Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli sərəncamı ilə təsdiq olunan “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və idman sahələrində bütün uşaqlar üçün bərabər imkanlar yaradılmasını nəzərdə tutur. Sənədin məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.
Fəaliyyət planında Mədəniyyət Nazirliyinin bir sıra dövlət orqanları ilə birgə həyata keçirməli olduğu tədbirlər də əksini tapıb. Tədbirlər uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlərin gücləndirilməsi; müxtəlif yaşlı uşaqların Azərbaycan dili biliklərini inkişaf etdirəcək müasir vasitələrlə (jurnallar, kitablar, televiziya verilişləri və s.) təmin edilməsi üçün tədbirlər görülməsi, uşaqlarda düzgün nitq vərdişlərinin və bacarıqlarının formalaşdırılması məqsədilə müvafiq tövsiyələr hazırlanması; uşaq teatrının və uşaqların ədəbi-bədii yaradıcılığının inkişafı istiqamətində tədbirlərin genişləndirilməsi; mərkəzi kitabxanaların, kitabxana fondlarının uşaq ədəbiyyatı və uşaqlar üçün nəzərdə tutulan müxtəlif informasiya resursları ilə komplektləşdirilməsi və kitabxanaların sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar üçün xüsusi kitabxana texnikası və nəşriyyat məhsulları ilə (Brayl əlifbası, audiokitab və s.) təchiz edilməsini əhatə edir. Bundan əlavə, uşaqların asudə vaxtının səmərəli təşkili, uşaq istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi; uşaqlar (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların maraqları nəzərə alınmaqla) üçün teleradio məhsullarının, xüsusilə cizgi filmlərinin, uşaq mahnılarının, uşaq tamaşalarının və maarifləndirici sosial çarxların hazırlanmasına dair dövlət sifarişlərinin verilməsi kimi məsələlər də tədbirlər planında yer alıb.
Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəbləri, teatr, muzey və kitabxanalar, mədəniyyət evləri və s. mütəmadi olaraq mövzu üzrə müxtəlif layihələr həyata keçirirlər. Layihələr uşaqların asudə vaxtının səmərəli təşkilinə xidmət etməklə yanaşı, onların zərərli vərdişlərdən uzaq olmasına, zərərli informasiyalardan qorunmasına öz töhfəsini verir. Çünki təşkil edilən tədbirlər maarifləndirici, yaradıcılığı təşviq etməklə yanaşı, uşaqlara estetik zövq aşılayır, onların yaşına uyğun faydalı informasiyalardan yararlanmasına imkan verir.
Məlum olduğu kimi, 2020-ci ilin mart ayından pandemiya səbəbindən Azərbaycanda, bir sıra sahələr kimi, mədəniyyət sahəsində də fəaliyyət məhdudlaşıb. Mədəniyyət müəssisələri daha çox onlayn rejimdə çalışır, virtual layihələr həyata keçirirlər. Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə qarşıya qoyulan vəzifələrin icrasında müəyyən problemlər olsa da, müxtəlif virtual layihələr icra olunub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Dövlət Kukla Teatrı virtual formatda tamaşalar təqdim ediblər. Gənc Tamaşaçılar Teatrının repertuarında olan “Ağ ölüm” tamaşası narkotik vasitələrin insanlıq üçün ağır nəticələrinə həsr edilib. Bu tamaşanın uzun müddətdir repertuarda olması məhz uşaqların zərərli vərdişlərdən uzaq olması üçün təbliğat-təşviqat vasitəsi kimi hesablanıb. Dövlət Kukla Teatrının “Ağ və Qara” tamaşası, “Ağ babanın nağılı”, “Zəng” və bu qəbildən digər tamaşaları da bəşəri bəlaya – narkomaniya fəlakətinə həsr olunub.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası, eləcə də paytaxt rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) mərkəzi kitabxanaları və filialları Azərbaycan dilinin saflığının qorunması və xalq yaradıcılığının təbliği ilə əlaqədar onlayn nağıl axşamları, yazıçılarla görüşlər və s. tədbirlər təşkil ediblər. Bu layihələrin əksəriyyəti karantin məhdudiyyətləri səbəbindən virtual formatda, sosial şəbəkələr üzərindən təqdim olunub və maraqla qarşılanıb.
