Baş leytenant Mahmud Məlikov ölüm ayağında da yaralı əsgərini qorumağa çalışırdı...

 

44 günlük Vətən müharibəsi Azərbaycan zabitlərinin öz əsgərlərinə gerçək qəhrəman örnəyi olduqlarını göstərdi. Əsgərlərinin önündə gedərək onları daha mübariz olmağa həvəsləndirən belə cəsur zabitlərdən biri də şəhid baş leytenant Mahmud Məlikovdur.

Mahmud Təhmasib oğlu Məlikov 1994-cü il aprelin 3-də Neftçala rayonunun Xolqaraqaşlı kəndində anadan olub. 2000-ci ildə Qismət Nuraliyev adına Xolqaraqaşlı kənd tam orta məktəbinin birinci sinfinə gedib. Təbiətcə çox sakit olan Mahmud orta məktəbdə oxuduğu vaxtdan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmağı arzulayırdı. 2011-ci ildə orta məktəbi bitirib arzusuna çatır. Ali hərbi məktəbə qəbul olunur. O, kursant kimi təlim-tədrisə böyük məsuliyyətlə yanaşır. Hərb sənətinin sirlərini dərindən yiyələnir.

2015-ci ildə Ali Hərbi Məktəbi müvəffəqiyyətlə başa vuran Mahmud Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin ön cəbhədəki bölməsində taqım komandiri kimi xidmətə başlayır. 2017-ci ildən isə Beyləqan rayonundakı N saylı hərbi hissədə bölük komandiri kimi xidmətini davam etdirir. Xidməti dövründə nizam-intizamına görə təşəkkürnamə, həmçinin 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illik yubiley medalı ilə təltif edilir. 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısının alınmasında fəal iştirak edir.

Sentyabrın 27-də Vətən müharibəsi başlananda baş leytenant Mahmud Məlikov da silahdaşları ilə birlikdə ön cəbhədə döyüşlərə atılır. Füzuli rayonu istiqamətində düşmənin çoxlu sayda canlı qüvvəsini və 8 tankını məhv edirlər. Rayon ərazisində Üçtəpə adlanan yüksəklik Mahmudun komandiri olduğu bölük tərəfindən mənfur düşməndən azad edilir. Oktyabrın 29-da Füzuli rayonu Qaraxanbəyli kəndi uğrunda döyüşlər zamanı cəsur zabit düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. 

Şəhidin bacısı Arzu Nəcəfova deyir ki, evin tək oğlu olan Mahmud kiçik yaşlarından ağıllı, sakit və çalışqanlığı ilə seçilib: “Dərslərinə hər zaman məsuliyyətlə yanaşardı. Məqsədi ali məktəbə qəbul olmaq idi. Həmçinin boş vaxtlarında futbol oynamağı çox sevirdi. Mahmudgilin futbol oynadığı meydança evimizin qarşısındakı qəbiristanlığın yanındadır. İndi qardaşım həmin qəbiristanlıqda uyuyur...”.

Şəhidin komandiri olmuş kapitan Amil Mirzəyev Mahmudun onun bölüyündə taqıma rəhbərlik etdiyini bildirir: “Sonradan intizamına, savadına, yaxşı nailiyyətlərinə görə bölük komandiri vəzifəsinə təyin etdilər. Mahmud şəxsi heyətin qayğısına qalan, dayağında duran bir komandir idi. Döyüşlər başlayan ilk gündən yanımda oldu. Cəsarəti bütün şəxsi heyəti döyüşə ruhlandırırdı. Hər dəfə qabaqda gedirdi ki, şəxsi heyət çəkinmədən arxasınca gəlsin. Hər dəfə ehtiyatlı ol sözümə belə cavab verirdi: “Komandir, gör nə qədər qardaşımız şəhid olub, biz bunu etməsək, onların ruhu bizi bağışlamaz. Dayana bilmərik, ancaq irəli getməliyik”. Sonuncu döyüşdə də yenə birlikdə olduq. Düşmənin səngərinə girdik, bir neçə düşməni məhv etdik. Digər səngərdən düşmən Mahmudu vurdu. Yaralı olsa da, yanındakı xəsarət almış əsgərini qorumağa çalışırdı. O, əsl qəhrəman idi”.

Mahmud Məlikov oktyabrın 29-da doğulub boya-başa çatdığı Xolqaraqaşlı kəndində dəfn olunub.

Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun.

NURƏDDİN