“Kanal İstanbul”un təməli atıldı

 

Türkiyə tarixinin, eləcə də dünyanın ən möhtəşəm layihələrindən olan “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk “Sazlıdərə” körpüsünün təməli qoyulub. İyunun 26-da keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Türkiyə Prezidenti bildirib ki, dünyanın ən çox istifadə edilən İstanbul boğazından 1930-cu illərdə əgər ildə 3 min gəmi keçirdisə, bu gün bu rəqəm 45 minə çatıb. 2050-ci ilə kimi bu rəqəmin 78 minə çatacağı ehtimal edilir. Bundan başqa, hər il gəmilərin istər sərnişin, istərsə də yükdaşıma gücü artmaqdadır. “Kanal İstanbul” bu yüklənməni azaltmağa imkan verəcək.

Son 19 il ərzində Türkiyədə həyata keçirilən müxtəlif layihələr barədə danışan Rəcəb Tayyib Ərdoğan buna qarşı çıxanların olmasına baxmayaraq, hər layihənin layiqincə başa çatdırıldığını vurğulayıb. Sonra layihənin ilk körpüsünün təməli atılıb.

Qara dəniz və Mərmərə dənizini birləşdirəcək Türkiyənin su yolu layihəsi olan “Kanal İstanbul”un ilk körpüsünün ümumi uzunluğu 1618 metr təşkil edəcək. Platforma eni 46 metr nəzərdə tutulan körpünün qüllələrinin hündürlüyü isə 196 metrədək yüksələcək.

İlk dəfə 2011-ci il aprelin 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ictimaiyyətə təqdim edilən, İstanbulu içindən iki dəniz keçən bir şəhərə çevirəcək layihə çərçivəsində altı körpü inşa ediləcək. Ümumi büdcə dəyəri 15 milyard dollar olaraq hesablanan “Kanal İstanbul”un hər iki tərəfində hər biri 250 min ailə üçün nəzərdə tutulan iki şəhərin tikilməsi də nəzərdə tutulur.

Altı il sürən layihə çalışmalarında 200-ə yaxın alim və mütəxəssis iştirak edib.