Gədəbəy aşıq mühitinin möhür siması olan aşıq Vəli Miskinli (1894-1995) dillərdə, yaddaşlarda həm də Şair Vəli, Miskin Vəli kimi, nəhayət, bu ulu sənətin inkişafında böyük xidmətlərinə görə Dədə Vəli Miskinli olaraq qalıb.
Vəli Miskinli aşıq sənətinin müqtədir isimlərindən Aşıq Alı, Aşıq Ələsgər, Abbas Tufarqanlı, Xəstə Qasım və digərlərinin saz-söz kamilliyini yaşadan bir ürfani poetik zirvə olduğuna görə dədə tituluna layiqdir. Dədə Vəli Miskinli Azərbaycanla yanaşı Türk dünyasında da tanınır.
Vəli Miskinli hələ gənclik çağlarından şairliyi və aşıq kimi ifaçılıq salğarı ilə seçildiyinə, səmimi rəftarı, abırı, urvatı ilə ağır toylara dədə sanbalı gətirdiyinə görə geniş ad-san qazanmışdı. O, təhsil almasa da, fitrətdən gələn savadına, yaddaşına, bədahətən söz qoşmasına və bütün bunlarla aşıq sənətinə Dədə Ələsgər sayağı möhür vurmasına görə seçilirdi. Həyat hikmətini, dünyanın dərkini və insanın kimliyini hamının başa düşdüyü sadə dillə ifadə edirdi.
Dədə Vəli Miskinli zamanında böyük söz xiridarları, ədəbiyyat və incəsənət ünvanları Üzeyir Hacıbəyli, Səməd Vurğun, Osman Sarıvəlli, Cəfər Xəndan, o cümlədən araşdırıcılar Ərtoğrol Cavid (böyük şair-dramaturq Hüseyn Cavidin oğlu) və Hümmət Əlizadənin diqqətini çəkmiş, onların rəyləri ilə şeirləri çap olunmuş, 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyat və incəsənəti dekadasına dəvət almış azsaylı aşıqlardan biri olduğuna görə hələ o illərdə məşhurlaşmışdı.
Nakam ömür yaşamış, lakin istedad qabiliyyəti ilə uğurlu işlərə imza atmış Ərtoğrol Cavid (1919-1943) Vəli Miskinli yaradıcılığını yüksək qiymətləndirmiş, sənətkarlıq xüsusiyyətlərini təhlil etmişdir. Ə.Cavid 1939-cu ildə çap edilmiş məqaləsində yazır: “...Tədqiqatçı Hümmət Əlizadə tərəfindən toplanmış 32 parça (şeir) Azərbaycan aşıqlıq tarixindəki revolyusiyaya, tematik yeniliyə, müasir xalq ruhunu öyrənməyə ən münasib əsərlərdəndir. Məzmunu doğru olan bu parçaların formal tərəfləri dəxi nisbətən mükəmməldir. Az-çox yanlışlıq, zəiflik yalnız deyişmələrdə, bağlamalarda nəzərə çarpır.
Formal səhvlərə (hecalar, qafiyələr, bölgülər...) baxmayaraq çox vaxt qüvvətli misralara, qafiyələrə təsadüf olunur. “Bənzər” şeirinin son bəndi:
Gözüm qaldı uca boyda,
Gülə xar qonar nə fayda,
Vəli deyər, isti yayda,
Sinən sərin suya bənzər”.
Gənc tədqiqatçı aşıq-şairin şeirlərindəki səmimiliyi, harmoniyanı, canlı xalq dilini xüsusi vurğulayır: “Qafiyələr doğru, fikir səmimidir. Bəzən bir misrada qafiyədar kəlmələrə təsadüf olunur ki, bu daha başqa harmonik təsir buraxır. Məsələn, “Yeriyir” şeirinin ilk bəndi:
Baxtavar başına, a çeşmə, sənin
Hər səhər üstünə sona yeriyir.
Gözlərini süzür, canımı üzür,
Qəmzələri nahaq qana yeriyir.
Leksikonda xalq canlı dili hakimdir. Hansı söz olursa-olsun, xalq işlədən kimi verilib. Bəzən bir söz iki formada verilir. Məsələn, həm “bəxtəvər”, həm “baxtavar”. Xalq dili xüsusiyyətlərinə görə “baxtavar” doğrudur. O biri forma yanlışdır, düzəldilməlidir. 3-cü misradakı “süzür” və “üzür” kəlmələri qafiyədardır. Bu, axıcı harmonik təsir bağışlayır, yaxud “Bəxtəvər” şeirindən:
Gözüm qaldı yanağında,
Alma yanax, qaymax dodax.
