İkinci Qarabağ müharibəsində Vətən torpaqları uğrunda özünü fəda edib adını Azərbaycanın Zəfər tarixinə yazan igidlərdən biri də Cahid Şahiq oğlu Qəniyevdir.
Vətən sevgisindən güc alan, onun şərəfini uca tutan, uyuduğu torpaq insanların and yerinə çevrilən qəhrəmanımız 1994-cü ildə Lerik rayonunun Sors kəndində dünyaya göz açmışdı. Sonralar ailəsi Biləsuvar rayonuna köçür. Orta məktəbi bitirən Cahid müqəddəs amallar işığında müstəqil həyata qədəm qoyur. Əsgərliyə gedir. Düşmənlə üz-üzə, ön xətdə xidmət edir. İgid, cəsur Vətən keşikçisinin vətənpərvərliyi, torpağa sevgisi, dosta sədaqəti əsgərlərə nümunə göstərilir. Doğma Azərbaycanına oğulluq borcunu şərəflə, yerinə yetirib üzüağ evinə qayıdır. Amma Vətən torpaqlarının işğal altında olması ona rahatlıq vermirdi. 2014-cü ildə yenidən əyninə əsgər paltarı geyinir, düşmənə layiqli cavab verməkdən ötrü silaha sarılır.
Cahid Azərbaycan Silahlı Qüvvələri Təlim və Tədris Mərkəzinin gizir hazırlıq kursunu bitirir. Tank komandiri olur. İdarə etdiyi hərbi texnikanın sirlərini dərindən mənimsəyir, təlimlər zamanı çətin vəziyyətlərdən bacarıqla çıxır. Gizir Cahid Qəniyev 2016-ci ilin Aprel döyüşlərində şücaətlə iştirak edir, ağır döyüşlərdə belə düşmənin bağrına çat salır. İkinci Qarabağ müharibəsində də cəsur tankçı ön cərgədə idi. Haqq savaşımızın qəhrəmanı Suqovuşan, Talış kəndləri istiqamətində işğalçılara sarsıdıcı zərbələr endirir, Vətən torpağının hər qarışı uğrunda əzmlə vuruşur. Sentyabrın 31-də od-alovun içində 26 yaşında şəhidlik zirvəsinə ucalır. Yaşadığı şərəfli ömür yolu Vətəninə, xalqına sədaqət simvoluna dönüb əbədiləşir.
Cahid ailəli idi, hələ bir yaşı tamam olmayan Fərid adlı oğlu Vətənə əmanət qalıb. Son danışığı zaman ailəsinə deyir: “Oğlum sizə əmanət, haqqınızı halal edin”.
Savaş meydanında şücaət göstərən gizir Cahidin ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülməsi həm də onun Vətəninə ürəkdən bağlılığına bir nişanədir...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü