Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı Vətən müharibəsində qazandığımız tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə “4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edib.

Festival təkcə dövlət teatrlarını deyil, həmçinin özəl teatr kollektivlərini, müstəqil sənətçiləri əhatə etməklə, yeni istedadların aşkarlanmasına da zəmin yaratmaq məqsədi daşıyır.

Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək. Mükafat fondu I,  II və III yerlər üçün müvafiq olaraq 1500, 1000 və 750 manat nəzərdə tutulub.

Bir kollektiv yalnız bir tamaşa ilə müraciət edə bilər. Tamaşalara janr məhdudiyyəti qoyulmur. Tamaşaların xronometrajı 15 dəqiqədən artıq olmamalıdır. Təqdim edilən işlər film-tamaşa formatında da ola bilər. Tamaşaların videoyazısı və tamaşanın 30-60 saniyəlik treyleri müraciət forması ilə birlikdə 15 oktyabr 2021-ci il tarixindən gec olmayaraq 4.4festival@teatro.az elektron poçt ünvanına göndərilməlidir. Ətraflı məlumat üçün əlaqə vasitəsi: (+994 50) 660 20 25