Professor Kamil Aydın: “Güclü iqtisadiyyat, hərb, elm, təhsil, ürfan, mədəniyyət və müdrik diplomatiyanın vəhdəti bizi qüdrətli edə bilər”

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurumdan millət vəkili, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Kamil Aydın böyük siyasətə mədəniyyət və dilçilik sahəsindən gəlib. “Türk obrazları Qərb ədəbiyyatında” mövzusunda doktorluq dissertasiyasını İngiltərədə müdafiə edib. Həm siyasətçi, həm də elm adamı kimi həmsöhbətimiz dövlətin qüdrətini iqtisadiyyatın, hərbin gücü ilə yanaşı, elmin, təhsilin, ürfanın, mədəniyyətin və müdrik diplomatiyanın vəhdətində görür. Bu səbəbdən də dilçiliyi, ümumilikdə elmi, yüksək mədəniyyəti və siyasəti bir arada dəyərləndirir. Söhbətə elə dil mövzusundan körpü saldıq.

 

– Kamil bəy, ləhcəniz Azərbaycan türkcəsinə bənzəyir. Azərbaycan əsilliyiniz varmı?

– Ərzurumda danışılan türkcə mənim anamın türkcəsidir. Zatən bu türkcə Bakıdan Naxçıvan, İqdır, Ərzurum, Kərkükə qədər işlənən türkcə, Anadolu və Oğuz türkcəsidir. Mən İngiltərədə dil üzrə doktorluq dissertasiyasını müdafiə etdim. Orada əslən Cənubi Azərbaycandan olan Eyyub adlı bir dostum vardı, biz öz aramızda danışanda istanbullular deyərdi, sən azəricə də bilirsən. Mən deyirdim ki, “azəricə” deyə bir dil yoxdur, bu bizim öz ana dilimizdir. Hər zaman bu ifadənin əleyhinə oluram və bu, vaxtilə Rusiyadan, İrandan Azərbaycan türklərinə edilən həqarətdir. Məsələn, anam “evet” yerinə “bəli” deyərdi. Mən 1991-ci ildə Bosniya və Herseqovinada savaş zamanı İngiltərədə həyat yoldaşımla bərabər könüllü olaraq ailələrə yardım işində çalışmışdım. Orda Bosniyadan olan ailələrlə biz türkcə danışırdıq. Təxminən bir ay öncə də Moldovada oldum, qaqauz türkləri ilə görüşdüm və onlarla da türkcə danışdıq. Azəri, qazax, qırğız deyib, ayırmaqla türk dilinin birliyini pozurlar.

 

– Türk birliyindən söz düşmüşkən, Azərbaycanın 44 günlük Qarabağ savaşında Türkiyə bizim yanımızda oldu, digər türk dövlətlərinə gəlincə, sadəcə, bəzi bəyanatlar oldu. Bu barədə düşüncəniz nədir?

– Elədir, onlar da Azərbaycanla həmrəy oldular, sadəcə, bunu şifahi şəkildə ifadə elədilər. Bundan əlavə, Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) da bəyanatlar yaydı. Təbii ki, verilən dəstək Türkiyə qədər olmadı. Amma mən əminəm ki, bu həmrəylik zamanla daha güclü olacaq.

1991-ci ildə Sovet İttifaqı dağılanda Qazaxıstan, Qırğızıstan türklərinə “türk” olduqlarını deyəndə bunu birmənalı qarşılamırdılar, buna etiraz edənlər də olurdu. Amma sonralar bir qazaxıstanlı səfir dedi ki, o zaman sizə qəzəblənirdim, amma indi mənə qazax deyib, türk deməyəndə qəzəblənirəm. Digər tərəfdən, Azərbaycan bizə yaxın olduğu üçün əlaqələrimiz daha asan quruldu. Sovet dönəmində İqdırdan əl edəndə Naxçıvandan səsiniz gəlirdi. Türkiyə ilə əlaqələrinizi heç kəsmədiniz.  Amma digər türkdilli respublikalar bizdən coğrafi baxımdan uzaqdırlar. Deyim ki, bu məsələdə çox ümidliyəm. Zamanla digər türk respublikaları ilə əlaqələrimiz Azərbaycanla olduğu kimi olacaq.

