Azərbaycan
10 iyul 1899 – Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1899-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndində anadan olub.
10 iyul 1909 – Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Mustafa oğlu Bədəlov (1909 – 2.11.1997) Şəkidə anadan olub. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarındandır.
10 iyul 1924 – Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924 – 12.9.1979) anadan olub.
10 iyul 1930 – Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 – 17.4.2009) Cəbrayıl şəhərində doğulub. “Pillələr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Axirət sevdası” və s. kitabların müəllifidir. Əsərləri xarici dillərə tərcümə edilib.
10 iyul 1937 – Əməkdar incəsənət xadimi, şairə, dramaturq Kəmalə Ağa qızı Ağayeva (1937 – 18.7.2019) Naxçıvan şəhərində anadan olub. Mənzum pyesləri (“Məhsəti”, “O, bizim dağların oğludur”, “Göyçək Fatma” və s.) teatrlarda tamaşaya qoyulub.
10 iyul 1949 – Əməkdar artist İbrahim Əsgər oğlu Əliyev (1949 – 26.11.2020) Bakıda anadan olub. Filmlərdə (“Güllələnmə təxirə salınır!”, “Qətl günü”) çəkilib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib.
10 iyul 1953 – Əməkdar incəsənət xadimi Ələkbər Rauf oğlu Kazımovski (1953-2016) anadan olub. 1974-cü ildən Azərbaycan Televiziyasında işləyib, film-tamaşa və sənədli telefilmlərin rejissoru olub.
11 iyul 1926 – Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (1926 – 10.9.2015) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssamı, baş rəssam işləyib, Musiqili Komediya Teatrında tamaşalara səhnə tərtibatı verib
11 iyul 1926 – Tarix elmləri doktoru Şövkət Əzizağa qızı Tağıyeva (1926-2015) anadan olub. Cənubi Azərbaycan və İran tarixinə dair tədqiqatların müəllifidir.
11 iyul 1937 – Əməkdar rəssam Əkrəm Qulam oğlu Həsənzadə (1937 – 22.11.2007) anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumunda çalışıb. Rəssamlar İttifaqının bölmə müdiri olub.
11 iyul 2006 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933 – 2006) vəfat edib. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Ölsəm, bağışla” və s. filmlərə quruluş verib.
12 iyul 1911 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862 – 1911) vəfat edib. Ölümündən sonra şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.
12 iyul 1987 – Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Saraçlı (Hüseyn Qurban oğlu Həsənov; 1916-1987) vəfat edib.
13 iyul 1889 – Maarif və mədəniyyət xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889-1960) Şuşada anadan olub.
13 iyul 1910 – Yazıçı-dramaturq, tərcüməçi Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub.
13 iyul 1926 – Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. “Yolda”, “Xatirələr”, 20 Yanvar mövzusunda “Qatillər” tabloları və s. əsərlərin müəllifidir. 20-dək ölkədə sərgisi keçirilib.
13 iyul 1936 – Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 – 4.5.2004) anadan olub. “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Sizi dünyalar qədər sevirdim” və s. bədii filmlərə quruluş verib.
13 iyul 1946 – Bəstəkar Eldar Səid oğlu Rüstəmov (1946-2010) anadan olub. Romans, süita, oda və s. janrlarda əsərlər, filmlərə musiqilər yazıb.
13 iyul 2001 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (19.8.1912 – 2001) vəfat edib. Ədəbi yaradıcılıqla bərabər rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
Dünya
10 iyul 1871 – Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (17 roman) müəllifidir.
10 iyul 1918 – Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge; 1918 – 23.2.2015) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub) və s.
11 iyul Dünya Əhali Günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.
11 iyul 1892 – Amerika aktyoru, dramaturq, ssenarist, “Oskar” mükafatçısı Tomas Con Mitçell (Thomas John Mitchell; 1892–1962) anadan olub.
12 iyul 1813 – Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard; 1813-1878) anadan olub.
12 iyul 1884 – İtalyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani; 1884-1920) anadan olub. Qadın rəsmlərinin mahir ustası olub.
12 iyul 1904 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Neruda (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto; 1904-1973) anadan olub.
13 iyul 1841 – Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner; 1841-1918) anadan olub.
13 iyul 1923 – SSRİ Xalq artisti Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...”, “Sportloto-82”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) çəkilib.
Hazırladı: Vüqar ORXAN