Xalq artisti Məmməd Səfa: “Bu sənətə gəlməyi qarşıma məqsəd qoymamışam, sadəcə, həyat elə şərait yaradıb ki, gəlib bu sahədə dayanmışam”

Sənət özü əsl sahiblərini seçir, səmtləndirir, ucaldır, sevdirir. Seçilənlər isə sənətin kələ-kötür, çətin yollarını bilik və bacarıqları, istedad və zəhmətləri ilə aydınladır, uğur qazanırlar. Çoxşaxəli yaradıcılığında özünəməxsus dəst-xəttinə görə seçilən, peşəkar təqdimatı ilə sənətsevərlərin sevimlisinə çevrilən teatr, kino aktyoru, Xalq artisti Məmməd Səfa Qasımov da tanınan, sevilən isimlərdəndir. Tanınmış aktyorumuzun ömür payının 61-ci yayını qeyd etməsi (25 iyul) ərəfəsində həyat və sənət düşüncələrini dinlədik.

 

– Məmməd Səfa müəllim, sizə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

– Təşəkkür edirəm.

 

– Yəqin doğum gününüzü dostlarla, doğmalarla qeyd edəcəksiniz...

– Doğum gününü qeyd etməyi sevmirəm, qeyd etmirəm də.

 

– Onda gəlin, adınızın mənasından başlayaq. Niyə məhz Məmməd Səfa?

– Çünki adım Məmməd Səfadır. Bir dəfə atam məndən kinayə ilə soruşdu ki, bala sənin soyadın yoxdu? Dedim var. Dedi görmürəm axı, həmişə yazırlar Məmməd Səfa. Heç Qasımov yazan yoxdu. Dedim, ay kişi, Allah sənə kömək olsun, mənə bu boyda ad vermisən, Məmməd Səfa, yanında Qasımov da yazılanda uzun ad olur. Buna görə sənət həyatımda adım Məmməd Səfa gedir.  

 

– Sənət neçə yaşınızdan sizi ovsunladı?

– Sənəti mənə ədəbiyyat müəllimlərim sevdirib. Ədəbiyyat mənim teatra gəlməyimə səbəb olub. Uşaq vaxtından həmişə ədəbiyyata, teatra, kinoya sevgim olub. Amma heç bir dərnəyə getməmişəm. Bu sənətə gəlməyi də qarşıma məqsəd qoymamışam. Sadəcə olaraq, həyat elə şərait yaradıb, elə istiqamətlərə yönəldib ki, gəlib bu sahədə dayanmışam.

 

– Sənətin sirlərini Bakı Mədəni-Maarif Texnikumunda Əfrasiyab Məmmədovdan, Mədəniyyət və İncəsənət Universitetinin Tədris teatrında isə Vaqif İbrahimoğlundan almısınız. Daha kimləri sənət mayakı hesab edirsiniz?

– İlk sənət müəllimim Əfrasiyab Məmmədov olub. Sonra universitetdə təhsil alarkən sənət müəllimlərim Fuad Hacıyev, Zəminə Hacıyeva, Faiq Zöhrabov, Nəsir Sadıqzadə olub. Ən sonda əsas mayakımız, sənət istiqaməti verənimiz isə Vaqif İbrahimoğlu olub. Vaqif İbrahimoğlu bizi elə doğru yola yönləndirib ki, mən o yoldan heç vaxt çıxa bilmərəm. Bu yol böyüyə, kiçiyə, ailəyə, peşəyə, tərəf-müqabillərinə, xalqına, millətinə sevgi yoludur. Bu kimi vacib amillər insanın varlığına mütləq təsir edir. Bu hisslərin aliliyini bu və ya digər formada yaradıcılığımız vasitəsilə tamaşaçıya çatdırırıq. 

 

– Məmməd Səfanı kinoda Tofiq Tağızadənin kəşfi adlandıra bilərik?

– Məni ilk dəfə kinoya gətirən görkəmli kinorejissor Tofiq Tağızadə olub. Məni ona istiqamətləndirənlər isə kino rəssamı, aktyor, kinorejissor Şamil Nəcəfzadə və kinooperator Rafiq Quliyev olub. Tofiq müəllim onlara görə məni tanıyıb.

 

– Kamera qarşısında ilk dəfə psixoloji rol oynamaq çətin olmadı?

– İlk dəfə kinoda (“Köpək” filmi, 1994 – red.) baş rolda, üstəlik heç bir kino təəssüratı, ekran təcrübəsi olmayan, adi çəkiliş planlarını bilməyən aktyor üçün psixoloji rolda oynamaq olduqca çətin idi. Amma çəkiliş zamanı Tofiq müəllim, filmin operatoru Rafiq müəllim, tərəf-müqabillərim, kinoda böyük təcrübələri olan Xalq artistləri Fuad Poladov, Yaşar Nuri, Nuriyyə Əhmədova, Əməkdar artist Muxtar İbadov mənə çox kömək etdilər. Mənim üçünsə bu film səmərəli bir təcrübə oldu.  