Mən həm partiyamızda xarici əlaqələr üzrə şöbəyə rəhbərlik edirəm, həm də TBMM-də Xarici siyasət komissiyasının üzvüyəm. AŞPA,  ATƏT, NATO tədbirlərində iştirak edirəm. Onu da deyim ki, sayca da çox deyilik. Avropa Şurasında 47 ölkə var, türkdilli ölkələrdən yalnız Türkiyə və Azərbaycandır. 

 

– 45-ə qarşı 2, sizcə, çətin deyil?

– Əlbəttə, çox çətindir. AŞPA-da bir hesabatda Azərbaycanı ermənilərə qarşı təhdidlərdə ittiham edirdilər. Bir italyan deputat dedi ki, biz təbii olaraq Ermənistanı müdafiə edəcəyik, çünki Ermənistan xristian dövlətdir. Qorxunc bir mövqedir. Doğrudur, Türkiyə ilə, yaxud Azərbaycanla bağlı bir hesabat olanda qarşılıqlı olaraq bir-birimizə dəstək veririk. AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Türkiyə nümayəndə heyətinin rəhbəri də Akif Çağatay Kılıcdır. AŞPA-nın iclaslarında hər zaman həmrəyik. Çox hücumlarla qarşı-qarşıyayıq. Qarabağ zəfərindən sonra davamlı olaraq Azərbaycan gündəm olur. Niyə? Çünki Fransada, İtaliyada, digər ölkələrin cəmiyyətlərində ermənilər sayca bizdən çox olmasalar da, nüfuzlu yerlərdədirlər, bələdiyyə başqanı, həkim, müəllim. Bəzən Fransa parlamentində ermənilər güclüdürlər, deyilir. Amma əslində onlar güclü deyil, bizimkilər gücsüzdür. Bizimkilər hələ yeni-yeni bir arada toplanırlar. Amerikada Türkiyə türkləri ilə Azərbaycan türklərini bir araya gətirdik. Buna tədricən qazaxıstanlı, qırğızıstanlı, digər türklər də qatılacaq. Ona görə xaricdəki toplantılarda bir qırğız, bir qazax görəndə bir-birimizə çox doğma oluruq.

 

– Türk dünyası və Turançılıq konsepsiyasına yanaşmanız necədir? Yəni bunu siyasi, yoxsa coğrafi olaraq qəbul etmək lazımdır?

