Sentyabrın 22-dən 26-dək Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (“Baku International Book Fair 2021”) keçiriləcək.

Mədəniyyət Nazirliyi tərəfindən keçirilən ənənəvi sərgi-yarmarka bu dəfə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141–1209) 880 illik yubileyinə həsr olunacaq.

Sərginin təşkilində məqsəd kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.

Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təmsil olunacaq. Həmçinin ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkətin sərgidə iştirak edəcəyi gözlənilir.

“Baku International Book Fair 2021” şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir. Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir.

Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, təşkilati dəstəyi “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir. Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla təmin ediləcək.

“Baku International Book Fair 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994124041000, bookfair@ceo.az

Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilk dəfə 2009-cu ildə keçirilib və ənənəvi olaraq iki ildən bir təşkil edilir.