Atalar misalıdır, “Yaxşılıq qapı açar, məhəbbət bu qapıdan içəri girər”. Yəqin sonra da bütün dünya gülər, kainat gözəlləşər, ürəyin dünya boyda olar, arzuların qol-qanad açar və səni bəşərin ən bəxtiyar, məsum varlığına çevirər.

Son günlər məhz bu hisslərin, daha doğrusu, bu hissləri hiss edənlərin təsirindəyəm. Vətən torpaqlarını yağı işğalından azad edərkən canlarını fəda edib, övladlarının həsrəti, nisgili, bir gülüşünün, bir baxışının arzusunda ruhu əbədiyyətə qovuşan şəhid valideynlərin...

Şəhid övladları üçün təşkil olunan fərqli adlı, eyni məramlı düşərgələrdə olarkən uşaqların üzlərinə, göz bəbəklərinə zillənir baxışlarım. Elə bil nə isə axtarıram və onu tapacağıma inanıram. Əslində, nəyi gəzdiyimi də yaxşı bilirəm. Sevgini, məhəbbəti axtarıram və tapanda dünyanın ən xoşbəxt adamı kimi bu işə qol qoyanları – müzəffər şəhidlərimizin məsum balalarına sevinc, gülüş bəxş edənləri xəyalən bağrıma basıram, gül-çiçək yağışına qərq edirəm...

Bir çoxunuzun da bildiyi kimi, “YAŞAT” Fondu və “ASAN Könüllüləri”nin birgə təşkilatçılığı ilə şəhid övladları üçün yay düşərgələri keçirilir. 12 iyul tarixindən başlanan həftəlik düşərgələr yaş qruplarına (8-11, 12-14, 15-18) görə bölünüb və ümumilikdə 300-dən artıq uşağı əhatə edərək avqust ayının sonuna qədər davam edəcək.

Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, tamaşalar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, konsert proqramlarının keçirilməsi nəzərdə tutulub.

Layihənin ikinci həftəsində – 8-11 yaş qrupunda olan balacaların düşərgəsində mən də qonaq olmaq imkanı qazandım. Səfalı Lənkəranın ən  gözəl yerlərindən birində – Gərmətük qəsəbəsində yerləşən “Springs Wellness Resort” hotelində təşkil olunan düşərgənin ikinci günü də zəngin, qonaq-qaralı idi.

Günün ilk görüşü psixoloqla söhbət, art-terapiya idi və balacalar peşəkar uşaq psixoloqu və pedaqoqlarının iştirakı ilə təlimdə iştirak etdilər.

Öz uşaq dünyalarında, qayğısız, təmənnasız aləmlərində olan bu balacalar üz-gözlərinə hopan sevincin, qarşılığını gördükləri sevginin müşayiətində qaça-qaça tamaşanın göstəriləcəyi konfrans zalına yığışdılar. Üç sıra ilə düzülmüş oturacaqlarda ən ön sıraya keçmək, aktyora, onlar üçün əsrarəngiz görünən kiçik səhnədəki böyük sandığa daha yaxın olmaq istəyirdilər. Əllərini çənələrində birləşdirib heyrətlə sandıq qarşısında dayanan, lap divin suyun qarşısını kəsdiyi kimi sandığın önünü kəsən teatrın çıxışa hazırlaşan əməkdaşlarını süzdülər. Onlar da bunu yaxşı başa düşdüklərindən tələsik sandıq önündən çəkildilər, nağılla realıq arasındakı xəyali pərdəni açdılar.

Beləcə, onlarla muncuq kimi parlaq qara, mavi, qonur göz sandığa, səhnəyə dikildi. Tamaşa başladı.

Onlarla görüşə bu il 90 illik yubileyini qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı gəlmişdi. Bundan əvvəl də bu kimi sosial yönümlü layihələrdə həvəslə çıxışlar edən kuklaçılar bu dəfə repertuarındakı baxımlı səhnə nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını göstərirdilər.

“Şəngülüm, Şüngülüm və Məngülüm” xalq nağılı əsasında səhnələşdirilən tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verib. Quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Elza Seyidcahandır. Mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı eyniadlı mənzum nağılından  seçilib.