– Türk dünyasına bəzən bir az da siyasi anlamda Turan konsepsiyası da deyilir.  Amma bunu sadəcə coğrafiya ilə əlaqələndirmək doğru deyil. Biz deyirik ki, dünya coğrafiyasının harasında bir türk yaşayırsa o bizim qardaşımızdır, dərdi dərdimiz, sevinci sevincimiz, kədəri kədərimizdir. Biz belə düşünmək məcburiyyətindəyik. “Pantürkizm”, “Panturanizm” ideyası yanlışdır və bu, azsaylı türk xalqlarına – Qaqauz, Krım, Qaraçay, Balkar türklərinə və digərlərinə zərər verə bilər. Bu kimi ideyaları əsas tutaraq birliyimizə nail olmaq mümkün deyil. Mən siyasətə dilçilik və mədəniyyət sahəsindən gəlmişəm və bilirəm ki, dünyada ən çox danışılan dillər arasında türk dili 5-ci yerdədir. Bu mənada bizim dil birliyimiz, mənəvi birliyimiz olmalıdır. İngiltərə Brexitdə dedi ki, mənim Avropa İttifaqına ehtiyacım yoxdur, çünki arxasında ingilisdilli Amerika, Kanada var, ingiliscə danışan icmalar var, bir çox təşkilatlar var. Bizim müxtəlif ölkələrlə əməkdaşlığımız həm beynəlxalq, həm də regional müstəvidə ola bilir. Qarabağ zəfərindən sonra Türkiyə olaraq regional problemlərin həlli üçün altılı bir platforma təklif etdik. Yəni bizim birliyimiz türkçülük, müsəlmançılıq qruplaşması kimi anlaşılmamalıdır.  Antalya Diplomatiya Forumunda da dedim ki, münaqişə Ermənistanla Azərbaycan arasındadırsa, BMT-yə, Avropa Şurasına, ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur. Ermənistan öz gələcəyi ilə bağlı özü qərar verməlidir, qonşuluq münasibətlərində, xüsusilə Azərbaycanla olan probleminin həllində kənardan verilən ağıla uymamalıdır. Ermənistan rəhbərliyinin ağlı varsa, özü-özünü saldığı təcrid vəziyyətindən çıxara bilər. Diasporundan, lobbilərdən ağıl almadan, bölgədə qonşuluq münasibətlərini bərpa etməlidir. Yəni problem hardadırsa, onu region dövlətləri ilə çözmək lazımdır. Bunu Fransaya, Amerikaya, digər kənar dövlətlərə həvalə etməklə nəyə nail olundu? 29 il gözlədik, kənar ölkələr nəyi həll etdilər, Qarabağı işğaldan qurtardılarmı? Bir milyon insan didərgin düşmüşdü, amma onlar zaman qazanırdılar.

İndiki şəraitdə Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinə “bəli” desə, erməni xalqı da yoxsulluqdan xilas ola bilər.  Onu da deyim ki, Zəngəzur təkcə Türk dünyasının deyil, həm də region dövlətlərinin,  Asiya ilə Avropanın nəqliyyat boğazıdır. Odur ki, Ermənistan da daxil region ölkələri bir araya gəlməlidir.

 

– Amma Ermənistan hələ də atəşkəsi pozur...

– Bu onlara xas davranışdır. Yüz il öncə də fürsət tapan kimi hücum edirdilər, indi də. Amma Azərbaycan möhtəşəm bir Zəfər qazandı. Bütün dünyanı qarşımıza alıb onların otuz il işğal edib sahibləndiklərini geri almışıq, iqtisadiyyatlarını, siyasətlərini alt-üst etmişik. Ona görə hiddətlidirlər. Məncə, qələbə çalan bu təxribatlara getməməli, təmkinli  olmalı və qətiyyəti əldən verməməlidir. Biz Qarabağı bərpa etməli, abadlaşdırmalıyıq. Yalnız siyasət deyil, elm, ürfan, təhsil, mədəniyyət, iqtisadiyyat – hamısını bir arada birləşdirdikdə biz güc ola bilərik və hər şey gücə bağlıdır.

 

– Qarabağ Zəfərində Türkiyə diplomatiyasının rolu ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı.

– Bu Qələbə Azərbaycan Ordusunun rəşadəti, prezidentlərimiz cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın düzgün siyasətinin uğuru nəticəsində mümkün oldu. Türkiyə ilə Rusiyanın S-400 anlaşmaları, Suriya mövzusunda razılaşmalar və Paşinyanın təxribatçı, eyni zamanda Rusiyanı da razı salmayan amerikanpərəstliyi və  digər bir sıra amillər bir arada bu diplomatik fəaliyyət fürsəti verdi. Rusiya da baxdı ki, Ermənistan din ortağı olsa da, siyasətdə bizimlə eyni mövqedə olması ona daha faydalıdır. Rusiya bizim əleyhimizə olsaydı, bu Qələbə asan olmazdı. Əlbəttə, bu tarixi Zəfər 44 günlük savaşda, hərb meydanında möhtəşəm qələbə ilə diplomatik cəbhədəki uğurun vəhdəti sayəsində mümkün oldu.   

Mehparə SULTANOVA
Ankara