“Məni Türkiyə kimi gözəl ölkəyə layiq gördüyü üçün Tanrıya minnətdaram”

 

Xəbər verdiyimiz kimi, tanınmış amerikalı müğənni Della Mayls (Della Miles) avqustun əvvəlində Azərbaycanda olub. Müğənni Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına – Şuşa və Füzuliyə də səfər etmiş, Qarabağ haqqında təəssüratını bölüşmüşdü.

Della Milayes artıq bir neçə ildir ki, Türkiyədə yaşayır. Müğənni Amerikadan Türkiyəyə köçməsini, o cümlədən sənət həyatını bu ölkədə davam etdirməsini Tanrının ona lütfü sayır. Della Milayes ABŞ-ın Texas ştatında musiqiçi ailədə dünyaya gəlib, sonra Los-Ancelesə köçüb...

– 6 uşaqlı ailənin ən kiçiyi idim. Valideynlərim musiqini çox sevirdilər. Demək olar ki, musiqi ilə əhatələnmişdik. Universiteti bitirəndən sonra anladım ki, gələcəyimi musiqi ilə qurmaq istəyirəm. Texası tərk edib Los-Ancelesə köçdüm. Los-Anceles mənim yenidən doğuluşum oldu. Çünki orada Uitni Hyuston, Maykl Cekson kimi əfsanələrlə tanış olub çalışmaq imkanı qazandım. Sonra Amerikaya sığmadığımın fərqinə varıb, Avropaya, daha dəqiq desəm, Türkiyəyə köçdüm. İndi yaradıcılığımı Şərq və Qərb arasında bölmüşəm. Bu təcrübə mənim üçün çox maraqlıdır.

 

– Dünya musiqisinin iki əfsanəsi ilə çalışmısınız. Zənnimcə, böyük xoşbəxtlikdir.

– Karyeramın başlanğıcında idim. Uitni məni öz komandasına vokalçı dəvət etdi. Uitni mənim üçün nəhəng ulduz idi. Bu təklif gələndə çox təəccüblənmişdim. Milyonların bir dəfə də olsa uzaqdan görmək istədikləri ulduzun yanında olmaq, ünsiyyət qurmaq, ən əsası, birgə mahnılar ərsəyə gətirmək sonsuz xoşbəxtlikdir. Uitni çox mehriban qadın idi. Mayklla isə çox ünsiyyətdə olmamışam. Mən onun prodüseri olduğu layihələrə ifaçı kimi dəvət almışdım. Məşqlərə hər gəlişi mənim üçün bayrama çevrilirdi. İndi həmin vaxtları xatırladıqca eyni sevinc, həyəcan yenə qəlbimə dolur.

 

– Hazırda türk bəstəkar Turqay Evrənlə planet, insanlıq adına maraqlı layihələr üzərində çalışırsınız. Bura həmçinin Qarabağa həsr olunmuş kompozisiya da daxildir...

– Turqay bəyin layihələrinin bir parçası olmaq məni sevindirir. Bildiyiniz kimi, dünyanı haqsızlıq önündə ayağa qaldıran mahnılarının sözləri də özünə məxsusdur. Musiqisində insanlığa, ədalətə sevgi duyulur. Onunla söhbətin özü də təmiz hava ilə nəfəs almaq kimidir. Elə işğaldan azad olunmuş Şuşa şəhərinə səfərim də onunla layihəmin məhsulu idi.

 

– Amerikadan Türkiyəyə köçməyin asan qərar olmadığını təxmin edirəm.

– Uşaqlıqdan anama deyirdim ki, mən Amerikada yaşamayacağam. Tanrı həyatımın pilotudur, bütün arzularımı gerçəkləşdirir. Məni Türkiyə adlı gözəl ölkəyə layiq gördüyü üçün ona sonsuz minnətdaram. Doğrudur, ailəm, sevdiklərim Amerikadadır, amma yenə də yerimdən məmnunam.

Leyla SARABİ