Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Poladdan dağ olsa yenə də, inan,
Onu parça-parça dağıdar insan.
(“Xosrov və Şirin”)
Bağışla atını, sən get piyada,
Şillələr yesən də, mərd ol dünyada.
(“Leyli və Məcnun”)
Hər kim toxum əksə şoranlıq çölə,
Bircə peşmançılıq gətirər ələ.
(“Yeddi gözəl”)
Bədgövər adamla aranı qatma,
Sən öz kimyanı küllərə atma.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Quruda, dənizdə kim çəksə zəhmət,
Balıqdan dürr alar, öküzdən sərvət.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Rahatlığa göz dikib oturmaq dinclik deyil,
O, bu azca ömürlə ələ gəlməz, düşün, bil.
(“Sirlər xəzinəsi”)