F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkəsi üzərindən təqdim etdiyi “Qonağım ol” rubrikasında daha bir görüş keçirilib.

Rubrikanın budəfəki qonağı gənc yazıçı-ssenarist Günel Əsgərova olub.

Virtual görüşdə Günel Əsgərova oxucuların “Siz uşaqlara nağıllarımızda nəyi öyrənməyə və fərqləndirməyə kömək edirsiniz”, “Mükəmməl nağıl danışmaq üçün nələri məsləhət görürsuz”, “Yazacağınız növbəti nağıllarda hansı mövzulara müraciət edəcəksiniz”, “Harri Potter tipli kitablar yazmağı düşünürsünüzmü”, “Sizcə uşaqlar neçə yaşından qorxulu nağıllar oxumalıdır” kimi müxtəlif suallarını cavablandırıb, müəllifi olduğu əsərlərdən parçalar oxuyub.

Gənc yazıçı-ssenarist təhsilin önəmini vurğulayaraq, kitab və mütaliənin insanın mənəviyyatının zənginləşməsində, dünyagörüşünün inkişafında əvəzsiz rolundan söhbət açıb. O, valideynlərə övladlarının həyatda uğur qazanmaları üçün onlara sevdikləri və bacarıqlarının olduğu peşələri seçməkdə yardımçı olmağı tövsiyə edib.

Canlı yayıma qoşulan oxucular maraqlı görüşə  görə Respublika Uşaq Kitabxanasına və  rubrikanın qonağı Günel Əsgərovaya təşəkkür ediblər.