dilinin qrammatikasına aid “Qanuni-Qüdsi” (“Müqəddəs qanunlar”) kitabıdır. Əsər kiçik, ancaq dərin məzmunlu girişdən, “Hərflər”, “Kəlmələr” və “Cümlə” adlı üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verib. Sonra əsəri nə üçün, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığını bildirib.

Görkəmli alim coğrafiya və astronomiya elmləri ilə də maraqlanıb. Coğrafiya elminə aid fars dilində “Kəşfül-qəraib” (“Qəribə kəşflər”) və “Ümumi coğrafiya” adlı iki kitab ərsəyə gətirib. İki fəsildən ibarət olan “Kəşfül-qəraib” Amerikanın Xristofor Kolumb (1446-1506) tərəfindən kəşf olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs edir.

Pedaqoji məsələlərlə də məşğul olan Bakıxanov uşaq və gənclərin tərbiyəsi ilə bağlı mülahizələrini “Təhzibül-əxlaq” (“Əxlaqın tərbiyəsi”) əsərində qələmə alıb. Cəmiyyət haqqındakı fikirlərini sistemli şəkildə şərh edən müəllif gənclər arasında lazımi əxlaq normalarından söz açıb. Ədibin ikinci pedaqoji əsəri “Kitabi-nəsihət” və ya “Nəsihətnamə”dir. 102 nəsihətin yer aldığı əsər müəllifin kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlanır. Sonra dövlət başçısına, ata-anaya, böyüklərə ehtiramın vacibliyindən söz açılır, həyat və məişət məsələləri ilə əlaqədar əxlaqi nəsihətlər verilir.

Bakıxanovun tarix elmimizə bəxş etdiyi ən dəyərli hədiyyəsi isə uzun illər üzərində işlədiyi, 1841-ci ildə başa çatdırdığı “Gülüstani-İrəm” (“Cənnət gülüstanı”) əsəridir. Məhz bu əsərə görə müəllif Azərbaycanın ilk tarixçi alimi hesab edilir. Akademik Nailə Vəlixanlı görkəmli alimlə bağlı məqaləsində yazır ki, A.Bakıxanov bu qiymətli tədqiqatının fars dili variantını 1841-ci ildə başa çatdırıb. 1844-cü ildə isə onun rus variantını hazırlayıb. Nəşrinin icazəsi üçün rus əlyazmasını Sankt-Peterburqa göndərir. Çar I Nikolay müəllifin 800 manat gümüş pul dəyərində brilyant üzüklə mükafatlandırılması, əsərinin isə Rusiya Elmlər Akademiyasına rəyə göndərilməsi barədə əmr verir. Akademiklər M.Brosse və B.Dornun müsbət rəyinə baxmayaraq, əsərin dövlət hesabına deyil, müəllifin şəxsi vəsaiti hesabına çap edilməsinə icazə verilir...

Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” əsəri olduqca zəngin mənbədir. Müəllif əsəri yazarkən tarixi abidələri, qədim sikkələri, padşah və xanların fərmanlarını, dini kitabları, “Avesta”nı, səyyahların yol qeydlərini və s. dərindən araşdırıb. O, həmçinin gürcü və ləzgi salnamələrinə, qədim yunan, Roma, Azərbaycan, rus alimlərinin əsərlərinə istinad edib. Əsərin müqəddiməsində Azərbaycan və Dağıstan ərazilərinin qısa coğrafi təsviri də verilib. Qədim yunan, ərəb və rus mənbələrinə istinadən bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqda maraqlı məlumatlar təqdim olunub. Əsərdə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dininin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi və s. yer alıb. Rusiya ilə İran arasında bağlanan Türkmənçay (1828) müqaviləsinin bağlanmasına qədər olan böyük bir tarixi dövr əsərdə əhatə olunub. Yeri gəlmişkən qeyd edək ki, A.Bakıxanov Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib.

Qubada “Gülüstan” adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından olan A.Bakıxanov “Qüdsi” təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlər yazıb. Yaradıcılığına diqqət yetirdikdə məlum olur ki, şairin vəziyyəti heç də yaxşı olmayıb. Onun şeirlərində zəmanədən acı-acı şikayətlər də əksini tapıb. Müəllif “Bəyani-hal” şeirində yazır:

Günəş Şərqdən tulu edib çıxan zaman səhərlər,
Ürəyimi min əzaba düçar edir qəm, kədər.
Sübh kimi köynəyimi parça-parça edib mən,
Odlu ahlar çəkirəm hey bu yanıqlı ürəkdən...

Başqa bir şeirində isə ictimai ədalətsizliyə qarşı çıxır. Çox şeyin öz yerində olmadığını bildirir. “Xəyalın uçuşu” poemasında isə xoşbəxtliyi uzaqlarda deyil, doğma vətəndə axtarmaq qərarına gəlir.

Bakıxanov “Yersiz iftixar”, “Qurd və ibliz”, “Tülkü və qoyun” adlı alleqorik əsərlər də yazıb, rus şairi İvan Krılovun “Eşşək və bülbül” təmsilini dilimizə tərcümə edib.

Azərbaycan elmi-ədəbi fikrinin görkəmli nümayəndələrindən olan Abbasqulu ağa Bakıxanov 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyinə tutularaq vəfat edib, Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

2014-cü ildə dövlət başçısının sərəncamı ilə böyük alim, mütəfəkkir və ədibin 220 illik yubileyi geniş şəkildə qeyd edilib.

Savalan FƏRƏCOV