 

– İlk film sizə nəyi öyrətdi?

– Kamera və tərəf-müqabilləri ilə davranışı, münasibəti öyrətdi. Böyük bir kollektivlə iş prosesində olan nizam-intizamı bir daha göstərdi. Ümumiyyətlə, nizam-intizam olmayan yerdə nəticə əldə etmək çətindir.

 

– Bu roldan sonra ardıcıl olaraq psixoloji dramlara dəvət aldınız. Bu, sizi yormadı?

– Qətiyyən. Məsələn, “Cavid ömrü” filmi mürəkkəb bir filmdi. Aktyor ifası baxımından da mürəkkəbdi. Burda aktyorun qarşısına qoyulan tələblər həm müxtəlifdir, fərqlidir, həm də çətindir. İblisin doqquz görünməyən tərəfi xarakterizə edilir. Hesab edirəm ki, həmin filmdəki obrazlar hər biri ayrı-ayrılıqda bədii filmin böyük bir obrazıdır.

 

– “Ovsunçu”, “Günaydın, mələyim”, “Sahə”, “Tərsinə çevrilən dünya” və digər filmlərdə  mənfi obrazlar yaratmısınız. Daha çox mənfi rollara təklif almağı nə ilə əlaqələndirərdiniz?

– “Ovsunçu” filmi Azərbaycan kino tarixində mövqeyi olan bir filmdir. Filmdəki hadisələr Azərbaycan tarixində yaddaqalan səhifələrdəndir. Sovet hökumətinin ölkəmizdə, kəndlərdə törətdiyi çaxnaşmalar, qarşıdurmalar xoşagəlməz və unudulmaz hadisələrdir. Təəssüf ki, orta məktəbdə oxuduğumuz müddətdə bu tarix bizə yanlış istiqamətdə öyrədilib. Amma tarix tarixliyində, fakt faktlığında qalır. Tarixi faktları kinoda  işıqlandırmaq mütləqdir. “Ovsunçu” filmi də bu mənada tarixə bir nəzər salıb. Əlavə edim ki, məndən ötrü yaradıcılıqda mənfi-müsbət anlayışı yoxdur, önəmli olan hər hansı bir dövrün personajını inandırıcı təqdim etməkdir.

 

– Ekran obrazlarınızın bənzərsizliyi üçün lazım olan ştrixləri necə tapırsınız?

– Aktyor peşəsində müşahidə qabiliyyəti var. Biz həmişə axtarışda oluruq. Aktyor mütəmadi olaraq müşahidə etməlidir. Müşahidələri də işinə şamil etməyi bacarmalıdır. Sənətimizin xüsusiyyəti budur. Obrazın uğuru da müşahidələrin nəticəsidir.

 

– Qəliz xarakterli rollarınızdan biri də “Tərsinə çevrilən dünya” filmindəki Kazemi obrazıdır. Yaradıcılığınızdakı bu fərqli rolun psixoloji durumunu tanıtma üslubundan bəhs edərdiniz...

– Bu rol mənim üçün yeni bir obraz idi. Filmin operatoru Kənan (Məmmədov – red.) müəllimin rolu dərk etməyimdə, işləməyimdə mənə köməyi çox oldu. Onun gözüdür kamera qarşısında ilk dəfə məni görən. “Ovsunçu” və “Tərsinə çevrilən dünya” filmlərində ona çox etibar etmişəm. Elə onlar da mənə etibar ediblər.

 

– Rollarınızdan narazı qaldığınız məqamlar olubmu?

– Mən istədiyim rolları oynamamışam. Amma hiss edirəm ki, görəcəyimiz işlər hələ qarşıdadır. Şükürlər olsun ki, 44 günlük haqq savaşımızda xalqımız qalib oldu. Vətən müharibəsində canlarından keçən şəhidlərimizin, şücaətlər göstərən qazilərimizin hər birinin döyüş yolu ayrı-ayrılıqda bir bədii filmin mövzusudur. Bu mövzuda qələbə filmlərimiz çəkiləcək və həmin filmlərdə çalışmaq üçün bizi daha çox işlər gözləyir.

 

– İmtina etdiyiniz rollar olubmu?

– Bir neçə kino obrazından müəyyən səbəblərdən imtina etmişəm. Ancaq bu o demək deyil ki, mən həmin rolu oynaya bilməzdim, sadəcə, mənlik deyildi. 

 

– Hansı kinorejissorlarla həvəslə, zövqlə çalışmısınız?

