Azərbaycanda xor musiqisinin yorulmaz təbliğatçılarından biri də ilk qadın dirijorumuz, Əməkdar incəsənət xadimi, professor Ləman Atakişiyeva (1933–2015) olub. O, eyni zamanda ölkəmizdə xor ifaçılığında özünəməxsus yeri olan kamera xorunun təşkilatçısı və bədii rəhbəri kimi tanınıb.
Ləman Həsən qızı Atakişiyeva 3 avqust 1933-cü ildə Bakıda müəllim ailəsində dünyaya göz açıb. Erkən çağlardan musiqi qabiliyyəti özünü göstərir. Ləman Azərbaycan Dövlət Konservatoriyası nəzdində musiqi məktəbində təhsil alır. 1951-ci ildə məktəbi bitirir. Həmin il konservatoriyada Xor dirijorluğu şöbəsi açılır. Şöbəyə Moskva Konservatoriyasının professoru K.M.Lebedevin sinfini bitirmiş L.V.Frolova təyin edilir. Ləman da onun sinfində təhsilə başlayır. Müəllimi öz peşəkarlığı ilə tələbələrində xor sənətinə böyük maraq yaradır.
Ləman Atakişiyeva xatirələrində tələbəlik barədə yazır: “Biz Xor dirijorluğu fakültəsinin ilk tələbələri, konservatoriyaya daxil olarkən dirijorluq sahəsində orta pillə savadımız yox idi. Əsasən, bizim aramızda nəzəriyyəçilər və pianoçular idi. Və konservatoriyanın müəllimləri öz tələbələrində xor sənətinə qarşı məhəbbət hisslərini tərbiyə edə bilmiş, bizi bu janra başqa gözlə baxmağa öyrətmişlər”.
Ləman Atakişiyevanın yaradıcı xormeyster kimi formalaşmasında 1954-cü ildə Bakıya dəvət edilən istedadlı musiqiçi, xormeyster A.Yurlovun böyük əməyi olur. Maestro Niyazi ilə birgə A.Yurlov 1954-cü ildə Bakıda I Mahnı bayramını təşkil edir. 1955-ci ilin mayında A.Yurlov tərəfindən növbəti Mahnı bayramı keçirilir və bu dəfə onun təqdimatı ilə tədbirin baş dirijoru konservatoriyanın tələbəsi, artıq istedadlı xormeyster kimi özünü göstərən Ləman Atakişiyeva olur. Beləliklə, o, Azərbaycanın ilk qadın xormeysteri kimi incəsənət salnaməmizə adını yazdırır. Görkəmli xormeyster bu barədə xatirələrində belə qeyd edir: “Mahnı bayramında xeyli ifaçı iştirak edirdi. Bu böyük tədbir Respublika stadionunda keçirilirdi. Xorun tərkibinə Azərbaycanda fəaliyyət göstərən bütün xor kollektivləri: Radio və Televiziya Komitəsinin, Opera Teatrının, konservatoriyanın tələbə, bütün musiqi və ümumtəhsil məktəblərinin xor kollektivləri və b. Xor sektorlara bölünərək yerləşdirilmişdi. Xoru 3 nəfəs alətləri orkestri müşayiət edirdi. Hər bir sektorun qarşısında xormeysterlər dayanırdı – L.Frolova, E.Novruzov və başqaları. Birləşmiş xora isə mən rəhbərlik edirdim”. L.Atakişiyevanın konservatoriyada təhsil aldığı dövr Azərbaycanın xor sənətinin təşəkkülü və inkişaf prosesi ilə üst-üstə düşür. O, tələbə ikən İliç adına Mədəniyyət sarayının özfəaliyyət xoruna rəhbərlik edir. Məhz bu xorun iştirakı ilə S.Raxmaninovun “Aleko” operası səhnələşdirilir. Əsəri filarmoniyanın simfonik orkestri müşayiət edir. L.Atakişiyeva sonra bu xor ilə Cənubi Qafqaz respublikaları özfəaliyyət kollektivlərinin müsabiqəsində birinci mükafata layiq görülür. 1956-cı ildə konservatoriyanın nəzdində opera studiyası yaradılır və L.Atakişiyeva kollektivə rəhbər təyin olunur. Bu studiya N.Rimski-Korsakovun “Qar qız”, S.Raxmaninovun “Aleko”, F.Əmirovun “Sevil” və s. operaları səhnələşdirərək tamaşaçılara təqdim edir.
L.Atakişiyeva 1966-cı ildə Rusiyanın Qnesinlər adına Moskva Musiqi-Pedaqoji İnstitutunun aspiranturasına qəbul olunur. Burada da bəxtinə A.Yurlovla birgə çalışmaq düşür. O həm də L.Atakişiyevanın elmi rəhbəri olur. Moskvadan qayıdandan sonra Azərbaycan Dövlət Konservatoriyasında Xor dirijorluğu kafedrasının dosenti kimi pedaqoji fəaliyyətini davam etdirir.
1976-cı ildə Bakıda Xor Cəmiyyəti nəzdində kamera xoru yaradılır. Kollektivin bədii rəhbəri isə L.Atakişiyeva olur. Tədqiqatçı Gülarəxanım Axundova araşdırmasında yazır ki, kamera xoru Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, C.Hacıyevin və digər Azərbaycan bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla səsləndirir və hər zaman dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır. Bu kollektivin sorağı tezliklə ölkəmizin sərhədlərini aşır. 1979-cu ildə Krımda qastrol səfərində kollektiv dinləyicilərin təkidi ilə N.Əliverdibəyovun “Bayatı-Şiraz” xor əsərini 4 dəfə ifa edir. Q.Qarayevin “Payız” əsəri uzun müddət xorun vizit kartı olub.
Kamera xoru keçmiş SSRİ-nin onlarla şəhərində, Rumıniyada qastrol səfərlərində olub. Sənətkar 1981-ci ildə Atatürk adına İstanbul Opera və Balet Teatrına baş xormeyster vəzifəsinə dəvət olunur. O, burada üç teatr mövsümündə 10-dan çox rus və qərb bəstəkarının əsərlərini hazırlayır. Eyni zamanda türk bəstəkarı Adnan Sayqunun Atatürkə həsr olunan “Dastan” adlı irihəcmli vokal-simfonik əsəri üzərində işləyir. L.Atakişiyeva Bakıya qayıdandan sonra pedaqoji fəaliyyətlə bərabər Opera və Balet Teatrında baş xormeyster vəzifəsində çalışıb.
Xor sənətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən L.Atakişiyeva 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür.
Lakin onun yaratdığı kollektivin fəaliyyəti o qədər də uzun sürməyib. İttifaq ərazisində baş verən ictimai-siyasi böhranın yaratdığı çətinliklər fonunda 1989-cu ildə həm Xor Cəmiyyəti, həm də kamera xoru maddi problemlər üzündən öz fəaliyyətini dayandırır.
Görkəmli sənətkar 2001-ci ildə Rusiyanın Xor Sənəti Akademiyasından dəvət alır. 2010-cu ilə qədər Moskvada yaşayıb fəaliyyət göstərir.
Professor Ləman Atakişiyeva 2015-ci ildə, 82 yaşında vəfat edib.
Savalan FƏRƏCOV