Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin hazırladığı hesabat maraqlı faktlarla zəngindir
   
   Son illər ölkəmizdə turizm sektorunun intensiv inkişafı istiqamətində dövlət və qeyri-hökumət təşkilatları tərəfindən məqsədli iş aparılır. Azərbaycan Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzi də öz tədqiqatları və maraqlı araşdırmaları ilə diqqəti cəlb edir. Bu günlərdə mərkəz Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə apardığı «Azərbaycanın turizm sektoru» adlı araşdırmanın nəticələrini açıqlayıb.
   
   Araşdırmalar nəticəsində Azərbaycanın turizm sektoru ilə bağlı çox maraqlı nəticələr əldə edilib. Hesabatda ölkəmizdə turizm sahəsinin potensialı, idarə olunması, problemləri və inkişaf perspektivləri əksini tapıb. Sənəd yerli və xarici ekspertlərin əvvəlki illərdə hazırladıqları hesabatlar, rəsmi məlumatlar və elmi mənbələr əsasında tərtib edilib. Dünya Turizm Təşkilatının, Dünya İqtisadi Forumunun statistikasının, habelə Azərbaycan Dövlət Statistika Komitəsinin rəqəmlərinin öz əksini tapdığı hesabatın hazırlanması zamanı 50-dək mənbədən istifadə olunub. Hesabat müəllifləri Turizm İnstitutunun həyata keçirdiyi 10-dan çox sahə tədqiqatının nəticələrindən də faydalanıblar.
   
   70-80-ci illər sosial turizmin inkişafı ilə səciyyəvi olub
   
   Hesabatda qeyd edilir ki, Azərbaycanda modern turizm fəaliyyətinin tarixi 1908-ci ildən başlayır: «Həmin il Bakıda Krım-Qafqaz dağ klubunun filialı açılıb. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olmağa başlayıb. Sovet dövründə turizm sahəsi özünəməxsus şəkildə inkişaf edib. 1922-ci ildən Bakıda ilk ekskursiya dərnəkləri fəaliyyətə başlayıb və 1929-cu ildən Proletar Turizm və Ekskursiyalar Cəmiyyətinin bölməsi kimi fəaliyyət göstərib. Qurum 1935-ci ildən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin nəzdində fəaliyyətini davam etdirib”.
   Böyük Vətən müharibəsindən (1941-1945) sonra idman, özfəaliyyət, ailəvi və uşaq turizmi vüsət almağa başlayıb. 1950-ci ilin sentyabrında Bakı turist bazası yaradılıb və bir müddət sonra Azərbaycan Turizm Ekskursiyalar İdarəsinə çevrilib. 1970-1987-ci illər ölkədə sosial turizmin perspektiv inkişafı ilə xarakterizə olunur. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilib. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən, respublikada 2000-ci ilə qədərki dövr üçün turizmin inkişaf sxemi qəbul olunub. Bu plan turizm sahəsində ilk və ən uzunmüddətli plan olub. 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xarici Turizm Şurası yaradılıb».
   
   Son 10 ilin zəngin statistikası
   
   Sənəddə son 10 ildə Azərbaycanda turizmin inkişafından geniş bəhs olunur. Bildirilir ki, 1999-cu ildə "Turizm haqqında" Qanun qəbul edilib, 2001-ci ildə Turizm Nazirliyi yaradılıb və həmin ildə Dünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan bu beynəlxalq quruma üzv qəbul olunub: «Bütün bunların nəticəsində isə ölkəyə turist axını ildən-ilə güclənməyə başlayıb. 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı 2007-ci illə müqayisədə 39,4% artaraq, 1,4 mln. nəfər təşkil edib, 2009-cu ilin sonunda ölkədə 230 turizm şirkəti, 370 hotel fəaliyyət göstərib ki, bu da 2007-ci illə müqayisədə 16,9% çox olub, 2009-cu ilin birinci yarısında respublikada 35 yeni mehmanxananın inşası davam edib».
   Aparılan araşdırmaların nəticələrinə görə, 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda, ötən dövr ərzində bu say 4 dəfə artaraq 370-ə çatıb. Həmçinin yerləşdirmə yerlərinin də sayı 3 dəfə artıb: «Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir ki, bu da 2002-ci illə müqayisədə 3 dəfə çoxdur.
   Hesabatda qeyd edilir ki, Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında artıq 7000-dək qorunan obyekt var. Bir sıra tarix və mədəniyyət abidəsinin qorunma sistemləri yaradılıb. Bunlara İçərişəhər, Çıraqqala, Qobustan, Keşişdağ, Xınalıq, Nardaran qalası, Şuşa, Şəki, Lahıc, Zaqatala, Basqal, Gəncə, Qazağın «Avey», Qəbələ, İlisu, Ordubadın «Gəmiqaya», Şərurun «Arpaçay», Ordubad, Culfanın «Gülüstan», «Şabran şəhəri», Hacıqabulun «Pir Hüseyn Xanəgahı» və s. dövlət mədəniyyət, etnoqrafiya qoruqlarını misal gətirmək olar.
   