Buradakı “yanax” və “dodax” qafiyələrindən başqa onlarla yarımqafiyə olan “qaymax” kəlməsi daha başqa təsir buraxır. Bəzən sonları qafiyədar deyil, ilk hecaları, törəmə kökləri eyni olur. Bu bir dərəcə ağırlıq törətsə də, tədqiq üçün xarakterik cəhətdir. Məsələn, “Dilbər” şeirindən:
Ovçuyam ovumu ovlaram naşı,
Aranı dönübsən marala, Dilbər.
Ə.Cavid aşıq ədəbiyyatını xalqa sevdirən əsas cəhətin sadəlik, səmimilik olduğunu qeyd edir və bunların, xalq ruhunun Aşıq Vəli yaradıcılığında əksini tapdığını vurğulayır. O, şairin yuxarıda adıçəkilən “Yeriyir” şeirindən başqa bir bəndə diqqəti çəkir:
Qüdrət qələmilə çəkilib qaşı,
Sinəmi yandırır eşqin ataşı.
Qoysalar məzara hörsələr daşı,
Yenə ruhum o canana yeriyir.
Tədqiqatçı yazır ki, bu misralarda səmimi bir aşiqin təmiz qəlbi çırpınır: “Yaxud “Gözəl” şeirinin son bəndi:
Dəhanın gövhərdi, ləblərin baldı,
Gözəlsən libasın ipəkdi, şaldı.
Desələr ki, Vəli qürbətdə qaldı,
Aman kəsmə məndən etibar, gözəl.
Ə.Cavid aşığın şeirlərində fonetik hal olaraq assimilyasiyaya da misal göstərir. “Bənzər” şeirinin ilk bəndini qeyd edir:
Ay qız sənin mah camalın
Bahar fəsli yaza bənzər.
Gözlərin cannar alandır,
Qamətin şahbaza bənzər.
Tədqiqatçı yazır ki, burada “can” isminin sonundakı “n” samiti cəm şəkilçisi “lar”dakı “l” samitinə təsir edib, öz halına çevirib: “canlar” əvəzinə “cannar”. Kök şəkilçiyə təsir etməklə. Bu, assimilyasiyadır.
Ə.Cavid Vəli Miskinlinin bəzi şeirlərinin müəyyən redaktələr aparıldıqdan sonra çap olunmasını tövsiyə edir: “Parçaları (şeirləri – E.N.) gözəllər haqda, deyişmələr və başqaları deyə 3 qrupa bölmək olar. Bu parçaların sıra sistemi düzəlməli, kiçik formal səhvlər islah edilməli, “Dodaxdəyməz” atılmalı, natamam parçalar tamamlanıb, yoxlanmalı, ən nəhayət, hərtərəfli düzəlişdən sonra çapa buraxmalı”.
Gənc araşdırmaçı aşıq-şairin şeirlərinin kitab şəklində çapı üçün bədii nümunələrin müvafiq bölmələr üzrə düzülüşünü də qeyd etmişdir. O, məqaləsinin sonunda aşıq haqqında ədəbiyyatşünas, folklorçu Hümmət Əlizadənin (1907-1941) qeydlərini (1939) olduğu kimi vermişdir: “...Vəli Gədəbəy rayonunun Miskinli kəndində 1894-cü ildə anadan olmuşdur. İki yaşında ikən atası vəfat etmiş, o, yetim qalmışdır. Anası çox çətinliklə Vəlini böyütmüşdür. Vəli 15 yaşına çatanda muzdurluğa başlamış, 7-8 il muzdur və çoban olmuşdur. O, muzdurluqda ağır həyat keçirmiş, ilk şeirlərini bu təsirdə söyləmişdir.
Vəli ölkə sovetləşdikdən sonra kurslara getmiş, yazıb-oxumağı öyrənmişdir. Miskinli Vəli indi Gədəbəy rayonunun Rüstəm Əliyev adına kolxozunun üzvüdür. Miskinli Vəlinin bir çox gözəlləmə, müxəmməs, deyişmə, divani və gəraylıları olmaqla bərabər, sovet quruluşuna, kolxoz həyatına, maldarlığa dair və dahi rəhbər Leninə, Stalinə aid şeirləri də vardır.
Miskinli Vəli sazında “Qaraçı”, “Şərili”, “Ovşarı”, “Qaytarma”, “Dilqəmi”, “Yanığ Kərəmi” və “Gəncə gözəlləməsi” havalarını çalır və bu havalarda mahnılar oxuyur...”.
Yeri gəlmişkən, qeyd edək ki, Hümmət Əlizadə və Ərtoğrol Cavidlə yanaşı, Vəli Miskinli zaman-zaman başqa tədqiqatçıların da diqqət mərkəzində olmuş, əsərləri nəşr edilmişdir.
Etibar NADİROĞLU
Gədəbəy Aşıq Məktəbinin direktoru