Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) “Mədəniyyətimiz-tariximiz” layihəsi çərçivəsində görkəmli yazıçı-dramaturq, publisist, teatr xadimi, pedaqoq Əbdürrəhim bəy Haqverdiyevə (1870-1933) həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə ittifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov açaraq Əbdürrəhim bəy Haqverdiyevin ömür yolu və milli mədəniyyətimizə bəxş etdiyi dəyərli sənət inciləri barədə danışıb.

Bildirib ki, dövlət başçısı 2020-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Təəssüf ki, mövcud pandemiya şəraitində teatrlarımız böyük ədibin yubileyini layiq olduğu səviyyədə keçirə bilmədi. “Ötən il Haqverdiyevin əsərlərinə yenidən səhnə həyatı verilməsi imkanı olmasa da, onun yaradıcılığı bütün zamanlarda öz aktuallığını qoruyub saxlaya bilib və öz yüksək qiymətini alıb. Əbdürrəhim bəyin adı UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib. Bu, onun yaradıcılığına verilən yüksək qiymətin aydın təzahürüdür”, – deyə Hacı İsmayılov qeyd edib.

Tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Allahverdi Məmmədli Ə.Haqverdiyevin yaradıcılığını ətraflı təhlil edib, Əməkdar artist, rejissor Nicat Kazımov yazıçının əsərlərinin teatr sənətimizin inkişafındakı rolundan və quruluş verdiyi “Pəri cadu” tamaşasından danışıb.

Tədbirdə Haqverdiyevin əsərlərinin səhnə taleyi ilə bağlı foto və videogörüntülər nümayiş olunub.

Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri, ədibin nəticəsi Eldar Məlik Abbas tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.