Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı. Hə vallah, kimdir e kiminsə dərdindən hali olub nə hiss etdiyini düşünən. Əslində, kimisə qınamaq da olmur. Koronavirus pandemiyası həyatımızı işğal edəndən iki qütbə bölünmüşük. Ya oturub-durub giley-güzar edirik, ya da inzivaya çəkilib nəticəni gözləyirik. Hə, bax o hay-küyü boş qazan taqqıltısı kimi baş yoranlar teatr sahəsinə də “kurs” olurlar. “Pandemiya göstərdi ki, teatr heç kimə lazım deyil”, “Teatr cəmiyyətdən ayrı düşüb”, “Bizə teatr heç vaxt lazım olmayıb” kimi cəfəng fikirlər istehsal edib sosial şəbəkələrdə özləri kimi bədgümanlardan “layk” umurlar.
Bəxtəvər başınıza, nə var e sizin kimi isti-sərin (fəslə görə dəyişir) otaqlarda oturub rəy yazmağa, status paylaşmağa. Əsas əziyyəti, həsrəti, bir az da dramatikləşdirsəm, məşəqqəti teatr çəkir. Bir də onu sevən, hələ də məbəd olduğuna inanan tamaşaçı.
Bütün bu kimi nisgildən nikbinə yüksəliş edən qənaətlərimin səbəbkarı var və bu barədə, necə deyərlər, az sonra.
Əksər dünya və bütün Azərbaycan teatrları qeyri-ənənəvi, qeyri-adi – pandemiyalı ikinci mövsümünü də belə yola saldı. Teatrlarımız yenə mövsümi istirahətə növbəti mövsümdə pandemiyasız iş şəraiti umacağı ilə yollandılar.
Elə bu ərəfələrdə cənub mirvarisi Lənkərandan teatr sorağı gəldi. Qocaman sənət ocağı – 130 yaşlı Lənkəran Dövlət Dram Teatrı mövsümünü canlı tamaşa ilə, açıq havada nümayişlə başa vuracaqdı. Əvvəldə dediyim Füzuli ilə dağ məsələsi burada öz yerinə düşdü. Teatr da, tamaşaçı da ünsiyyət, görüş üçün bağlı qapılar arxasından, sözün həqiqi mənasında, baş götürüb dağa çıxdılar. Səfalı Astaranın dağlar qoynunda yerləşən Burzubənd kəndinə.
Teatrların ənənəvi bağlanış günü olan 15 iyulda Lənkəran Dövlət Dram Teatrı 130-cu teatr mövsümünə bu məkanda yekun vurdu.
Qonaqpərvər lənkəranlılar, Lənkəran teatrının rəhbərlik və əməkdaşlarının müşayiətində hadisə yerinə xeyli öncə çatdıq. Göz önündəki mənzərəni mən təsvir edim, siz də təsəvvür; hər yanı çay, dağ və meşə ilə əhatə olunmuş kəndin ən hündür yerində yüksək səviyyədə tikilmiş məktəb binasının iri giriş pilləkənləri önündə qurulan səhnə və ona heyranlıqla baxan hər yaşda tamaşaçı. Adam elə məst olur ki, az qalır teatra ölüb deyən adamları da yığıb töksün bu dağlar qoynuna. Amma tamaşaçıların sıxlığı və məsum həyəcanı adamı mütləq başqa ab-havaya kökləyir...
Onlar hələ dekorasiya qurulmağa başlayandan “Kəndə teatr çıxardanlar gəlib” deyib axışıblar məktəbin qarşısına. Sıra ilə düzülmüş oturacaqları çoxdan dolduran tamaşaçıların qalanları da səhnənin həndəvərində bənd olmuşdular.
Dekorasiyalara, səhnə geyimli aktyorlara, səhnə qarşısında son göstərişlərini verən həyəcanlı və nisbətən narahat direktora (Tofiq Heydərov), ara-sıra səhnə arxasına səslənən, texniki heyətə pıçıldayan rejissora (Xalq artisti Firudin Məhərrəmov) maraqla baxırdılar.
Tamaşa öncəsi səhnənin solundakı iri afişa yanında, səhnənin qarşısında fotolar çəkdirir, anı əbədiləşdirmək istəyirdilər. Arabir öz aralarında xısın-xısın danışır, teatr, səhnə, aktyor haqqında yüngülvarı analizlər edirlər. Köhnə-yeni məşhur aktyorları xatırlayır, nə qədər teatral olduqlarını sübut eləməyə çalışırdılar. İstər səhnədə, istər səhnəarxasında, istərsə də önündə şirin, kövrək bir həyəcan vardı. Dəqiqələr keçdi və səhnədən ətrafa səs yayıldı.
