Son illər Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Yeni mehmanxanalar, kotteclər, turizm xidməti obyektləri, digər sosial obyektlər inşa edilir, körpülər, yollar salınır. Eyni zamanda şəhərdə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri aparılır, meydan və xiyabanlar öz simasını dəyişir, şəhər abadlaşır, gözəlləşir. 
   
   Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilovun sözlərinə görə, bütün bu amillər Şəkiyə gələn turistlərin sayının artmasına səbəb olur: «Əgər 2004-cü ildə rayona gələn turistlərin sayı cəmi 2800 nəfər təşkil etmişdisə, 2005-ci ildə bu rəqəm 6 min nəfər, 2006-cı ildə 9 min, 2007-ci ildə 11500 nəfər, 2008-ci ildə 12600 nəfər, 2009-cu ildə isə 13200 nəfər olub. Cari ilin 11 ayında isə Şəkiyə 13178 nəfər turist gəlib. Onlardan 1938 nəfərini xarici turistlər təşkil edib. İlin sonunadək rayona gələn turistlərin sayının 13400 nəfərə çatacağı gözlənilir».
   Şöbə müdiri onu da deyib ki, Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə Şəkiyə gələn turistlərin sayının 30 min nəfərdən çox olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, hazırda rayonda 16 turizm-istirahət mərkəzi fəaliyyət göstərir. 3 il əvvəl Şəkidə Turizm İnformasiya Mərkəzinin fəaliyyətə başlaması isə turizm infrastrukturlarının daha da genişlənməsinə, turistlərə göstərilən xidmət növlərinin sayının artmasına və bütövlükdə turizm xidmətinin səviyyəsinin yüksəldilməsinə imkan yaradıb: «Artıq Şəkidə atçılıq, ovçuluq və dağ turizminin inkişafı istiqamətində də mühüm addımlar atılır. Yaxın gələcəkdə ekoturizm sahəsində də xidmətlərin təşkili nəzərdə tutulur. 2006-cı ildən etibarən rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində atüstü milli oyunlar keçirilir. İldən-ilə coğrafiyası genişlənən tədbirlər xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, eyni zamanda atçılıq turizminin inkişaf etdirilməsi məqsədi daşıyır».

   Fəxriyyə Abdullayeva