12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı bu il noyabrın 12-dən 16-dək keçiriləcək. Festivalın Təşkilat komitəsindən bildirilib ki, artıq filmlərin qəbulu başlanıb.

Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər. Filmlərin qəbulu avqustun 25-dək davam edəcək. Seçim komissiyası tərəfindən seçilən filmlər müsabiqə proqramına daxil ediləcək. Kinoforumun proqramı noyabrın 1-də açıqlanacaq.

Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə festivalın mükafatı – “Qızıl nar” təqdim ediləcək.

Qeyd edək ki, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivala hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə film göndərilir. Onların arasında nüfuzlu festivallarda uğur qazanmış ekran əsərləri də yer alır.