Tamaşadan öncə teatrın direktoru, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış etdilər, teatr, səhnə üçün çox darıxdıqlarını, astaralıların, ümumən cənub bölgəsi insanının teatra, səhnəyə maraqlı olduqlarını dedilər. Bu teatrın bölgənin mədəni həyatındakı əvəzsiz yerindən danışdılar. Sonra yubiley və mövsümün yekunu ilə bağlı sənət ocağının bir neçə əməkdaşına İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu.
Hər çıxışı alqışlarla müşayiət edib, bu rəsmiyyətin daha tez bitməsini istəyən tamaşaçılar da, onlardan daha həyəcanlı yaradıcı heyət də vüsala yetdilər. Tamaşa başladı.
İki il öncə görkəmli dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “teatr həftəsi” çərçivəsində Bakıda izlədiyim “Vəfalı Səriyyə” bu dəfə başqa bir ovqat və ruhda idi. Sanki tamaşaçıların teatra, teatrın da tamaşaçıya vəfa borcu, həsrət nəğməsi idi. Açıq hava şəraitinə uyğun formada, müəyyən ixtisarlarla həlli verilən budəfəki nümayişi öncəkindən fərqləndirən başqa bir incə nüans da var idi: sanki aktyorlar səhnədə şüuraltı bir replikanı dönə-dönə təkrarlayırdılar – “elə bildim bir də səhnəyə çıxmayacam”. Qocamanından gəncinə, peşəkarından həvəskarına hamısının gözündən məhz bu oxunurdu. Bir də “teatr hamıya lazımdır və biz bunu sübut edəcəyik” əminliyi...
Ədibin 1915-ci ildə qələmə aldığı “Vəfalı Səriyyə, yaxud gözyaşı içində gülüş” əsəri əsasında hazırlanan tamaşa uzun fasilədən sonra, həm də açıq havada oynanmasına rəğmən özünün dramaturji materialı və quruluş həllindən irəli gələn təsir gücünü ilk mizanlardan asanlıqla göstərə bildi. Günəşin al şəfəqləri altında ağır, qalın səhnə geyimlərində və qrimində cövlan edən aktyorlar tamaşaçı ilə tez və kəsintisiz rabitəni asanlıqla qura bildilər.
Ümumən bu tamaşa məişət mövzusunda real təsvir bolluğuna və sürətli keçidlərinə görə istənilən tamaşaçı üçün anlaşılan və baxımlı hesab oluna bilər. Çünki istər mövzu və müasirlik baxımından, istərsə də tragikomik elementlərin faciəyə yüngül, rahat inteqrasiyasına görə rejissor aktyor və tamaşaçı üçün rəvan rabitə yaratmışdı. Tamaşaçı mətn sıxlığından, faciənin ağır yükündən nisbətən azad edilmişdi. Komik və daim çağdaş elementlər tamaşanın təsir gücünü asan və tez bir zamanda artıra bildi. Təbii ki, bu da yaradıcı heyətin klassik dramaturji materiala peşəkar yanaşmasının nəticəsi hesab olunmalıdır.
Yaradıcı heyət demişkən, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.
Bu maraqlı və nakam məhəbbət dramında rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), aktyorlar Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirdilər.
Rejissorun dramaturji materialdan irəli gələn tələbləri əsas götürərək tamaşaya klassik üslubda həll verməsi və onu əhatə etdiyi mövzunu şaxələndirməklə təqdimatı “Vəfalı Səriyyə”ni hərəkətli etmişdi.
Aktyorlar səhnə obrazlarını çox rəvan, sadə və təbii oynadıqlarından tamaşaçıların ara-sıra emosional reaksiyaları ilə də rastlaşırdılar. Və hiss olunurdu ki, ən çox məhz bu məqamdan məmnun qalırdılar. Səhnədə baş verən proseslərə – xüsusən finala yanğı və ağrı ilə münasibət bildirən, hadisələri qabaqlayaraq bir-birinə pıçıldayaraq “şərh” verən tamaşaçıların şirin ləhcə ilə “Vay canın yansın, necə qızı öldürdü e”, “Qoşulub qaçarduz də”, “Oğlana bax e, qızın axırına çıxdı” nidaları qulağıma qədər gəlib çatdı. Deməli, rejissor da, aktyor da istəyinə nail olmuş, tamaşaçını səhnənin sehrinə salıb, baş verənlərə inandıra bilmişdilər. Yəni tamaşa alınmışdı. Bunu ən çox da onlar – səhnə arxasında bir-birini qucaqlayıb təbrik edən aktyorlar anlamışdı. İnsafən, rollarının haqqını da yaxşı vermişdilər. Heç bir ayrı-seçkilik etmədən (təbii ki, tamaşaçı kimi seçdiyim aktyorum var) deməliyəm ki, uzun fasilədən sonra, həm də cəmi 3-4 məşqə səhnəyə çıxmaq və belə bir ağır mövzuda tamaşanı ustalıqla ifa etmək ən xoş sözlərə layiqdir.
