- Bilirəm, sən jurnalistsən, məni danışdırmaq istəyirsən.
- Hardan bildin? Həm də niyə məhz səni?
- Bayaqdan mənə baxırsan, mən də gözümün altından sənə.
- Sən kimsən ki?
- Mən qalib Əfqan Abdurahmanovun qalib oğlu Əlibəyəm.
Bu qısa dialoq sayəsində yeni dostum Əlibəy Abdurahmanovla tanış oldum. Sevinirəm ki, onunla söhbətimiz elə də çətin alınmadı.
Etiraf etməliyəm ki, uzunmüddətli peşə vərdişimə və uşaqlara sevgimə rəğmən onlarla – qəhrəman şəhidlərimizin yadigarları, məsumluqları üz-gözlərinə hopmuş balaları ilə dialoq elə də asan alınmır. Onların kövrəlməsindən, ağlamasından, nisgilli yaxın dünənə boylanıb, üzlərinə qonan adi təbəssümün qeybə çəkilməsindən çox qorxuram. Amma 14 yaşlı Əlibəy məni yanıltdı. Mənimlə aramla, toxtaq söhbət etdi.
Sən demə, məramı varmış. Atası haqqında danışmaq, onun qəhrəmanlığından bir də mənə söz açmaq istəyirmiş...
Əlibəyi bu günlərdə baş çəkdiyim “Qaliblər” düşərgəsində tanıdım. Həmyaşıdları kimi o da həyatına ildırım kimi düşən itkini, yoxluğu, əzabı, heç olmazsa, bir neçə günlük unutmağa çalışırdı. Odur ki, atasından danışdıqca bulud kimi dolan gözlərini gizlətmək üçün tez-tez üzünü yana çevirir, cəld yanaqlarına süzülən yaşı silir və təbəssümünə güc verib danışırdı. Atasını, onunla keçirdiyi elə də uzun olmayan zamanı, birgə oyunlarını, valideyn kimi tələbkarlığını, mübarizliyini və ən əsası, hər evdən çıxarkən onu şəhid olaraq dönə biləcəyinə hazırladığını, “Mən olmayanda evin kişisi sənsən ha. Anandan, bacından muğayat ol. Ucadan ağlama, sınma, qorxma. Sən mənim oğlumsan, eşitdin?!” tapşırığını xatırladı. Sonra titrək səslə, bir az da astaca (sanki yanındakıların eşitməsini istəmirdi) “Atamın qapı döyüşü üçün darıxıram, xala”, deyib məni varımdan yox etdi. Yanımızdakı boş kətili döyəcləyərək “Bax, atam qapını belə döyürdü, yox, çaşdım, belə. Əşi, mən onu yamsılaya bilmirəm. Amma tez-tez, həyəcanlı döyürdü, həmişə tələsirdi. Axı bizimlə görüşü elə də uzun olmurdu. Tez-tez əməliyyatlara gedirdi. Bilirsən, bilsəydim belə (danışdığımız müddətdə bir dəfə də olsun nə “öldü”, nə də “şəhid oldu” sözlərini işlətmədi) olacaq, onu həmişə özüm qarşılayardım, çox danışdırardım, çox şəkil çəkdirərdim. Əslində, istəyirdim e, sadəcə, atam nə çox danışmağı sevərdi, nə də şəkil çəkdirməyi. Deyirdi “Lap az qalıb, səninlə Şuşada şəkil çəkdirərik. Sənə təzə telefon da alaram, xeyli gəzərik”. Mən də hər ikisini həvəslə gözləyirdim. Atam həmişə verdiyi sözə əməl edirdi. Düzdü, indi təzə telefonum var, amma həvəsim yoxdu. Yuxarıda, otağımızdadır, şəkil çəkdirməyə də marağım qalmayıb”.
Söhbətin sonunda onu yola gətirib bir “selfi” elədim. Baxdı, xoşu gəlmədi, pozdurdu və yenisini çəkdirdi. Sonra duruxdu, üzümə diqqətlə baxıb “İndi mənim danışdıqlarımı yazacaqsan” sualını verdi. Sözlər boğazımda düyünləndiyindən mən də növbətçi təbəssümümlə başımı tərpətdim. Əlini-əlinə sürtüb “Yox, atamdan yaz, o məni qalib elədi, qoy hamı onu tanısın” dedi, ordunun polkovnik-leytenantının, Vətənin igid oğlunun, özünün isə qayğıkeş, sərt və sərt olduğu qədər də kövrək və mülayim atasının portret cizgilərini çəkdi...
