Avqustun 2-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) təşkilatçılığı ilə Milli Kino Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan kinosunun inkişafında xüsusi xidmətləri olmuş və bu il haqq dünyasına qovuşmuş görkəmli rejissor, Xalq artisti Eldar Quliyevin xatirəsinə həsr olunmuş videoçarx təqdim edilib.
ARKİ-nin sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək bildirib ki, ötən il ərzində kinomuzun bir neçə görkəmli nümayəndəsi də dünyasını dəyişib və onların xatirəsi daim əziz tutulacaq. O, dövlət tərəfindən kino işçilərinə göstərilən diqqət və qayğıdan bəhs edərək, rəhbərlik etdiyi qurum tərəfindən də hər il yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini deyib.
Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov kino işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsis olunan əlamətdar günün artıq 21 ildir kino işçilərinin peşə bayramı kimi qeyd olunduğunu deyib.
Daha sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının 2012-ci ildə təsis etdiyi Milli Kino Mükafatı növbəti laureata təqdim olunub. Bu il mükafata Azərbaycan kinematoqrafiyasına verdiyi töhfələrə görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Rafael Qəmbərov layiq görülüb.
Mərasimdə ARKİ-nin elan etdiyi “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Müsabiqədə “Ən yaxşı tammetrajlı film ssenarisi” üzrə Elnur Rzayev (“Xəzər dalğası”), “Ən yaxşı qısametrajlı film ssenarisi” üzrə Leyla Nəsibli (“Xarıbülbül”) qalib olub.