I yazı
Qədim yaşayış məskənlərindən aşkar olunan tapıntılar, müxtəlif tikinti qalıqları, kurqanlar, qədimi qəbiristanlıqlar, memarlıq baxımdan dəyərli hesab olunan yaşayış, inzibati və ictimai binalar və s. onları yaradan əcdadlarımızın bilikləri, nəyi sevib-sevmədikləri, texniki bacarıqları, dünyagörüşü, inancı haqqında məlumat daşıyırlar. Bu baxımdan maddi mədəni irs həm də xalqın milli pasportu qismində çıxış edə bilir. Belə olan halda maddi mədəni irsin qorunması məsələsi xüsusi aktuallıq qazanır.
Bəs mədəni irs nümunələrinin qorunması dedikdə nə başa düşülür? Tarixən ölkəmizdə mədəni irsin qorunması işi necə təmin olunub? Bu sahə üzrə indiki vəziyyət necədir? Bu kimi suallara silsilə şəklində təqdim edəcəyimiz yazılarla aydınlıq gətirməyə çalışmışıq.
Əvvəlcə qeyd edək ki, mədəni irs nümunələrinin qorunması dedikdə onların zədələnməsi, deformasiyası, dağıdılması, sökülməsi, konfiqurasiyasının pozulması və ya silahlı münaqişələr, iğtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla, istənilən təhlükələr nəticəsində dəyərini itirməsinin qarşısının alınması, mədəni sərvətlərin müəyyən edilməsi, tədqiqi, siyahıya alınması, monitorinqi və istifadəsinə nəzarət edilməsi məqsədilə həyata keçirilən hüquqi, maddi-texniki və təşkilati tədbirlər nəzərdə tutulur.
Mədəni irs nümunələri özü də daşınmaz və daşınar olmaqla iki yerə bölünür.
Daşınar mədəni irsə tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu aid edilir. Daşınmaz mədəni irs nümunələri deyilərkən isə arxeoloji, memarlıq, bağ-park, monumental, xatirə abidələri, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən mədəniyyət, memarlıq, bədii, etnoqrafiya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, məqbərələr, arxeoloji komplekslər, memarlıq ansamblları, dini ocaqlar və etnoparklar başa düşülür.
Məqsədimiz XIX əsrdən müasir dövrümüzə qədər daşınmaz mədəni irsin qorunması işinin təşkilati və hüquqi baxımdan necə təşkil olunmasını varislik kontekstində açmaq olduğundan diqqətimizi bu yönə istiqamətləndirmişik.
Tarixi keçmişimizə nəzər saldıqda görürük ki, XIX əsrdə ölkəmizdəki tarix və mədəniyyət abidələri yerli mütəxəssislərlə yanaşı, rus və avropalı arxeoloq, şərqşünas, səyyah, əntiqşünas, həvəskar və digərlərinin diqqətini özünə cəlb edə bilmişdir. Azərbaycan ərazilərinin arxeoloji baxımdan tədqiqinə 1829-cu ildən “Rusiya İmperator Arxeoloji Komissiyası” tərəfindən Aleksandr Yanovskinin Cənubi Qafqaza göndərilməsindən sonra daha ciddi fikir verilməyə başlanmışdır. Bu dövrdə abidələrimizin öyrənilməsində akademik B.Dornun da xüsusi xidmətləri olmuşdur. 1834-cü ildə səyyah Dübua de Manpera Göygöl rayonunda, 1847–1849-cu illərdə V.N.Xanıkov Bərdə, Dərbənd, Naxçıvan ərazisində, 1862-ci ildə fransalı şərqşünas səyyah A.Berje Muğan düzündə, 1884-cü ildə Krome, 1888–1889-cu illərdə isə V.Belk Virxovla birlikdə Gədəbəydə Simenslərin mis zavodunun ərazisində, 1880–1890-cı illərdə Moskva Arxeoloji Cəmiyyətinin tapşırığı ilə A.İvanovski və Şuşa realnı məktəbinin alman dili müəllimi Emil Resler Azərbaycanın qərbində, 1890-cı ildə fransalı arxeoloq Jak de Morqan Lənkəran zonasında müəyyən arxeoloji tədqiqat işləri aparmışlar.
Göründüyü kimi, rus arxeoloqlarla yanaşı, Avropadan da mütəxəssislər maddi mədəniyyət abidələrimizə maraq göstərmişdir. Lakin sonuncular bu sahədə görülən işləri əsasən həvəskar formada həyata keçirmiş və başlıca məqsədləri qiymətli əşyalar əldə etmək olmuşdur.