Əfqan Ağasəf oğlu Abdurahmanov 25 may 1976-cı ildə Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Uşaqlıqdan hərbiyə marağı olub. Orta məktəbi bitirib həqiqi hərbi xidmətə yollandıqdan sonra uşaqlıq həvəsinin ötəri olmadığını həm nümunəvi xidməti, həm də israrla ordu sıralarında qalmaq istəyi ilə təsdiqləyib.
1997-ci ildə – hərbi xidmətdən qayıtdıqdan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verir. İmtahanlardan uğurla çıxan Əfqan Abdurahmanov hərbi təhsil aldığı dövrdə nizam-intizamı ilə seçilir, ixtisasını incəliklərinədək öyrənir. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun olur və bir il müddətində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təcrübə keçir. 2002-ci ilin iyul ayından isə Gəncə şəhərindəki N saylı hərbi hissədə xidmətə başlayır. Beləcə, çətin və şərəfli yolda öz izlərini qoymağa başlayır, peşəkar zabit, kəşfiyyatçı yolu keçir. Müdafiə Nazirliyinin göndərişi ilə dəfələrlə Türkiyə, Çexiya və Çində müxtəlif kurslarda, hərbi təlimlərdə iştirak edir. Ordu sıralarında olduğu illər ərzində, demək olar ki, daim ön cəbhədə, düşmənlə burun-buruna xidmət aparır. 2016-cı il dördgünlük Aprelin döyüşlərində də iştirak edərək şücaət göstərir. O, nümunəvi xidmətinə görə Azərbaycan Ordusunun yaranmasının 90, 95 və 100 illik yubiley medalları, eləcə də “Qüsursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medallarının müxtəlif dərəcələri ilə təltif olunub.
Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində yenə də öndə olur. Tərtərin Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərərək az sayda canlı qüvvə ilə çoxsaylı düşmənə sarsıdıcı zərbələr vurur. Beləcə, düşməndən həm illərdir barışmadığı işğalın, həm də Aprel döyüşləri zamanı şəhadətə ucalan yaxın dostu, silahdaşı, polkovnik-leytenant Murad Mirzəyevin qisasını almağa müvəffəq olur.
Murovdağ silsiləsində strateji əhəmiyyətli zirvələrdən birinin alınmasında da iştirak edir. Azərbaycan bayrağını o zirvəyə sancmağının səadətini yaşayır, uşaq kimi gah sevinir, gah kövrəlir, gah da “Dostlarım, sizin intiqamınızı aldıq” deyir.
Suqovuşan uğrunda qanlı döyüşlərdə onun döyüşçü dəstəsi mühasirəyə düşmək təhlükəsi ilə üzləşir. Amma təcrübəli komandir bu sınaqdan da üzüağ çıxır, əsgərlərini xilas edir. Ərazini yaxşı tanıyan, uzun müddət Tərtərdə, çətin mövqelərdə xidmət edən Əfqan oktyabrın 10-da Suqovuşanın azadlığı yolunda şəhadətə yüksəlir.
Ölkə başçısının müvafiq sərəncamları ilə Əfqan Abdurahmanov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
***
Silahlı Qüvvələrimizin şücaətli zabiti, Əlibəyin qəhrəman atası Əfqan Abdurahmanov haqqında yazını oğlunun sözləri ilə bitirmək istəyirəm. Mən ondan “Əlibəy, Qarabağ sənin üçün nədir” deyə soruşdum. Düşünmədən “Qarabağ Vətəndir, Qarabağ anadır, Qarabağ qalibdir. Atamın görmək istədiyi, mənimlə rahat, azad gəzmək istədiyi yerdir. Deməli, mənim üçün də doğmadır. Atam üçün əziz nə varsa, mənim üçün müqəddəsdir” dedi və məmnun halda gülümsədi.
Həmidə NİZAMİQIZI