F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Nəsimi rayon Gənclər və İdman idarəsi, Azərbaycan İstiqlal Muzeyinin təşəbbüsü  və birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin (12-14 iyul 2020-ci il) ildönümünə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” adlı onlayn tədbir keçirilib.

Tovuz döyüşləri 2020-ci ilin 44 günlük Vətən müharibəsinin müqəddiməsi idi. Bu döyüşlərdə hərbçilərimizin göstərdiyi igidlik vətənpərvərlik hissinin, Vətənə, torpağa olan sevgisinin yenidən dirçəlməsinə səbəb oldu və böyük Zəfərə olan yolumuzu aydınlatdı. 

Tədbiri Azərbaycan İstiqlal muzeyinin Elmi kütləvi işlər şöbəsinin müdiri Əskərova Şövkət açıb.

Tovuz döyüşləri şəhidlərindən Azərbaycan Ordusunun giziri Yaşar Babayevin bacısı Aynurə Babayeva, əsgər Elşad Məmmədovun bacısı Məhbubə Məmmədova, həyat yoldaşı Qönçə Məmmədova, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu, əsgər Elçin Mustafazadənin qardaşı Elvin Mustafazadə, çavuş Vüqar Sadıqovun anası Zeynad Sadıqova, mayor Anar Novruzovun bacısı qızı Könül Qəmbərli, Tovuz döyüşləri ərəfəsində mərmi partlayışı zamanı həlak olan mülki vətəndaş, rayonun Ağdam kənd sakini Əziz Əzizovun qızı Zərnişan Əzizova və Tovuz döyüşlərinin şahidi, rayon sakini Vüqar Quluyev çıxış ediblər.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Nəsimi rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Tağıyev də Tovuz hadisələri ilə bağlı fikirlərini bölüşüb, bütün şəhidlərimizi böyük fəxr hissi ilə anaraq, bu cür tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıblar.

“Zoom” platforması üzərindən keçirilən onlayn tədbirə  “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri, idman könüllüləri, Lənkəran Heydər Əliyev Mərkəzinin əməkdaşları, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagird heyəti də qoşulub.