Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən 2020-ci ilin Vətən müharibəsində Siyəzən rayonundan da onlarla qəhrəman oğul şəhidlik zirvəsinə ucalıb. Onlardan biri də Mətləb Əkbərovdur.
Mətləb Zülfiqar oğlu Əkbərov 2001-ci ilin 21 yanvarında Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açıb. 2007-2018-ci illərdə kənddəki Vüqar Qasımov adına tam orta məktəbində təhsil alıb. 2019-cu ildə hərbi xidmətə yollanıb. Nizam-intizamına, uğurlu xidmətinə görə bir neçə dəfə təşəkkürnamə ilə təltif olunub. 2020-ci ildə əsgəri xidmətini başa vursa da, hərbə olan marağı onu yenidən ordu sıralarına qaytarır. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq fəaliyyətini davam etdirir.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Mətləb də ön cəbhədə idi. Döyüşlərdə silahdaşları ilə birlikdə şücaət göstərir. Düşmənin illərdir möhkəmləndirdiyi mövqeləri qəhrəmanlıqla keçərək intizarda olan Vətən torpağını azad edirlər.
Oktyabrın 8-i Mətləb sonuncu döyüşünə atılır. Halbuki o da digər döyüş yoldaşları kimi yağının ayağını yurdumuzdan tamamilə kəsmək üçün axıra qədər getməyi arzulayırdı. Onun da hədəfi Şuşanın azad olunması idi. Ancaq həmin gün Füzuli rayonu istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına şəhid olur.
Atası Zülfiqar Əkbərov qeyd edir ki, Mətləb uşaqlıqdan milli rəqsə, gimnastikaya maraq göstərib: “Hər dəfə işdən evə gələndə görürdüm ki, həyətdə idmanla məşğul olur. Mətləb mənim tək oğlan övladım idi. Onunla bağlı çoxlu arzularımız var idi. Ancaq o, şəhid olaraq öz arzusuna çatdı. Vətən sağ olsun”.
Anası İradə Əkbərova deyir ki, Mətləbin hərb sahəsinə olan istəyi, Vətənə olan sevgisi hər şeydən üstün idi: “Mən ona dedim ki, sən mənim tək oğlumsan. Hərbi xidmətini başa vurub başqa sahədə işləyərsən. Ancaq o, razı olmadı. Mətləb uşaqlıqdan Vətənə bağlı idi. Hər gün məktəbə gedəndə üçrəngli bayrağımızı öpərək dərsə girərdi. Müəlliminə də hərbçi olacağını, şəhadət şərbətini içəcəyini söyləyirdi”.
Mətləb Əkbərov oktyabrın 9-da doğulduğu kənddə torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Ruhu şad olsun.
NURƏDDİN