XIX əsrdə klassik poeziya ənənələrini yaradıcı şəkildə davam etdirən söz sənətkarlarımızdan biri də Seyid Əzim Şirvanidir. Şair Məhəmməd Füzuli, Saib Təbrizi ənənələrinin layiqli davamçısı kimi tanınıb. Görkəmli şair incə ruhlu, lirik, satirik, əxlaqi-tərbiyəvi məzmunlu əsərlər qələmə alıb, geniş maarifçilik işi aparıb.
Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə 9 iyul 1835-ci ildə Şamaxı şəhərində ruhani ailəsində dünyaya göz açıb. 7 yaşında atası vəfat edir, anası ilə Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseynin yanına gedirlər. Əzim babasının himayəsində böyüyür, onun təlim-tərbiyəsinə diqqət yetirilir. Əzim Dağıstanda 10 il qalır və təhsilini də burada alır. Fars və ərəb dillərini də dərindən öyrənir. Araşdırmalardan məlum olur ki, o, bu müddət ərzində Dağıstanda bir neçə yerli xalqın da dilini mənimsəyir. Seyid Əzim həm də ədəbiyyata maraq göstərir, klassik şairlərin əsərlərini mütaliə edir. Özü də şeirlər yazmağa başlayır.
Seyid Əzim 1853-cü ildə, 18 yaşında anası Gülsüm xanımla Şamaxıya qayıdır. Məşədi Mövsümün qızı Ceyran xanımla ailə qurur. İki il sonra təhsilini artırmaq üçün İraqa gedir. Bir neçə il Nəcəf və Bağdad şəhərlərində təhsil aldıqdan sonra Şama (indi Suriyanın paytaxtı Dəməşq şəhəri) gedir. Orada bir müddət qaldıqdan sonra Şamaxıya qayıdır. Sonra yenə səfərə çıxır. Bu dəfə Məkkə və Mədinədən keçir və Qahirə şəhərində olur. O, səfər etdiyi şəhərlərdə təkcə elmini artırmır, eyni zamanda Şərq mühitinə yaxından bələd olur...
1859-cu ildə Şamaxıda güclü zəlzələ baş verir, böyük dağıntı olur. Bu hadisədə Seyid Əzimin ailəsi də zərər çəkir. Bütün bunlara baxmayaraq, o, şəhərdə yeni üsulla “Məclis” adlı məktəb açır. Mollaxanadan fərqli olaraq, bu məktəbdə şagirdlərə ana dili ilə yanaşı, rus və fars dilləri də öyrədilir, dünyəvi elmlərdən ibtidai məlumat verilirdi. Zaqafqaziya Tədris Dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərini yüksək qiymətləndirir, 1886-cı ildə şair gümüş medalla təltif edilir.
Seyid Əzim pedaqoji fəaliyyətlə məhdudlaşmır, eyni zamanda maarifçi və tənqidi-satirik şeirlər də qələmə alır. Şeirlərində mövhumatı, nadanlığı qamçılayır, insanları elmə, təhsilə səsləyir. Şairin mühitdəki problemləri açıb göstərən şeirləri mövhumatçı dindarların kəskin etirazına səbəb olur. “Əkinçi”də dərc etdirdiyi yazılardan sonra yuxarı dairələrdə də onu sevməyənlər, ona düşməncəsinə yanaşanlar çoxalır. Bir müddət sonra S.Ə.Şirvaniyə qarşı şəhər ruhanilərinin dözümsüzlüyü açıq şəkildə özünü göstərir. Digər tərəfdən Şamaxıda dövlət məktəbləri açılır. Bu məktəblərin təsiri nəticəsində get-gedə S.Əzimin məktəbi öz fəaliyyətini dayandırır. Beləliklə, 1879-cu ildə Seyid Əzim hökumət nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində müəllimlikdən kənarlaşdırılır. Vəziyyətin belə alındığını görən şair Tiflis şəhərinə gedir. Qafqaz Maarif İdarəsi rəisinə işdən haqsız çıxarıldığını bildirir. Bəzi maarifpərvər şəxslərin də səyləri nəticəsində sevdiyi peşəsinə qayıda bilir. Şamaxıda yeni açılan şəhər məktəbinə müəllim təyin olunur və ömrünün sonuna qədər Azərbaycan dili və ədəbiyyat dərslərini tədris edir.
