Bakı limanı keçmişdən bu günə

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən hazırlanmış “Bakı limanı” kitabı zəngin bir tarixə işıq salır. Azərbaycan və ingilis dillərində çap edilmiş kitab beş bölümdən ibarətdir.

Kitabın ilk bölümündə Bakı limanının qədim və Orta əsrlər dövründən bəhs olunur.  Azərbaycanın qədim yaşayış yerlərindən olan Qobustanın üst terrasında eramızdan əvvəl VI minilliyə aid mağara yaxınlığında aşkarlanmış daş lövhələr və qayalar üzərindəki qayıq təsvirləri həmin yerdə qədim limanın olduğunun sübutu kimi göstərilir. Eramızdan əvvəl IX əsrə aid Assuriya mixi yazıları olan gil lövhələr, Misir mənbələri, qədim yunan müəllifləri Miletli Hekatey (e.ə.VI əsr), Herodot (e.ə. V əsr), Aristotel (e.ə. IV əsr), Strabon (e.ə. I əsr), romalı müəllif Plinin (I əsr) qeydləri, habelə Homer və arqonavtlar dövrünə aid materiallar Bakı limanının əhəmiyyətini göstərən mənbələrdir. Eramızdan əvvəl 285-ci ildə Sələvkilər dövlətinin sərkərdə və dənizçisi Patroklun rəhbərliyi ilə tərtib edilmiş “Xəzər dənizinin peripli” (Xəzər dənizinin sahillərinin təsviri) əsərinin Xəzərin ilk xüsusi tədqiqatı olduğu diqqətə çatdırılır.

Nəşrdə yer alan mənbələr – X əsr ərəb səyyahları İbn Həvqəlin və əl-Müqəddəsinin qeydləri, Xəzərin “Bakı dənizi” kimi qeyd olunduğu Avropa xəritələri (1375-ci ilə aid katalon xəritəsi), azərbaycanlı coğrafiyaşünas alim Əbdürrəşid Bakuvinin, habelə Marko Polo (XIII əsr), Adam Oleari (XVII əsr), Afanasi Nikitin (XV əsr), Övliya Çələbi (XVII) və başqa müəlliflərin qeydləri Bakı limanının beynəlxalq əlaqələri haqqında təsəvvür yaradır. Bakının əsas liman olaraq müxtəlif dövlətlərlə ticarət əlaqələri bir çox tarixi sənəd və faktlarla da təsdiqlənir. Bu baxımdan Səfəvi hökmdarı I Təhmasibin 1564-cü ildə Şeyx Zahidi Bakı limanına birinci nazir təyin etməsi haqqında fərmanına, Böyük Britaniyanın “Rusiya kampaniyası”nın Rusiyadan Volqa – Xəzər yolu ilə İran və Azərbaycanla bağlanan müqaviləsinə diqqət çəkilir. Eyni zamanda I Pyotrun Bakını işğal etmək niyyəti ilə Xəzər sahillərinə yürüşü xatırladılır. Bakı buxtasının ilk xəritəsinin tanınmış rus naviqator və hidroqrafı Fyodor Soymonov tərəfindən 1719-cu ildə “Bakı körfəzi” adı ilə tərtib edildiyi bildirilir.

“Bakı limanı: kiçik limandan Rusiya imperiyasının ən böyük limanınadək (XIX əsr və XX əsrin əvvəlləri)” adlı ikinci bölümdə Xəzərdə suyun səviyyəsinin dəyişməsinin tədqiqi məqsədilə akademik Emiliy Lensin 1830-cu ildə buraya ezam olunması, imperator I Nikolayın fərmanına (1854-cü il 17 sentyabr) əsasən Bayıl burnunda hərbi limanın fəaliyyətə başlaması, 1859-cu ildə Bakı limanının dövrün tələblərinə uyğun tikintisinə start verilməsi, 60-cı illərdə Xəzər dənizində mayaklar sisteminin qurulması, “Xəzər dənizinin Atlası”nın tərtib edilməsi və digər maraqlı tarixi faktlar əksini tapır. Məlum olur ki, dünyada neft sənayesində bir çox ilklər Bakı limanında həyata keçirilib. 1911-ci ildə Rusiya donanmasında mövcud olmuş 9 teploxoddan 8-i Bakı limanında idi. Həmçinin 1902-ci il iyulun 21-dən rəsmi fəaliyyətə başlayan Bakı Ticarət Limanı İdarəsinin fəaliyyəti haqqında məlumat verilir.

Bu bölümdə Xəzər dənizində limanların qurulmasında, gəmiçiliyin təşkilində ilk azərbaycanlı peşəkar mühəndis Fətəli bəy Nəcəfqulu bəy oğlu Sultanovun (1845-1910) xidmətlərindən də bəhs olunur.

“Bakı limanı 1914-1968-ci illərdə” adlanan üçüncü bölümdə I Dünya müharibəsi və Azərbaycan Xalq Cümhuriyyəti dövrlərində, habelə sovet hakimiyyətinin 1920-1960-cı illərində limanın fəaliyyətini əks etdirən zəngin materiallar toplanıb. Bakı limanı Xəzərdə əsas, SSRİ-nin isə ən iri limanlarından biri olub. Onun tərkibinə Bakı körfəzi, yeni tikilmiş Abşeron liman məntəqəsi, Pirallahı (Artyom) adasında yerləşən mayedaşıma liman məntəqəsi, Lökbatan yanalma körpüsü, Astara, Lənkəran, Port-İliç liman məntəqələri, Ələt körpüsü daxil idi. Neft Daşlarının yaradılması, Bakı-Krasnovodsk (indiki Türkmənbaşı) bərə xəttinin açılması ilə Bakı limanının quruluşu dəyişib.

Kitabın sonuncu bölümü “Bakı limanı XX əsrin sonu – XXI əsrin əvvəllərində” adlanır. Oxucu kitabda beynəlxalq nəqliyyat dəhlizlərində Bakı limanının rolu və potensialı barədə də geniş məlumat ala bilər. Nəşrdə Bakı limanının xronoloji tarixi də  verilib.

Layihənin rəhbəri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Taleh Ziyadov, redaktoru və koordinatoru hüquq elmləri üzrə fəlsəfə doktoru Pərvinə İsmayılovadır. Mətnin müəllifləri Nazim Ərəbov, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovdur.