Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Öz yurdsevərliyi ilə bu ali məqama ucalaraq xalqımıza Qələbə sevinci yaşadanlardan biri də Tural Taryel oğlu Məmmədovdur.

O, 5 noyabr 1999-cu ildə Daşkəsən rayonunda anadan olub. Bir müddətdən sonra ailəsi Bakıya köçür və Tural 2006-cı ildə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki  99 nömrəli orta məktəbə gedir. IX sinfi bitirib C.Naxçıvanski adına Hərbi liseyə daxil olsa da, səhhəti ilə əlaqədar orada təhsilini davam etdirə bilmir. 2017-ci ildə yaşadığı Mehdiabad qəsəbə 1 saylı tam orta məktəbi əla qiymətlərlə bitirir. Müəllimlərinin dediyinə görə, Tural tərbiyəsi və yaxşı oxumağı ilə onların sevimli şagirdi olub. O, əsgəri borcunu yerinə yetirdikdən sonra işləyərək ailəsinə kömək edib.

2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Tural könüllü olaraq orduya yazılır. Öncə Gəncədə təlimlərdə iştirak edir. Döyüş yolu Füzulidən başlayır, sonra digər ərazilərimizin işğaldan azad olunmasında iştirak edərək qəhrəmanlıq göstərir. Şuşa uğrunda gedən qanlı döyüşlərdə 6 yaralı əsgər yoldaşını xilas edir. Vətən müharibəsinin son günündə, noyabrın 9-da ürəyindən aldığı qəlpə yarası nəticəsində şəhadətə yüksəlir.

Şəhidin anası Könül Həsənova söyləyir ki, Tural mərd, cəsur uşaq olub: “Döyüşə gedəndə mən pis olmuşdum, o da mənə təskinlik verib deyirdi ki, səni, anaları, bacıları, Vətəni kim qorumalıdır? Əlbəttə, mən getməliyəm, mən qorumalıyam, bizlər qorumalıyıq! Cəbhədə olanda da hər gün zəng edirdi, maraqlanırdı. Hiss edəndə ki, mən ağlayıram, deyirdi, ana, ağlama, sən ağlayanda mən dözə bilmirəm. Mənim göz yaşıma qıymırdı. Axırıncı danışığımız da noyabrın 5-də oldu. Doğum günündə mənə zəng etdi. Təbrik elədim, dedim ki, özündən muğayat ol. Elə bil ürəyinə dammışdı, məndən halallıq istədi. Mən də dedim ki, bala, niyə elə deyirsən, ananın haqqı həmişə uşağı üçün halaldı, özü də sənin kimi uşağa halal olsun... Ayın 5-dən sonra oğlumdan zəng gəlmədi. Şəhid olmamışdan əvvəl yuxuma girdi, mən çox narahat idim. Hamı mənə təsəlli verirdi ki, bəlkə telefonuna nəsə olub, zəng edə bilmir. Narahat olma, zəng edər. Amma ürəyimə dammışdı ki, oğluma nəsə olub... Bircə onunla təsəlli tapıram ki, mənim balam torpaq, Vətən uğrunda şəhid oldu. Hara gedirəm, hamı oğlumun mərdliyindən, cəsurluğundan, dostları ilə gözəl rəftarından danışır. Allah mənim balama da, bütün şəhidlərimizə də rəhmət eləsin”.

Bacısı Yasəmən Məmmədova isə deyir ki, Tural çox yaxşı qardaş idi: “İki yaş məndən böyük idi, həmişə qayğıma qalırdı. Heç kəsi, hətta anamı da qoymurdu mənim xətrimə dəysin. Turalın çox gözəl rəsm çəkmək qabiliyyəti vardı. Mən də hər zaman onun kimi rəsm çəkmək istəyirdim. Əkiz olmasaq da, qardaşım şəhid olan an hiss etdim. Həmin an yerimdə qərar tuta bilmirdim... Mən Vətənimiz uğrunda şəhid olan qardaşımla fəxr edirəm...”.

Yaşadığı şərəfli ömür yolunda Tural heç kimi incitmədi və indi isə ölümü ilə ən uca zirvəyə yüksəldi. Vətənə, bayrağa bağlı olan igidimiz müharibəyə yollanmamışdan əvvəl üçrəngli bayrağımızla Şəhidlər xiyabanını ziyarət edərək orada şəhidlərimizin qanını düşməndən alacağına and içmişdi. O, andına sadiq qalaraq ziyarət etdiyi şəhidlərimizin yanında uyuyur.

Tural Məmmədov noyabrın 9-da Xırdalan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Ruhu şad olsun.

Səbinə ƏLİBALAQIZI