S.Ə.Şirvani zəngin bədii irs yadigar qoyub. O, qəzəl, müxəmməs, aşiqanə lirik şeirlər, mənzum hekayə, təmsil, maarifçilik ruhunda əxlaqi-didaktik əsərlər, habelə məqalələr yazıb. O həmçinin İran, Türkiyə, Rusiya və Azərbaycan şairləri haqqında məlumat verən “Təzkirə”nin müəllifi olub. Şair “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” və “Tacül-kütub” (“Kitabların tacı”), “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərsliklər də yazıb. S.Ə.Şirvani “Tacül-kütub” kitabını əlyazma şəklində Qori Müəllimlər Seminariyasının Tatar (Azərbaycan) şöbəsinin müdiri A.O.Çernyayevskiyə göndərib. O da həmin kitabdan bir neçə hekayəni tərtib etdiyi “Vətən dili” kitabında çap etdirib. Seyid Əzim eyni zamanda Şamaxıda fəaliyyət göstərən “Beytüs-Səfa” ədəbi məclisinin rəhbəri olub.
Onu da qeyd edək ki, şairin bədii irsi Azərbaycan və fars dillərində olmaqla iki böyük külliyyatdan (divan) ibarətdir. Yaradıcılığının çox hissəsini qəzəllər təşkil edir. Bunların arasında həyat eşqi, nikbin əhval-ruhiyyə və dini etiqadlar xüsusi yer tutur. Şairin şeirə ruh verən dərin lirikasını məhz onun qəzəllərində görmək olur:
Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.
S.Ə.Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi şeirləri ilə başlayır. Bu zamandan etibarən şairin yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığına keçməsində Azərbaycan milli mətbuatının qaranquşu olan “Əkinçi” qəzeti böyük rol oynayır. Bu qəzet eyni zamanda şairin yaradıcılığına mövzu rəngarəngliyi gətirir. Nəticədə müəllif müasir həyatın tələblərinə uyğun şeirlər qələmə alır. Şair “Əkinçi”də dərc olunan və qəzetin yaradıcısı, böyük maarifçi, pedaqoq Həsən bəy Zərdabiyə müraciətlə başlayan “Qafqaz müsəlmanlarına xitab” şeirində yalançı dərviş, molla və mərsiyəxanların iç üzünü açıb tənqid atəşinə tutur:
Hər vilayətdə var beş-on kəsəbə,
Əlli min seyyidü, axund, tələbə,
Əlli dərviş, əlli mərsiyəxan,
Hamının sözləri tamam yalan.
Hamının fikri xəlqi soymaqdır,
Quru yerdə bu xəlqi qoymaqdır...
Həsən bəyin maarifçi təşəbbüslərini alqışlayan şair həmin şeirdə onu savadlı və xeyirxah bir insan kimi qiymətləndirir. “Əkinçi”də dərc etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa və kömək etməyə çağırır:
Bəs “Əkinçi” cəlalımızdı bizim,
Nasehi-xoşməqalımızdı bizim.
Səy edək, ey güruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat...
Şair gənc nəslin təlim və tərbiyəsini saxta din xadimlərinə tapşırmamağı tövsiyə edib. Onların kəmsavadlığını “Müctəhidin təhsildən qayıtması”, “Alim oğul ilə avam ata” kimi əsərlərində satira atəşinə tutub. “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat” və s. satiraları müəllifi dövrünün realist şairi kimi tanıdıb.
S.Ə.Şirvani yaradıcılığında məhəbbət mövzusu da aparıcı yer tutur. Şair lirik qəzəllərində saf, ülvi məhəbbəti sənətkarlıqla qələmə alıb. Bədii təsvir və ifadə vasitələrindən uğurla bəhrələnərək qəhrəmanın daxili aləmini, hiss və düşüncələrini böyük ustalıqla açmağa müvəffəq olub.
Dövrünün böyük maarifçi şairi Seyid Əzim Şirvani 20 may (yeni təqvimlə 1 iyun) 1888-ci ildə Şamaxı şəhərində vəfat edib, öz vəsiyyətinə əsasən, Şahxəndan qəbiristanlığında dəfn olunub. 2015-ci ildə şairin anadan olmasının 180 illiyi ölkəmizdə geniş şəkildə qeyd edilib.
Savalan FƏRƏCOV