– Tofiq Tağızadə, Oqtay Mir-Qasım, Ramiz Həsənoğlu ilə çox rahat işləmişəm. Azərbaycan televiziya və kino sənətində aktyor məktəbinin yetişməsində Ramiz müəllimin böyük rolu var.  Bu mənada mən özümü Ramiz müəllimə borclu hesab edirəm və özümü onun tələbəsi bilirəm.  

 

– Tamaşaçılarla ünsiyyətdə olursunuzmu və yaradıcılığınıza kənardan baxa bilirsinizmi?

– Oluram. Qəribədir ki, tamaşaçılar keçmiş kino tariximizə daha çox etibar edirlər, nəinki indiki. Soruşurlar niyə o filmlər yoxdu, çəkilmir. Amma öz fikrimdə qalıram ki, bu gün bizim güclü aktyor potensialımız, istedadlı tələbələrimiz var.

 

– Kinoda rolları səsləndirməyə də aktyor fəaliyyətinizlə bir vaxtda başladınız. Bu da xüsusi yanaşma, bacarıq tələb edir. Dublyaj sənətinə yaradıcılığınızın bir hissəsi kimi baxırsınız, yoxsa necə?

– Mikrofonla iş aktyorun tərbiyəsində, böyüməsində böyük əhəmiyyətə malikdir. Aktyor yaradıcılığında səslə işləmək, filmdəki ab-havanı dəqiqliklə çatdırmaq başqa bir səriştə, vərdiş tələb edir. Bunlar vacib vərdişlərdir. Çünki filmdə çəkiləndə obrazın səsini də səsləndirməlisən. Vərdiş olmalıdır ki, səsi yaza biləsən. Yadıma gəlir, Tofiq müəllim “Köpək” filmində mənə etibar etmək istəmirdi ki, öz səsimi özüm yazım. Getdim yanına və soruşdum ki, niyə icazə vermirsiniz öz səsimi özüm yazım? Dedi, sən yaza bilməzsən. Bu başqa bir vərdişlər tələb edir, o, səndə yoxdu. Dedim siz səsimi yoxlayın, sonra qərara gəlin ki, olar, yoxsa yox. Yoxladı və dedi ki, düz deyirsən, yaza bilərsən.  Beləliklə, öz səsimi özüm yazdım. Səslə görüntünü, təsviri yarada bilmək də bir vərdişdir. Bunun üçün mətn üzərində mütəmadi olaraq işləmək lazımdır. Fərdi şəkildə öz üzərində işləməlisən. 

 

– Oynadığınız rolu başqa bir aktyor sələndirsə, bu sizi qıcıqlandırmaz?

– Kimsə rolumu xarici dildə səsləndirsə qıcıqlandırmaz. Azərbaycan dilində səsləndirsə,  işimi yarımçıq hesab edərəm.

 

– Şəcərənizdə sizdən əvvəl incəsənətdə kimlər olub və sizdən başqa kimlər olacaq?

– Heç kim olmayıb, heç kim də bu peşədə deyil. Qızım tarixçidir. Oğlum orta məktəbin on birinci sinif şagirdidir. Kompüter elmləri ilə məşğul olmaq istəyir. Gəlib desə ki, olarmı bu sənətlə məşğul olum, deyərəm yox. Yoldaşım isə evdar xanımdır.

 

– Nə vaxtsa film çəkmək istəmisinizmi?

– Kino böyük əziyyətin nəticəsidir. Maliyyədən başqa güc, sağlamlıq tələb edir. Burda böyük bir kollektiv işləyir. Bu əziyyəti kənardan çox müşahidə etmişəm və öz-özümə sual da vermişəm ki, sən kino çəkə bilərsənmi? Sonra da fikirləşmişəm ki, yox, bu başqa peşədir. Hərə öz işi ilə məşğul olmalıdır. Görkəmli kino sənətkarlarımız tərəfindən peşəkar kino ənənələri qoyulub. Onlar kino tariximizi yaradıblar. Bizim kino mədəniyyətimiz, kino tariximiz var. Onların miras qoyub getdiyi sənətə xəyanət etməyə ixtiyarımız yoxdur. Bacarırsansa, nəsə et, bacarmırsansa, o şəbəkəni dağıtma.

 

– Məmməd Səfa kinoda qəddardır, həyatda necə?

– Həyatda da, ailədə də çox mülayim insanam. Xasiyyətim mülayimdir.

 

– Kino Məmməd Səfa müəllimə nə verdi?

– İnsanların, sənətsevərlərin sevgisini, rəğbətini verdi. Kino mürəkkəb bir sahə, aktyorluq isə məsuliyyətli peşədir. Qarşılıq olaraq vacibi odur ki, peşəmə xəyanət etməməliyəm, axıra qədər onu sevməliyəm.     

Şəhla ƏMİRLİ
kinoşünas