“Məryəm” filmi çətin seçim haqqındadır
Xəbər verdiyimiz kimi, rejissor Elçin Musaoğlunun “Məryəm” filminin çəkilişləri davam edir. Çəkilişlərinə may ayından başlanılan ekran əsərinin ilin sonunadək tamaşaçılara təqdim olunması nəzərdə tutulub.
Dram janrında olan filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir.
Film haqqında məlumat verən Elçin Musaoğlu deyib: “Ssenarinin yaşı çoxdur. 10 il əvvəl bir dostum bu ideyanı mənə vermişdi. Mən də beynimin bir küncünə atmışdım. 2015-ci ildə həmin dostum Əfqanıstanda rəhmətə getdi. Qərar verdim ki, onun dediyi ssenarini yazım. Seçimlər biz insanları formalaşdırır və kim olduğumuzu göstərir. Mənim üçün ekstremal situasiyada qəhrəmanın seçimi həmişə maraqlı və vacib olub. Sən nəyi seçirsən sualı çox önəmlidir və bizim film də bu seçim haqqındadır”.
Filmin təsvir rejissoru Orxan Abbasov: “Film ona görə uğurlu olur ki, o, tamaşaçıya çox dolğun və emosional təcrübə yaşadır. Düşünürəm ki, “Məryəm” filmi həm vizual, həm də emosional baxımdan zəngin bir təcrübə olacaq”.
Ekran işinin rəssamı Zaur Abdullayev ssenarini oxuyub vizual tərəfini görəndən sonra həm də dramaturji xəttin ürəyincə olduğu üçün işləməyə qərar verdiyini bildirib. “Oxuduqca təsvirləri gözüm önündə canlandırırdım və həvəsim daha da artırdı. Biz hər gün oturub daha dərindən fikirləşirik ki, kinosevərlər filmdən zövq ala bilsinlər”, – deyə Z.Abdullayev bildirib.
Məryəm obrazını canlandıran Təhminə Rafaella: “Filmdə ən çox qəlbimə yatan qızın atasına olan sevgisidir. Olduqca poetik hekayədir. Rejissor bu filmdə yaşanan şərtsiz sevgini özünəməxsus üslubda ifadə edir”.
Məryəmin atası obrazını canlandıran Əməkdar artist Ayşad Məmmədov: “Ssenari mənə təqdim ediləndə çox xoşuma gəldi. Film boyu bir kəlmə belə sözüm yoxdur. Filmdə psixoloji vəziyyətləri yaşamalıyam və bu, çox məsuliyyətli bir obrazdır”.
Lalə AZƏRİ