Bu ilin yanvar-fevral aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 10 min 472 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 5 min 441 nəfəri və ya 52 faizi Azərbaycan, 5 min 31 nəfəri və ya 48 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, yanvar-fevral aylarında yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 413 nəfər və ya 4,1 faiz artıb. İki ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 487 nəfər və ya 8,2 faiz azalsa da, əcnəbi turistlərin sayında 900 nəfərədək və ya 21,8 faiz artım qeydə alınıb.
Əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, iki ayda bu ölkənin 1288 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-fevral aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 889, BƏƏ-dən 797, Küveytdən 431, Rusiyadan 220, Pakistandan 217, Omandan 146, Bəhreyndən 131, Qətərdən 106, Türkiyədən isə 48 turist səfər edib.