Dekabrın 1-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Herbert Quelle Azərbaycan Turizm İnstitutunun qonağı olub. ATİ-nin rektoru Cəfər Cəfərov təhsil ocağı barədə səfirə ətraflı məlumat verib.
   Herbert Quelle ATİ-nin inzibati binası ilə tanış olduqdan sonra bir neçə auditoriyada dərs prosesini izləyib. Sonra institutun konfrans zalında müəllim və tələbələrlə görüşən səfir Almaniyada turizmin vəziyyəti və gələcək inkişafı sahəsində həyata keçiriləcək tədbirlərdən danışıb, ölkəmizə səyahət edən alman turistlərinin sayı və s. haqqında məlumat verib.
   Tələbələrin çoxsaylı suallarını cavablandıran səfir mühüm bir faktı xüsusi olaraq önə çəkib: «Ölkənizdə son vaxtlar turizm infrastrukturunun inkişafı yolunda faydalı işlər görülür. Bu baxımdan Bakıda və regionlarda tikilməkdə olan beynəlxalq statuslu mehmanxana şəbəkəsini xüsusi qeyd etməliyik. Bu tip mehmanxanalarda xidmət edəcək şəxslərin hazırlanması və bu istiqamətdə Turizm İnstitutunun peşə liseyi və məktəbinin yaradılması ilə bağlı uğurlu planları alqışlamaq lazımdır».
   Səfir Almaniya ilə Azərbaycanın qarşılıqlı tarixi əlaqələrindən də söhbət açıb. Tələbələrin ona ünvanlanmış «Sizcə, alman turistlər üçün Azərbaycan hansı prizmadan daha çox maraq kəsb edir» sualına savab olaraq səfir bildirib ki, Azərbaycana səfər edən turistlər ətraf mühitin mühafizəsi məsələsinə xüsusi önəm verirlər.
   Qeyd edək ki, Almaniya səfiri ilə görüş bütünlüklə alman dilində baş tutub. Buna görə rektor Cəfər Cəfərova təşəkkür edən diplomat ATİ tələbələrinin alman dilinin incəliklərinə yiyələnmələri, sərbəst danışa bilmələri üçün bundan sonra da lazımi kömək göstərəcəyinə söz verib.
   Sonda səfir ATİ-nin Kitabxana İnformasiya Mərkəzinə səfirlik adından bir neçə qiymətli kitab hədiyyə edib.
 

Fəxriyyə Abdullayeva