Mütəxəssislər turizmin bu növünü təbliğ etmək üçün kompleks tədbirlərin görülməsini məqsədəuyğun sayırlar
   
   Dünya təcrübəsində tarixi mədəniyyət və dini abidələr həm də turizmin inkişafına təsir göstərən, ölkəni əcnəbi ziyarətçilər üçün cəlbedici edən mühüm faktorlardan biri hesab olunur. Çünki turistlər səyahət etdikləri ölkənin tarixini, yaşayış tərzini, dini mənsubiyyətini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərirlər. Deməli, turizm həm də ölkənin mədəni irsinin, dini abidələrinin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayır.
   Ərazisində tarixi ən qədim dövrlərə gedib çıxan yaşayış məskənlərinın, abidələrin olduğu Azərbaycanda son dövrlər turizmin müxtəlif növlərinin inkişafına xüsusi önəm verilir. Bəs dini turizmlə bağlı vəziyyət necədir?
   
   Dini ziyarətgahlara səfərlərin təşkili ilə turizm şirkətləri məşğul olmalıdır
   
   Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalovun sözlərinə görə, çox vaxt dini turizm insanların dini ayinləri yerinə yetirmək üçün bir yerdən başqa yerə səfərləri kimi başa düşülür. Gerçəkdə isə dini turizm daha geniş anlam kəsb edir: «Sovet dövründə dinə, müqəddəs ziyarətgahlara münasibət tamam başqa idi. Məsələn, Həcc ziyarətinə dövlətin icazə verdiyi insanlar gedə bilərdi. Bu səbəbdən də o müqəddəs yerə getmək hər kəsə nəsib olmurdu. Müstəqilliyin bərpasından sonra sərhədlər açıldı, Həcc ziyarətinə, İslam dininin digər müqəddəs yerlərinə ziyarətə gedənlərin sayı sürətlə artdı».
   B.Bilalov deyir ki, Dünya Turizm Təşkilatının tövsiyələrinə və BMT-nin təyininə görə, Həcc ziyarətinə və ümumilikdə dini məqsədlərlə bir yerdən başqa yerə getməyin özü turizmin bir qoludur: «Bu səbəbdən də əksər müsəlman ölkələrində Həcc ziyarəti ilə turizm şirkətləri məşğul olur. Məsələn, Türkiyə, Pakistan və İranda Həcc ziyarətinin təşkili turizm şirkətlərinin işidir. Bizdə isə bu işlə Qafqaz Müsəlmanları İdarəsi məşğul olur.
   
   Ölkəmizə gələn turistlərin dini məkanlara marağı
   
   Azərbaycanın daxilində müxtəlif dini məkanların olduğunu deyən B.Bilalov inanclı insanların bu obyektlərə səyahət etdiklərini bildirir: «Məsələn, Naxçıvan ərazisindəki “Əshabi-Kəhf” ziyarətgahına nəinki ölkəmizin müxtəlif yerlərindən, qonşu İran, Türkiyə və başqa ölkələrdən də insanlar gəlir. Bakıda Bibiheybət məscidi, Nardaran piri, Şüvəlanda Mir Möhsün ağanın məqbərəsi, Gəncədə İmamzadə piri respublika səviyyəsində məşhur olan dini ziyarət obyektləridir ki, insanlar bu yerləri ziyarət edir və ayinlər icra edirlər».
   Turizm şirkətləri tərəfindən dini obyektlərə turların təşkilinə gəldikdə isə Bahadur Bilalov bildirdi ki, ölkəmizə gələn xarici turistlər dini məkanlara ekskursiya obyekti kimi gedirlər: «Əcnəbi qonaqlar dini məkanlara daha çox tarixi-memarlıq abidəsi kimi baxırlar. Məsələn, «Atəşgah» məbədinə getmək üçün Hindistan, İran və Rusiyada yaşayan atəşpərəstlər tərəfindən müraciətlər olur».
   Ölkəmizdə pirlərin ümumi görünüşünə gəldikdə, həmsöhbətim dedi ki, o obyektlər ki tarix mədəniyyət abidələridir, onlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydə alınıb: «Bu abidələrin təmir-bərpası və ətrafının abadlaşdırılması işi aparılır. Ölkə prezidenti şəxsən bu işləri diqqət mərkəzində saxlayır. Məsələn, elə bu yaxınlarda Şamaxıdakı Cümə məscidinin yenidən qurulması üçün vəsait ayrılıb.
   Vaxtilə bu, Şərqin ən böyük məscidlərindən biri olub, 1918-ci ildə ermənilər onu yandırmışdılar. Bu tarixi fakt da oraya gələn turistlərin diqqətinə çatdırılır. Elə ziyarətgahlar var ki, orada yığılan nəzirlərin hesabına onların bərpası zəruridir. Pirşağı və Mir Möhsün ağa pirləri yığılan nəzirlərin hesabına əsaslı təmir edilib. Bibiheybət məscidi dövlət başçısının sərəncamı ilə çox gözəl bərpa olunub və möhtəşəmliyi ilə gələn turistləri özünə cəlb edən dini obyektdir. Amma görüləsi işlər də var. Məsələn, Diri Baba məqbərəsində dəfələrlə olmuşam, oranın vəziyyəti qənaətbəxş deyil».
   