Müxtəlif kukla texnikalarının tətbiq olunduğu tamaşada tək ifaçı (aktrisa Ülviyyə Əliyeva) həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda – Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar – çıxış edirdi. Uşaqlara unudulmaz anlar yaşadan istedadlı aktrisa personajlarının dilindən maraqlı, gülməli improvizələr edir və tamaşaçıları ustalıqla ələ ala bilirdi. Arabir nağılçı kimi onların arasında dolaşır və bütün uşaqların bilməli olduqları davranış qaydalarına qədər vacib vərdişlərdən də danışırdı.

İnteraktiv oyun üslublu tamaşa uşaqların istədiyi kimi – xeyirin şər üzərində zəfəri, sevginin, mərhəmətin qələbəsi ilə bitdi.

Ardınca mahnıların sədası uşaqların gülüşlərinə qarışıb ətrafa səpələndi. Hə, axı bayram bayrama qarışmışdı. Şəhidlərimizin yadigarlarından Mədinənin 8 yaşı bu günə təsadüf etmişdi.

Cingiltili, səs-sədalı təbriklər, xoş sözlər, hədiyyə çələngləri Mədinəni az qala göyün yeddinci qatına qaldırmışdı. Elə sevinir, elə gülürdü ki, sanki bütün ulduzlar onun başı üzərində parıldayırdı.

Təşkilatçılar hər şeyi detallı düşünmüşdülər. Kuklaçılar tamaşadan sonra uşaqlarla qruplar şəklində oyunlar, yarışlar da keçirdilər və bütün balacalar hədiyyələrlə zalı tərk etdilər.

Tamaşanı bəhanə edib, az da olsa, onların dünyalarına daxil olmaq istədim. İlk həmsöhbətim isə ad günü olan Mədinə oldu. Şəhid kəşfiyyatçı  Ariz Məhərrəmovun övladı: “Mən çox sevinirəm. Bu qəşəng və maraqlı ad günü idi. Tamaşa da çox xoşuma gəldi. Bura çox gözəldi. Darıxmıram, çoxlu dostlarım var artıq. Hələ bir nəfər də adaşım var. Hamınız sağ olun, bu günü unutmayacam. Evimizə qayıdanda hamıya ad günümdən, Şəngülümdən, dostlarımdan danışacam”...

Diktofonu ona uzadanda özünü təqdim etməsini istəməmişdim. Sadəcə, “Mədinə, ad günündü,  təbriklər xoşuna gəldi” deyə soruşmuşdum. O, təəssüratlarının ardınca sağollaşıb getmək istəyirdi ki, birdən ayaq saxladı, üzümə baxdı və “Mənim atam da qəhrəmandı, çoxlu düşmənlə savaşıb, hamını xilas edib, onu sən də tanıyırsan?” deyə soruşdu və təkidlə cavab gözlədi. Özümü itirmədim və “Əlbəttə, tanıyıram, sən atana çox bənzəyirsən” dedim. Gözləri parıldadı, inci kimi dişləri yenidən göründü və təşəkkür edib uşaqlara tərəf qaçdı.

“O mənim bacımdı, biz ikimiz gəlmişik” deyən dik baxışlı, qarabəniz oğlan şəstlə üzümə baxdı. Mədinənin qardaşı, şəhid qardaşımız Arizin oğlu İsmayıl idi. Müsahibə vermək istəməsə də, təşəkkür edib getdi. Hə, bizi qonaq çağırmağı da unutmadı.

Hələ birinci düşərgədə dostlaşdığım və adının son hərfini çətinliklə “N”dan “Z”ya  (təbii ki, bu onunla söhbət üçün bəhanəm idi) keçirdiyim Pərviz qucağıma atıldı. Könüllü müsahibə vermək istəyirdi, deyəsən. İlk görüşümüzdə razılaşmasa da, bu dəfə özü danışmağa başladı: “Şəhid Fariz Babayevin oğlu Pərvizəm, Pərvin yox ha, Pərviz. Füzuli rayonunun Bala Bəhmənli kəndindən gəlmişəm. Hər iki düşərgə çox xoşuma gəlir. Xeyli əylənirəm, amma kəndimiz üçün darıxıram”. “Qarabağ və şəhid sözləri sənin üçün nə ifadə edir” sualıma düşünmədən “Şəhidlik heç kimin qalxa bilmədiyi zirvədir. Qarabağ isə Vətənimdi, çox sevdiyim vətənim. Atam Daşaltıda şəhid olub, mən ora gedəcəm. Atam oradan evə tez-tez zəng edirdi. Deyirdi bura çox gözəldi, səni də gətirəcəm, burada çoxlu  oyunlar oynayarıq. Mən bacım Fidanı da götürüb ora gedəcəm, birlikdə oyunlar oynayıb atamı sevindirəcəm”.

