Latviyanın Gulbene şəhərində “Divi Juliji” (İki Yulius) IV Beynəlxalq İncəsənət Festivalı keçirilib. 30-31 iyul tarixlərində gerçəkləşən festival bu şəhərdə anadan olmuş tanınmış iki rəssam – Yulius Straume və Yulius Madernieksin xatirələrinə həsr olunur. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova da iştirak edib.

Festival çərçivəsində Gulbene Bələdiyyə Tarix və İncəsənət Muzeyində IV Beynəlxalq elmi-praktik konfrans təşkil olunub. Şirin Məlikova konfransda “Azərbaycan xalça mədəniyyəti. Ənənə və müasirlik” mövzusunda məruzə ilə çıxış edib.

Ş.Məlikova tədbir iştirakçılarına qədim xalça sənəti, Azərbaycan Milli Xalça Muzeyinin tarixi və onun yaradıcısı, görkəmli alim Lətif Kərimov, vaxtilə Qafqaz Kustar Komitəsinin rəhbəri olmuş latviyalı Yulius Straumenin Qafqazdakı fəaliyyəti haqqında müfəssəl məlumat verib. Direktor ölkəmizdə xalçaçılıq sənətinin əsas inkişaf istiqamətləri, o cümlədən müasir rəssamların yaradıcılığında ənənələrin yaşadılması prosesini xüsusi vurğulayıb. Bu kontekstdə Azərbaycan Milli Xalça Muzeyinin həm ölkəmizdə, həm də xaricdə keçirdiyi layihələrin ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığı, son dövrdə ənənələrin yeni interpretasiyada təqdimatının Faiq Əhməd, Çingiz Babayev və başqa rəssamların əsərlərində müşahidə edildiyi diqqətə çatdırılıb.

Məruzəçinin Azərbaycan xalçaçılıq sənətinin günümüzdə davamlı olaraq yeni yanaşmalarla daha da zənginləşməsinin bariz nümunəsi olan son layihələr – Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xalça eskizi müsabiqəsi və Kazan şəhərində təşkil edilmiş “Xalça sənəti – mənaların təkamülü” sərgisi haqqında təqdimatı da konfrans iştirakçılarında maraq doğurub.

Milli Xalça Muzeyinin direktoru xalça ornamentlərinin semantikası, qədim xalçatoxuma texnologiyalarının dirçəldilməsi, Azərbaycanda xalçaçılıq sənətinin dövlət tərəfindən dəstəklənməsi haqqında iştirakçıların suallarını cavablandırıb, bu sahədə ölkəmizdə gənc kadrların hazırlanmasından, xalça sənətində toxucu və rəssam qadınların mühüm rolundan söhbət açıb.

Konfransda Latviya, Türkiyə, Danimarka, İrandan olan mütəxəssislər də müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Sonda konfrans iştirakçıları arasında müzakirələr aparılıb.

Gulbene Bələdiyyə Tarix və İncəsənət Muzeyinə Azərbaycan Milli Xalça Muzeyinin nəşrləri təqdim olunub, konfrans iştirakçılarına isə muzeyin promomaterialları – açıqcaları, broşürləri paylanılıb.

İkigünlük festivalda sərgilər, xalçatoxuma, boyaqçılıq, xəttatlıq və dekorativ-tətbiqi sənətin digər sahələri üzrə ustad dərsləri də keçirilib.