İsveçrənin “Sygnum” bankı dünya şöhrətli ispan rəssamı Pablo Pikassonun (1881–1973) əsərini rəqəmsal aktivlərlə satışa çıxaracaq.
Rəssamın 1964-cü ildə çəkdiyi “Beretli qızcığaz” (“Fillette au beret”) adlı 65x54 santimetr ölçülü əsər 4 milyon İsveçrə frankı (3,6 milyon avro) dəyərində qiymətləndirilib. Əsərin satışı incəsənətə sərmayə yatırmaqda ixtisaslaşmış “Artemundi” Amerika Fondu ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq.
Əsərin tokenləşdirilmiş formada blokşeyn texnologiyası ilə satışı sərmayəçilərə internet vasitəsi, eləcə də bazar fondlarında danışıqlar aparmasına və ikinci bazarda ticarətinə imkan yaradacaq. Alıcılar və satıcılar “Sygnum” bankı vasitəsilə əlaqələndiriləcəklər.
Qurumun İsveçrədəki nəzarət orqanı olan “Finma” tərəfindən tənzimləndiyini israr edən kripto-bank bildirir ki, səhmlər və ya jetonlar minimum 5 min İsveçrə frankı ilə satışa çıxarılacaq. Əməliyyatlar əsas valyuta ilə dəstəklənən rəqəmsal valyuta formasında “Sygnum” bankının stabil jetonları ilə həyata keçiriləcək.
2019-cu ildə “Sygnum” dünyadakı ilk kripto banklarından biri olub.