“Caspian Energy Club”un Mədəniyyət və kinematoqrafiya üzrə komitəsi yaradılıb. Komitənin məqsədi ölkə daxilində, eləcə də ölkə hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin və kinematoqrafının inkişafında, təbliğində fəal iştirak etməkdir.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, komitə mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində fəaliyyət göstərən müəssisələrin iqtisadi inkişafı üçün əlverişli şəraitin, rəqabətli bazarın yaradılması və beynəlxalq əlaqələrin qurulması istiqamətində Mədəniyyət Nazirliyi və digər qurumlarla sıx əməkdaşlıq etməyi planlaşdırır.

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Nəriman Məmmədov komitənin sədri seçilib.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan klubun əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasında, həmçinin müxtəlif formatlarda dialoqun stimullaşdırılmasında fəal iştirak etməkdir.

“Caspian Energy Club” bu istiqamətdə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin müxtəlif ölkələrdə səlahiyyətli nümayəndələri var.