Aşıq Ələsgər (1821-1926) Azərbaycan aşıq sənətində Dədə Ələsgər kimi də tanınmaqdadır. Onun Dədə, haqq aşığı olaraq belə yüksək titullarla tanınması sənətkarın kamil ustadlığının göstəricisidir.

“İstəsən ki, Ələsgəri görəsən, Göyçə mahalımdı, mahalım mənim” – yazan ustad Göyçə mahalının Ağkilsə kəndində Alməmmədin ailəsində doğulmuş, uşaq yaşlarından Kərbəlayı Qurban adlı bir var əhlinin nökəri olmuşdur. Elə nökərçilik illərində könül dolusu, dəli sevdayla aşiq olsa da, sevgi kamına çatmayan Ələsgər sözdən-şeirdən kam almağa üz tutmuşdur. Bəlkə də sevgisiylə baş-başa ola bilmədiyindən Tanrıdan əvəzində yeniyetmə Ələsgərə saza-sözə tuş olmaq taleyi yazılıbmış.

Saz-söz arifinin bir də bəxti onda verib ki, o, Aşıq Alı kimi sanballı ustad aşığa tuş gəlmişdir. Məhz özünün təkrarsız ifaçılığa malik olması və Aşıq Alının yanında bu ulu sənəti dərindən mənimsəməsi onu zaman keçdikcə Dədə Ələsgər səviyyəsinə qaldırmışdır. Aşıq Ələsgərin Dədə Ələsgərliyi onun bu sənətə sadəcə çalıb-oxumaq kimi yox, “pürkamal, mərifət elmi” kimi dəyər verməsindən və bunu əməlində də göstərməsindən bilinirdi:

Aşıq olub diyar-diyar gəzənin,
Əvvəl, başda pürkamalı gərəkdir.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir.

Aşıq Ələsgər nədən hər sənətkara deyilməyən Dədə aşıqdır? Əvvəla, o, ustadı Aşıq Alının etimadını, həyatın insanlıq görkünü qazanmışdı. Ələsgər “Bir şəyird ki, ustadına kəm baxa, Onun gözlərinə ağ damar, damar” deyərək ustadlığın uca mərtəbəsini dolğunluqla əks etdirir. O, əvvəlki ustadların sənət cərgəsində sinədəftər, bədahətən söz qoşan, saz-söz dəryası, poetik zənginliyi ilə də özünə layiqli yer tutduğuna, sənət boğçasını yeniliklərlə zənginləşdirdiyinə görə Dədə sənətkardır. O, sevgidə kam görmədən yaşamağı, yanmağı bacardığı kimi, sözü ilə yandırmağı da bacaran, sevgiyə söz qoşmağı ilə bərabər, sözə də sevgi gətirən məhəbbət aşığıdır. “Üzü ondan dönsə” də, “yar yanında günahkar” olsa da, “qadasın alan” aşiqdir:

Səhər-səhər bağda gəzən nazənin,
Dəstinlə qönçəni üz, qadan alım.
Süsəndən, sünbüldən, lalə, nərgizdən,
Siyah tellərinə düz, qadan alım.

O, bir söz sərrafı, söz vaqifi idi. Təbiəti qəlbən duyan, onun özünəməxsusluğunu böyük həssaslıqla oxucuya, dinləyicilərə duyuran sənətkarın bu mövzuda şeirləri maraqlıdır. Aşıq Ələsgərin dədəlik yazı-yozu fəhmində yaylaq seyrəngah kimi gözəlləşir, dağ təpəsindəki qar xəstə üçün dərmana çevrilir:

Axşam-sabah, çeşmə, sənin başına,
Bilirsənmi necə canlar dolanır?
Büllur buxaq, almayanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır...