Ağappaq bir əl çiynimə toxundu və dikələndə onu gördüm. Həmən tanıdım. Atasının şəhadətindən sonra dünyaya gələn Alparslan qardaşı ilə çəkilən fotoları sosial şəbəkələri bəzəmişdi. Üzümə baxıb gülümsündü: “Mən Əsnadam, Camal İsmayılovun qızıyam” dedi, səsi titrədi, susdu.  Dodağını dişləyib “Atam çox güclü idi. Düşmənlər ondan qorxurdu. Həmişə qalib gəlirdi, axı çox güclü idi. O bizi – məni, Əsməti, hələ doğulmayan qardaşımız Alparslanı çox sevirdi. Bilirsən qardaşıma bu adı atam vermişdi. İstəyirdi güclü olsun”.

Onunla xeyli danışdım, eşitmək istədiyi gerçəkləri bir daha təkrarladım. Telefonumdan axtarış verib atasının necə igid, yenilməz olduğu haqqında yazıları göstərdim, şəkillərinə baxdıq. Dəqiqələr sonra baxışlarımız toqquşdu və bulud kimi dopdolu gözlər sevincdən parıldayırdı. Elə bil məhz mənim və ətrafımızda bizə qulaq asan uşaqların, onları müşayiət edən könlü gözəl könüllü gənclərin məhz atasını tanımalarını istəyirdi.

Ataların “Ot kökü üstündə bitər” məsəli burada lap yerinə düşdü. Xüsusi Təyinatlı Qüvvələrin baş giziri və qrup komandiri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun davamçısı məhz belə qürurlu övlad olmalıymış.

Kövrək, qürurlu, bir az da əmin uşaqların söhbətini “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərovanın onlara qoşulması kəsdi. Balacalar  mehriban təbəssümlə onlara baxan qadına yaxınlaşıb, dövrəyə aldılar.

Fürsətdən istifadə edib Rəbiyyə xanımdan bu və ümumən qarşıdakı layihələr, uşaqlarla bağlı aksiyalar barədə soruşdum.

Vətən müharibəsi şəhidlərinin yadigarları üçün təşkil edilən layihə barədə bunları dedi: “YAŞAT” Fondunun fəaliyyət istiqamətlərindən biri də təhsil, peşəkar inkişaf, şəxsi bacarıqların artırılmasıdır. Burada uşaqların bir-birinə qaynayıb-qarışmasına, inteqrasiyasına, birgə maraqlarının, məşğuliyyətlərinin formalaşmasına çalışırıq. İndi çətin dönəmdir. Onlar psixoloji baxımdan mürəkkəb mərhələni keçirlər. Unudulmaq istəmirlər, daxilən sevgi, qayğı ilə əhatəyə ehtiyac duyurlar. Biz də düşündük ki, istənilən prosesdə, əsas da müharibədə məhz ən çox zərər görən uşaqlar olur. Qayğısız uşaqlıqlarını yaşamalı olduqları vaxtda ən böyük zərbəni məhz onlar alır və valideyn itkisi ilə üz-üzə qalırlar. Bu ağır yük onların çiyinlərinə düşür. Biz onlar üçün mədəni proqramı qurarkən diqqətlə yanaşır, məhz bu psixoloji ağırlığı nəzərə alırıq. Hər şey detallı düşünülür və komanda şəklində müzakirələr aparırıq. Uşaqları yormadan, onları nə isə öyrətməklə əyləndirməyin yollarını axtarırıq. Bildiyiniz kimi, “YAŞAT” Fondu əməkdaşlarının əksəriyyəti şəhid və qazilərin övladlarıdır. Odur ki, bizlər o uşaqları yaxşı başa düşür və az-çox nə istədiklərini bilirik, onları duyub hərəkət etməyə çalışırıq”.

...Artıq günəş sıralanmış əzəmətli Talış dağları arxasına keçir və uzun yol bizi saf, təmiz, həlim adamlardan ayırır...

Həmidə NİZAMİQIZI