Onu da deyim ki, mənim üçün əsas tamaşa səhnə arxasında baş verənlər idi. Məsələn, azı 5 dəqiqə hıçqıra-hıçqıra “Elə bildim bir də səhnəyə çıxa bilməyəcəm” deyən Səriyyəni (Aynur Əhmədova) ovutmaq, “Birdən yaxşı danışmaram, həyəcandan əlim-ayağım əsir” deyən Rüstəmi (Səyad Əliyev) motivasiya eləmək bir başqa zövq idi.
Göz yaşlarını silə-silə səhnəyə boylanan Aynur Əhmədova karantinin ilk günlərində düşdüyü boşluğu yadına salır: “Çox çətin və ağır idi. Bəzi məqamlarda səhnədə Səriyyə kimi yox, Aynur kimi ağladım. Tamaşaçı bunu hiss etməsə də, mən həm üzülür, həm də sevinirdim. Elə bilirdim bir də o alqışları, tamaşaçı sevgisini eşidib, hiss etməyəcəm. Bizim bütün ağrılarımızı, səhnə arxasındakı yükümüzü, qayğımızı məhz o 2-3 dəqiqəlik alqışlar unutdurur. Rəbbim bunu bizə çox görməsin”.
Səyad Əliyev nə obrazının, nə də tamaşaçılarının təsirindən çıxa bilmədiyini dili topuq vura-vura deyir: “Elə bil ilk dəfədir səhnəyə çıxıram. Hiss elətdirməsəm də, dəhşətli bir həyəcan keçirdim. Gözlərimə inanmırdım, biz səhnədəyik, tərəf-müqabillərimlə tamaşaçılar qarşısındayıq. Bir zamanlar adi, gündəlik proseslər görün bizə nə qədər əlçatmaz görünür!”.
Tamaşanın sevimli Səfəri, Əməkdar artist Sucəddin Mirzəyev: “Çoxdan darıxırdım, həm də lap çox. Dəxli yoxdur, qoy mən oynamayım, amma teatr işləsin, səhnə yeni tamaşalarla, zal tamaşaçılarla qaynasın. Yaradıcı insan, aktyor oynamırsa, teatra həsrət qalırsa, o, bir növ sınır, yaralanır, məhv olur. Biz də, tamaşaçılar da həsrətdəydik. İnanıram ki, yeni mövsümdə bizim də sınağımız bitəcək, yenidən teatrımıza, doğma səhnəmizə qayıdacağıq”.
Sonuncu dəfə səhnəyə çıxdığı günü yadına salan tamaşanın Axundu – Əbülfəz Axundova gəlincə o, sadəcə, teatrsız yaşamağın mümkün olmadığını elə inandırıcı, elə səmimi deyir ki, dinləməyə bilmirsən: “Buna da şükür edirəm. Baxmayaraq ki, 25 ildir peşəkar teatrda işləyirəm. Amma bu gecə həyəcan və narahatlıqdan yatmamışam. Anı təsəvvür etmişəm. Tamaşadan sonra da yəqin uzun müddət özümə gələ bilmərəm. Qorxurdum, təsəvvür edirsiz, səhnəyə çıxmaqdan qorxurdum. Səhnə vərdişlərini, səsi, danışığı, hərəkəti dönə-dönə təkrar etsəm də, yenə də özümə tənqidlə yanaşırdım”.
Ömrünün 20 ildən çoxunu səhnədə keçirən Emin Fərzullayev (Qurban) isə hər kəsi teatrı sevməyə səslədi: “Teatr yaradıcı insanların, ümumən insanlığın ruhən rahatlığa qovuşduğu, azad olduğu sehrli bir məkandır. Onu qorumaq, yaşatmaq, sevmək ən böyük vəzifədir. Pandemiya, davam edən karantin, müəyyən məhdudiyyətlərə rəğmən tamaşaçının, aktyorun teatr sevgisi və tələbatı adamın yaşamaq eşqini artırır. Başa düşürsən ki, teatr təkcə aktyorun yox, tamaşaçının da doğma evi, ocağıdır”.
Təbiət möcüzəsi Astaradan, əsrarəngiz Lənkərandan ayrılarkən bir şeyə əmin oldum: teatr müəyyən qütb tamaşaçı üçündür deyənlərin ya teatrdan, ya da kütləvi tamaşaçıdan xəbəri yoxdur. Xeyr, əfəndilər, teatr ruhən azad olan hər kəs üçündür. Axı o, meydanda, azadə ruhlu adamların qarşısında yaranıb...
Həmidə NİZAMİQIZI