   Dini məkanlar haqqında turist kitabçalarına ehtiyac var
   
   Dini turizmin təbliğinə dair ATİ-də tədris proqramı çərçivəsində bir sıra işlər görüldüyünü deyən B.Bilalovun sözlərinə görə, bu mövzuda tələbələr buraxılış işləri yazır: «Magistr dissertasiyası mövzuları siyahısına bu mövzu da daxil edilib. Biz çalışırıq ki, Azərbaycanda dini turizmin tarixi öyrənilsin”.
   Həmsöhbətim dini obyektlərlə bağlı məlumatlandırıcı bukletlərin, digər nəşrlərin hazırlanmasına da toxundu: “Ölkəmizə gələn xarici turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son illərdə çap və CD variantda hazırlanmış informasiya materialları təqdim edilir. Bu materiallarda «Atəşgah» məbədi, Bibiheybət məscidi və s. dini məkanlar barədə məlumatlar var. Bununla belə, sırf dini obyektlər haqqında məlumatların yer aldığı nəşrlərin hazırlanması yaxşı olardı. Dini məkanlar haqqında turist kitabçalarının hazırlanması ölkəyə gələn turistlərin say artımına, eyni zamanda Azərbaycanın inanc yerlərinin digər ölkə vətəndaşlarına tanıtımına xidmət edə bilər. Məsələn, görkəmli tarixçi Sara Aşurbəylinin “Azərbaycan pirləri” adlı kitabının materiallarından istifadə etməklə belə kitabçalar hazırlamaq olar”.
   
   Dini turizmi populyar etmək üçün kompleks işlər görülməlidir
   
   Turizm üzrə ekspert Eldar Aslanov bildirir ki, Azərbaycanda tarix boyu bir sıra dinlərin (atəşpərəstlik, xristianlıq və İslam) yayılması burada müxtəlif dini məbəd və abidələrin yaranmasına zəmin olub: “Bu abidələrin çoxu hazırda ziyarətgah kimi dini turizmə cəlb olunub. Bu gün Azərbaycanda təxminən 500 ziyarətgah var, onların 50-si insanlar tərəfindən müntəzəm ziyarət olunur. Həftəsonu Bakı və Bakıətrafı ziyarətgahlara turlar təşkil olunur. Ümumiyyətlə, Azərbaycanın əksər rayonlarında ziyarətgahlar və dini abidələr mövcuddur. Amma daha çox ziyarətgaha Bakı, Gəncə və Naxçıvanda, o cümlədən Bakı-Astara, Bakı-Şamaxı və Bakı-Qusar marşrutları boyu rast gəlmək mümkündür».
   Turistlərin dini abidələrə marağına gəldikdə E.Aslanov yerli turistlərin dini abidələrə marağının olduğunu dedi: «Xüsusilə yaşlı və inanclı insanlar belə yerləri ziyarət edirlər. Belə ki, hər gün Mir Möhsün ağa ziyarətgahını, Bibiheybət abidəsini yüzlərlə insan ziyarət edir. Xarici turistlərin isə müvafiq marağını söyləmək bir az çətindir. Xarici turistlər daha çox Atəşgaha və digər dini abidələrə müəyyən maraq göstərirlər. Amma müvafiq işlər aparılarsa, dini abidələrin yanında müvafiq normalara uyğun infrastruktur qurularsa, yerli və xarici turistlərin sayını artırmaq olar. Ölkəmizdə turizm şirkətlərinin dini turizm turlarına diqqətini artırmaq üçü bu məkanların ətrafında müvafiq infrastruktur yaradılmalıdır».
   Xarici ölkələrə dini səfərlərin əsasən İran, İraq və Səudiyyə Ərəbistanına edildiyini deyən ekspert bildirdi ki, İran və Səudiyyə Ərəbistanına olan səfərlərdə hələlik elə bir ciddi problem olmayıb: «Amma İraq bu gün dünyanın qeyri-stabil və terror təhlükəsinin ən yüksək olduğu ölkələrdən biridir. Odur ki, bu məqamı həm turist agentlikləri, həm də zəvvarlar nəzərə almalıdır. Əgər turist agentlikləri biznes xatirinə bu səfərləri təşkil edirlərsə, o halda müvafiq dövlət orqanları vətəndaşlarımızın təhlükəsizliyi naminə bu məsələyə müdaxilə etməlidir».
   «Dini turizmi cəmiyyətdə daha da populyar etmək üçün kompleks işlər görülməlidir» deyən mütəxəssisin sözlərinə görə, birinci növbədə belə abidələrin haqqında KİV-də daha çox məlumatlar getməli, reklam işi aparılmalıdır: “Eyni zamanda agentliklər öz turlarına dini ziyarətgahları da əlavə etməlidir. Həmçinin ziyarətgahların xarakterinə görə müvafiq təminatlar, şəraitlər olmalıdır. Misal üçün, ziyarətgahlarda gigiyenik normalara uyğun qurbangahlar, ət saxlama yerləri, insanların qidalanması üçün müvafiq infrastruktur, qurbanlıq üçün heyvanların alınması və s. Digər bir məqam isə ondan ibarətdir ki, ziyarətgahların dini icma, hüquqi şəxs kimi fəaliyyəti, nəzir və qurbanların xeyriyyə məqsədləri üçün şəffaf bölgüsünün təmin edilməsi çox vacibdir. İnsanlar öz nəzirlərinin və verdikləri qurbanların dini qaydalara uyğun olaraq ehtiyacı olanlara (uşaq evlərinə, qocalar evlərinə, sığınacaqlara və s.) verildiyini bildikləri təqdirdə daha böyük həvəslə bu yerlərə gələrlər. Bunlar olduğu təqdirdə bu sahədə irəliləyiş əldə etmək olar».
   
   Fəxriyyə Abdullayeva