Uşaqların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması məqsədilə Respublika Uşaq Kitabxanasının təqdim etdiyi ölkəşünaslıq və milli ədəbiyyat nümunələrinin virtual təqdimatı, habelə bir sıra kitabxanalarda həyata keçirilən “İbrətamiz hekayələr axşamı”, “Milli Qəhrəmanlarımızı tanıyaq”, “Kitabxanaçı tövsiyə edir” layihələri də məhz uşaqlara dair Strategiyanın icrası istiqamətində atılan addımlardır.
Milli Xalça Muzeyi qeyri-maddi mədəni irs nümunələrimizi gənc nəsillər arasında təbliğ etmək məqsədilə rəngarəng layihələr həyata keçirir. Muzeyin Uşaq şöbəsi təhsil müəssisələri, uşaq təşkilatları ilə sıx əməkdaşlıq edir. Uşaqlar muzeyin ekspozisiyası ilə tanış olur, dekorativ-tətbiqi sənət üzrə birgünlük və ya aylıq ustad dərslərinə qatılır, xalça toxumağı, tikmə sənətini, rəsm çəkməyi, dekorativ oyuncaqlar düzəltməyi öyrənir, habelə kukla tamaşalarını izləyir və nağıllar dinləyirlər. Bütün bunlar uşaqlarda xalqımızın milli dəyərləri, çoxəsrlik ənənələri, həyat tərzi ilə bağlı təsəvvür yaradır, onların muzeylərə marağını artırır, mənəvi inkişafına müsbət təsir edir. Bu mənada milli geyimlərimizin tikilməsi və təbliği məqsədilə həyata keçirilən “Nənəmin sandığından yaranmış “Fashion Show” təhsil proqramı da Milli Xalça Muzeyinin maraqlı layihələrindən biridir. Bu ilin 1 mart – 1 iyun tarixini əhatə edən proqrama 10-18 yaş arası uşaqlar qatılıb. Üç ay müddətində muzeyin Uşaq şöbəsinin mütəxəssisləri tərəfindən onlara milli geyimlərimiz, onların tarixi, tikmə sənəti, eskizlərin işlənməsi, parçalardan istifadə qaydaları, məmulatın tikilmə üslubu haqqında nəzəri və praktik dərslər keçilib. Layihənin sonunda proqramı uğurla başa vuran uşaqlara sertifikatlar təqdim olunub. Onların əl işləri olan 14 geyim nümunəsindən ibarət moda nümayişi keçirilib.
Bundan əlavə, görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin mənzil-muzeylərində pandemiyadan əvvəl məktəblilərlə təşkil edilən görüşlərin karantin şəraitində onlayn formatda davam etdirilməsi bu sahədə fəaliyyətin davamlılığını göstərir. Muzey və sərgi salonlarının fəaliyyətinin bərpa olunmasından sonra Milli İncəsənət Muzeyi və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin uşaqlarla bağlı müxtəlif layihələri, o cümlədən rəsm gecələri, ustad dərsləri və s. gerçəkləşib.
Onu da qeyd edək ki, həyata keçirilən bir sıra layihələrdə ölkəmizin tarixi-mədəni zənginlikləri, ədəbiyyatı, təbiəti və s. sahələrin təbliği diqqət mərkəzində saxlanılır. Məsələn, Respublika Uşaq Kitabxanasının “Qarabağın zəngin irsini – gələcək nəsillərə” layihəsi, H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin “Uşaqların gözü ilə dünya” adlı konserti, Mədəniyyət Nazirliyinin də təşkilatçılardan olduğu “Üç alov” uşaq və gənclərin onlayn II beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində “Gənc musiqiçilər və qiraətçilər muzeydə” adlı tədbir, “Azərbaycanım” uşaq rəsm festivalı və festival çərçivəsində təşkil olunan müsabiqələr, plenerlər, uşaqların da təmsil olunduğu vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi və digər layihələr yeni nəsillərin hərtərəfli inkişafına stimul verən diqqətəlayiq işlərdir.
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən müəssisələr də Uşaqlara dair Strategiya üzrə Fəaliyyət planında qeyd olunan müddəalar çərçivəsində sərgilər, müsabiqələr, təqdimatlar həyata keçirirlər. Ümid edirik, pandemiya vəziyyəti tam aradan qalxdıqdan sonra bu yöndə tədbirlər davamlı şəkildə, həm də uşaqların özlərinin geniş iştirakı ilə gerçəkləşəcək.
Lalə AZƏRİ