Vətən müharibəsində canı-qanı bahasına düşmənə layiqli dərs verən minlərlə qəhrəman döyüşçülərimizdən biri də İsrayıl Namiq oğlu Cəfərzadədir.

Əslən Ağsu rayonunun Abasxanlı kəndindən olan İsrayıl 2000-ci il sentyabrın 30-da Bakı şəhərinin Sabunçu rayonunda dünyaya göz açıb. Şəhid Akif Qambayzadə adına 148 nömrəli orta məktəbdə təhsil alıb. Məktəb illərində idmana marağı ilə seçilib. Yunan-Roma güləşi ilə məşğul olan İsrayıl bu idman növündə bir sıra uğurlar əldə edib. 2013-cü ildə “Pəhləvan” idman klubunun açıq birinciliyində 2-ci yeri tutaraq medalla təltif olunub. Eyni zamanda basketbol ilə də məşğul olub. 2015-ci ildə “Olimpiya Hərəkatı” proqramı çərçivəsində Sabunçu rayonu üzrə yarışda II yerə layiq görülüb və Milli Olimpiya Komitəsi tərəfindən təltif edilib.

2016-cı ildə 9-cu sinfi bitirən İsrayıl Bakı Dövlət Peşə Mərkəzində texnoloji qurğuların operatoru ixtisası üzrə təhsil alır. Təhsil müddətində ictimai tədbirlərdə yaxından iştirak edir. 2019-cu ildə təhsilini başa vuraraq Vətən qarşısında borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Gənc əsgərlərin andiçmə mərasimində nümunəvi çıxışına görə fəxri fərmanla təltif olunur. İsrayıl öz istəyi ilə kəşfiyyat qrupunda xidmətini davam etdirir. O, kəşfiyyat bölüyünün şəxsi heyəti arasında keçirilən müxtəlif yarışlarda da uğur qazanır.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində İsrayıl Cəfərzadə peşəkar kəşfiyyatçı kimi döyüşlərə atılır. Müharibənin ilk günlərində şəhid olan yaxın dostu Əkbərin geyimini geyinir və onun qanını yerdə qoymayacağına söz verir. İsrayıl Tərtər rayonunun Talış kəndi, ətraf yüksəkliklərin və Suqovuşan qəsəbəsinin azad olunmasında şücaət göstərir. Oktyabrın 14-də ağır döyüşlərin birində boyun nahiyəsindən yaralanır. Yarası həyati təhlükəli olmadığı üçün xəsarətini gizlədir və döyüşü davam etdirir. Oktyabrın 16-da gecə saatlarında Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə alnından və sol qolundan yara alsa da, yenə də döyüşür. Bu məqamda İsrayıl və döyüş yoldaşları düşmənin mühasirəsinə düşürlər. Burada da şücaət göstərərək yoldaşlarını mühasirədən çıxarmağa nail olan İsrayıl düşmənin snayper gülləsinə tuş gəlir...

Şəhidin atası Namiq Cəfərovun sözlərinə görə, İsrayıl doğum günündə zəng edərək ailəsinə heç nədən narahat olmayın deyərək təsəlli verib: “Sentyabrın 30-u tezdən mənə zəng elədi. Əhvalımı soruşanda kövrəldim, İsrayıl mənə təsəlli verdi. Dedi ki, yaxın zamanlarda Ordumuzun Qələbə xəbərlərini alacaqsınız”.

Anası Kəmalə Cəfərova bildirir ki, İsrayıl evin sonbeşiyi, gülərüz, mehriban, şən uşaq idi: “Ana üçün övlad acısı ağırdır, ancaq onun igidliyi, Vətən uğrunda qəhrəmancasına canını fəda etməsi ilə fəxr edirəm”.

İsrayıl Cəfərzadə oktyabrın 18-də Bakı şəhəri Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

NURƏDDİN