Çinin “On the Road” (“Yolda”) şirkəti Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı sənədli filmin çəkilişinə başlayıb. Şirkətin çəkiliş qrupu ilk olaraq Şuşa şəhərinə səfər edib.
Şəhərin müxtəlif ərazilərində çəkilişlər edən qonaqlara Şuşanın tarixi, memarlıq abidələri, 1992-ci ilin mayında Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi, 30 ilə yaxın dövr ərzində erməni vandalizminə məruz qalması və 2020-ci ilin noyabrında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinə başlanılması barədə məlumat verilib.
Əvvəlcə Şuşanın mərkəzi meydanında dahi bəstəkar Üzeyir Hacıbəyli, görkəmli şairə Xurşudbanu Natəvan və böyük vokalçı Bülbülün güllələnmiş heykəllərini ziyarət edən çəkiliş qrupuna bu şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, ermənilər tuncdan hazırlanmış heykəllərdən gəlir əldə etmək məqsədilə onları əvvəlcə İrəvana, sonra da Gürcüstana aparıb satmaq istəyiblər. Gürcüstanda yaşayan həmvətənlərimiz bununla bağlı müvafiq qurumlara məlumat veriblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə heykəllər öz əvvəlki yerinə qaytarılıb.
Sonra qonaqlar Şuşa şəhərindəki qədim məhəllələrdə, Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərində olublar. Məlumat verilib ki, işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.
Çinli nümayəndələr Cıdır düzündə də çəkiliş aparıb, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Sonda qala divarları ilə tanış olan çəkiliş qrupuna məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri başlanıb.
Sənədli filmin çəkilişində iştirak edən Can Sinyu deyib: “Biz dünyanın bir çox yerlərinə səfər edirik. Sizin regiona hər zaman marağım olub. Əsasən də müharibə dövründə bu regionu diqqətdə saxlamışam. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olduğu üçün biz müharibədən sonrakı vəziyyəti bilmək istəyirik. Qarabağa səfərimizin məqsədi burada həyata keçirilən yenidənqurma işləri ilə tanış olmaqdır”.
Qeyd edək ki, “On the Road” şirkətinin heyəti Zəngilan, Füzuli və Ağdamda da çəkilişlər aparacaqlar. Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı çəkiləcək sənədli film Çinin SETV kanalında və bir sıra sosial şəbəkələrdə yayımlanacaq.