   Milli mətbəximizin turizmdə yeri
   
   Sənəddə qeyd olunur ki, Azərbaycanın geniş və əvəzolunmaz milli mətbəxinin turizm sektorundakı yerindən də söz açılır. Ölkəmizin milli mətbəxinin nümunələrinin - yüksək kalorili ət yeməklərindən balıq yeməklərinədək, vegeterian tələblərə uyğun göyərti və tərəvəzdən hazırlanan təamların turistlər tərəfindən yüksək qiymətləndirildiyi vurğulanır: “Mineral sular, regionlarımızda hazırlanan yerli şərablar, turşular və şirniyyatlar da turistlərin diqqətini cəlb edən amillərdəndir. Azərbaycan insanının xarakterik xüsusiyyətləri arasında yer alan qonaqpərvərlik və tolerantlıq turizm üçün mühüm fürsətdir».
   Turizm sektorunun əhəmiyyətinə gəldikdə isə bildirilir ki, turizm qeyri-neft sektorunda ən ümidverici sənaye sahəsidir ki, bu da Azərbaycanda getdikcə daha sürətli inkişaf edir: «Turizm həm gəlir gətirir, həm də iqtisadiyyatda katalizator effektinə malikdir. Çünki turizm iqtisadiyyatın ən dinamik və sürətlə inkişaf edən sahələrindən biridir. Dünyada ümumi daxili məhsulun 6 %-ni təşkil edir. Eyni zamanda dünya investisiyalarının 7 %-i, dünya istehlakçı xərcləmələrinin 11 %-i turizmin payına düşür. Azərbaycanda turizm siyasəti, hüquqi-normativ aktların qəbul edilməsi və ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması turizmin əhəmiyyətini kəsb edən məsələdir. Turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, bu sahədə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində işlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir».
   
   Beynəlxalq miqyasda Azərbaycanın turizm potensialının tanınması
   
   Sənəddə o da qeyd edilib ki, son illər turizm haqqında bir sıra hüquqi aktlar qəbul olunub, qorunan ərazilər və abidələr haqqında qərar və sərəncamlar, lisenziya fəaliyyətinin normallaşdırılması, hotellərin təsnifatlaşdırılması və ulduzvermə fəaliyyəti sahəsində böyük işlər görülüb. Azərbaycan hökuməti ilə Moldova, Belarus, Qətər, Yunanıstan, Qazaxıstan, Pakistan, İordaniya, Fransa, Tacikistan, Misir və Litva arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanıb, 26 ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanıb.
   Bundan başqa, ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Turizm Şurası, GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq və regional təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi də bu istiqamətdə görülən işlərin sırasına aiddir.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə son beş il ərzində ölkənin turizm imkanlarını əks etdirən qırxdan çox reklam-çap məhsulları hazırlanıb.
   
   Turizm marşrutlarının təbliği
   
   Sənəddə qeyd edilir ki, ölkəmizə gələn turistlərin sayının artmasının birinci səbəbi xarici ölkələrdə təbliğat işinin mütəşəkkil və geniş şəkildə qurulmasından asılıdır. Son illər bu sahədə də mühüm irəliləyişlər var. «İpək Yolu», «Babaların tarixi zəfər və şəhadət yolu», «Şərab yolları», «Aleksandr Düma Qafqazda», «Azərbaycanda alman yaşayış məskənləri», «Siemenslər Gədəbəydə» beynəlxalq turizm marşrutlarının yaradılması turistlərin ölkəmizə marağını artırıb.
   Bundan əlavə, ölkədə 5 ulduzlu hotellərinin durmadan artması və biznes sərgilərin dəstəklənməsi, istirahət və əyləncə turizmi, turizm-rekreasiya zonaları ilə bağlı aparılan işlər, ölkədə dini turizm potensialının mövcudluğu, Şahdağ yay və qış turizm kompleksinin tikintisi bu sahədə daha böyük imkanlardan xəbər verir.
   Turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi məqsədilə 230 turizm şirkətinin, 370 hotelin və 123 turizm müəssisəsinin lisenziya əsasında fəaliyyət göstərdiyinin qeyd edildiyi sənəddə həmçinin bildirilir ki, turist cəlb olunmasında mühüm amillərdən bir də keyfiyyət, münasib qiymət, təhlükəsizlikdir.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar