Aparatda “Nobel qardaşları”nın baş mühəndisidir

 

Bu il Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi tamam olur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, yubileylə bağlı “Azərbaycan Telefon Rabitəsi 140” loqotipi hazırlanıb. Yubiley ili ərzində silsilə tədbirlər həyata keçiriləcək.

O cümlədən jurnalistlər arasında mövzu ilə bağlı müsabiqənin keçirilməsi, İKT-də xüsusi rolu olan qadınların mükafatlandırılması, rabitənin 140 illiyinə həsr edilmiş markanın, zərfin və xatirə nişanının hazırlanması nəzərdə tutulur. Rabitənin tarixi barədə sənədli filmin çəkilişi də görüləcək işlər sırasındadır.

Rabitəçi şəhid ailələri, qocaman rabitəçilər evlərində ziyarət ediləcək, rabitə sahəsində uzun müddət çalışan əməkdaşlar təltif olunacaq.

Xatırladaq ki, Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında “Qafqaz və Merkuri” Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin “Naberejnaya” küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən “Kaspi” neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin il noyabr ayının 23-də uzunluğu 6 kilometr olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması 1881-ci ildən hesablanır.