Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş “Deyilən söz yadigardır” mövzusunda V Ümumrespublika bədii qiraət müsabiqəsinin final mərhələsi başlayıb. 
   
   Üç seçim turundan və final mərhələsindən ibarət olan müsabiqədə 40 şəhər və rayondan 18-30 yaşlarında 90-a yaxın gənc iştirak edib. Onlar səlis danışıq qabiliyyətini, natiqlik məharətini və səhnə davranışını nümayiş etdirib, gözəl nitqlə mənsur şeirlər, bayatılar, qəzəllər, laylalar, aşıq seirləri, hekayələr, romanlardan parçalar söyləyiblər.
   Gənclərin istedadını Mədəniyyət və Turizm Nazirliyinin, dövlət teatrlarının mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova, tanınmış aktyorlar Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva və Pərvanə Qurbanova yer alıb. Tədbirdə şair və yazıçılar da iştirak ediblər.
   Dekabrın 2-də “Deyilən söz yadigardır” mövzusunda V ümumrespublika bədii qiraət müsabiqəsinə yekun vurulub. Seçim turlarından sonra finala 8 nəfər çıxıb. Füzuli rayon sakini, Azərbaycan Dövlət İncəsənət Universitetinin III kurs tələbəsi Ərzanalıyeva Pərvin Ərzanalı qızı birinci, Sumqayıt şəhər sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs tələbəsi Qurbanova Könül Əliyar qızı ikinci, Bakı şəhər sakini, Rus Dövlət Dram Teatrının aktrisası Ağayeva Həcər Maqsud qızı üçüncü yeri tutublar.
   Qaliblər Mədəniyyət və Turizm Nazirliyində mükafatlarla təltif olunacaq. Qeyd edək ki, birinci yerə çıxana 500 manat, ikinci yeri tutana 300 manat, üçüncü yerin sahibinə isə 250 manat və diplomlar veriləcək. Əlavə olaraq növbəti üç yerin sahibinin hər birinə isə həvəsləndirici mükafat kimi 100 manat təqdim olunacaq.