XIX əsrin əvvəllərindən kortəbii və qeyri-peşəkar formada aparılan işlər 1871-ci ilin oktyabrında Tiflis şəhərində Qafqaz Arxeoloji Komitəsinin, 1873-cü ildə isə Qafqaz Arxeologiyası Həvəskarları Cəmiyyətinin təşkil edilməsi ilə yeni mərhələyə qədəm qoymuş, Qafqazın, o cümlədən də Azərbaycanın Qafqaz Arxeologiya Cəmiyyətinin nəzarəti altında öyrənilməsinə başlanılmışdır. 1901-ci ildə Tiflisdə Moskva Arxeoloji Cəmiyyətinin Qafqaz şöbəsinin təsis edilməsi də bu sahədə görülən işlərə öz müsbət töhfəsini vermişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər bir sıra arxeoloji qazıntı və kəşfiyyat xarakterli ilkin tədqiqat işləri aparılmışdır. Akademik V.V.Bartold Bakıda (1904), V.Ter-Qukasov (1908–1920-ci illərdə) Gəncəçay ərazisində və Quşçu kəndi yaxınlığında, S.V.Ter-Avetisyan Pir Hüseyn xanəgahında (1907) və Xaraba Gilan şəhər yeri ərazisində (1913), Y.Lalayan Qədim Qəbələ şəhər yeri xarabalıqlarında (1915) və s.) araşdırma həyata keçiriblər. XX əsrin əvvəllərində aparılan araşdırmalarda əsas diqqət arxeoloji abidələrə verilsə də, sistemli və ardıcıl xarakter daşımamış, bir sıra hallarda, əsasən də yuxarıda adıçəkilən erməni əsilli “mütəxəssis”lər çöl tədqiqatları nəticəsində əldə olunan qiymətli materialları talan edərək xaricə daşımışlar.
Cümhuriyyət dövründə milli ruhun və milli ideyaların güclənməsi nəticəsində milli mədəniyyətin təbliği və tədqiqinə, həmçinin mədəni irsin qorunmasına diqqət artmışdır. Qeyd olunan sahələrin hər biri üzrə təşkil olunmuş işlər peşəkar səviyyədə aparılmış, bu istiqamətdə ardıcıl siyasət yürüdülməsi ilə yanaşı, ictimai təşkilatların imkanlarından da istifadə edilmişdir. Belə ki, 1918-ci ildə Azərbaycanın müxtəlif tipli arxeoloji abidələrini öyrənmək, xalqın mədəni sərvətinin talan edilib xaricə aparılmasının qarşısını almaq məqsədilə Bakıda Arxeologiya Cəmiyyəti yaradılmış, 1919-cu ildə Azərbaycanın tarixi irsini toplamaq və qorumaq üçün yerli diyarşünaslar və şərqşünaslar Şərqin arxeologiyası və tarixinin həvəskarları dərnəyini təşkil etmişlər. Həmin ilin dekabrında isə dərnəyin üzvləri Bakı Universiteti (indiki BDU) nəzdində Müsəlman Şərqini Öyrənən Cəmiyyət yaratmışlar. Bu qurum Cənubi Qafqazın arxeoloji baxımdan öyrənilməsini, Şabran şəhərinin xarabalıqlarının axtarılmasını, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin qəbirüstü abidəsinin tədqiqini, Bakı ətrafındakı tarixi abidələrin öyrənilməsini ön plana çəkmişdi. Cəmiyyət Orta əsr şəhərlərinin tədqiqinə də xüsusi əhəmiyyət verirdi.
1919-cu ildə Bakı şəhərinin baş memarı (1908-1922) olmuş Zivərbəy Əhmədbəyov Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi və Şamaxının bərpası üçün “Yeni Şirvan” cəmiyyətini (o, hələ 1917-ci ildə Ömər bəy Abuyevlə birgə “İslam incəsənəti abidələrini sevənlər və qoruyanlar cəmiyyəti”ni yaratmışdı) təsis etmişdir. Bundan başqa, Cümhuriyyət hökumətinin 31 avqust 1918-ci il tarixli qərarı ilə Xarici İşlər Nazirliyi yanında yaradılan Fövqəladə Təhqiqat Komissiyası yalnız erməni-bolşevik terror dəstələrinin 1918-ci ilin mart ayında xalqımıza qarşı həyata keçirdiyi soyqırımı faktları ilə bağlı materialların toplanması ilə kifayətlənməmiş, həmçinin Azərbaycan xalqının tarixi keçmişi ilə bağlı olan maddi mədəniyyət nümunələrinin siyahıya alınması, onların öyrənilməsi və bərpası istiqamətində fəaliyyət göstərməyi də vacib hesab etmişdir. Bu baxımdan sözügedən komissiyanın üzvü Məhəmməd bəy Ağayevin 24 yanvar 1920-ci ildə daxili işlər nazirinə ünvanladığı tarixi məktub olduqca qiymətli sənədli faktdır. Burada o, bir sıra mühüm məsələlərə toxunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Maarif Nazirliyi yanında Arxeologiya şöbəsinin yaradılması təklifini irəli sürmüşdü. Lakin 1920-ci ilin 28 aprelində Cümhuriyyətin süquta uğradılması və ölkəmizin işğalı ilk respublikamızın qarşıya qoyduğu vəzifələri gerçəkləşdirməsinə imkan vermədi.
Seyran QULİYEV
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin baş məsləhətçisi, BDU-nun doktorantı