Aşıq Ələsgər səmimiyyəti, həssaslığı, böyük ürəyi, qayğıkeşliyi, təəssübkeşliyi, yurdsevərliyi ilə seçilən sənətkardır. O, yaxşılığı və yamanlığı aydın sezən, yeri düşdükcə aydınladan ozandır:

Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
Çor deməyin nəfi nədir dünyada?
Abad könlü yıxar, pərişan eylər...

Kamil ustaddan dərs alan sənətkarın özü də ustad olaraq neçə-neçə şəyirdinə ulu ozan-aşıq dünyasının sirlərini öyrətmişdir. Aşıq Alıdan qazandığı təcrübəni zaman-zaman cilalayan Dədə Ələsgər Aşıq Nəcəf, Aşıq Qurban, Aşıq Yusif, Aşıq Ağayar, Aşıq Əsəd, Aşıq Qiyas və başqalarını sənətkar kimi yetişdirmiş, bu sənətin yaşamasına öz töhfəsini vermişdir. Bunu o, “Adım Ələsgərdi, mərdi-mərdana, On iki şəyirdim işlər hər yana” deməklə də təsdiq etmişdir.

Böyük sənətkar ömrünün son vaxtlarında ailədaxili faciələrlə üzləşərək sıxıntılı, əzablı həyat sürmüşdür. Eyni zamanda 1918-ci ildə ermənilərin digər yaşayış məskənlərimiz kimi Göyçə mahalını da viran qoymaları hamı kimi Aşıq Ələsgəri də köçkün həyatı yaşamağa məcbur etmişdir. O, əvvəlcə Kəlbəcərin Yanşaq kəndində yaşamış, sonra Tərtərə köçərək bir müddət burada qalmalı olmuşdur. Sovet hökuməti qurulandan sonra Ələsgər yenidən doğma yurduna qayıtmışdır.

1980-ci illərin sonlarında erməni şovinizmi yenidən baş qaldıranda Ermənistan (Qərbi Azərbaycan) ərazisində öz ata-baba yurdlarında yaşayan soydaşlarımız el-obasından didərgin salınır. Bədnam ermənilər xalqımızın maddi mədəni irsini yerlə yeksan edir, böyük sənətkarın ocağı, qəbirüstü abidəsi də bu vandalizmin qurbanına çevrilir.

Azərbaycan ədəbiyyatının zənginliyi yazılı və şifahi sözün qoşa qanad kimi birgəliyindən ibarətdir. Bu birgəlikdə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Alı kimi böyük ustadlar kimi Aşıq Ələsgər də el sənətkarı olaraq ellə, yurdla birgə şənlənib qəmlənmişdir. O, məhz bu sadəliyi ilə alilik qazanmışdır.

Dədə Ələsgər aşıq şeirinin bütün biçimlərində yaddaqalan, diqqətçəkən, müdrik kəlamlı nümunələr yaratmışdır. Aşıq-şairin dilinin rəvanlığı, oynaqlığı, sözlərinin musiqi köklü olması bəstəkarlarımızın da diqqətini çəkmişdir. Bir sıra bəstəkarlar şeirləri əsasında çoxsaylı mahnılar yazmışlar və bu nəğmələri tanınmış  müğənnilərimiz ifa etmişlər. Aşıq Ələsgər aşıq sənətinin, sazın-sözün dədəlik nümunəsidir. O özündən əvvəlki və sonrakı klassikləri bir araya gətirən, birləşdirən sənət körpüsüdür. Məhz o körpüdə aşıq sənətinin dünənini, bu gününü və sabahını görmək mümkündür. Aşıq Ələsgərin zəngin irsi sözlə incəsənətin birliyinin təcəssümüdür. Ustadlar ustadı dil olaraq türklüyün, din olaraq İslamın görküdür.

Aşıq Ələsgər yazan-yozan ustad olaraq bütün zamanlarda insanların diqqətində qalacaq ozandır...

Etibar ƏLİYEV
Gədəbəy Aşıq Məktəbinin direktoru, Azərbaycan Aşıqlar Birliyinin üzvü