«Caspian tur» şirkətinin rəhbəri Murad Məmmədov: 
    “Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə beynəlxalq sərgilərdə iştirak əlaqələrimizi daha da genişləndirməyə imkan verir”
      
   Hazırda Azərbaycanda 200-dən çox turizm şirkəti lisenziya ilə fəaliyyət göstərir. Məlumdur ki, ölkədə rəqabətə davamlı turizm bazarının yaradılmasında, dünya turizm bazarına inteqrasiyada turizm şirkətlərinin mühüm rolu var. Dünyanın bu sahədə inkişaf etmiş əksər ölkələrinin təcrübəsi də göstərir ki, heç bir turizm obyekti öz məhsulunu turizm şirkətlərinin köməyi olmadan tanıtdıra bilmir. «Caspian tur» turizm şirkətinin rəhbəri Murad Məmmədovla söhbətimiz də elə bu mövzuda oldu.
   
   - «Caspian-tur» şirkəti 2001-ci ildən turizm fəaliyyəti ilə məşğul olur. Əsasən xarici turistlərin ölkəmizə gətirilməsi və yerləşdirilməsi, həmçinin də Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərini təşkil edirik. Qeyd edim ki, əvvəlki illərlə müqayisədə ölkəmizə gələn turistlərin sayı bu il xeyli artıb. Mən bunun başlıca səbəbini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialının getdikcə daha geniş tanıdılması ilə izah edirəm. Artıq dünyanın bir çox yerlərindən, o cümlədən Asiya ölkələrindən, Amerikadan turistlər qəbul edirik. Şirkətimizin Bakının bir neçə yerində ofisi var. Bir çox beynəlxalq turizm təşkilatlarının üzvüyük. Bu da bizə daha geniş fəaliyyət imkanı verir. Dünyanın 150 ölkəsinin şəhərlərində mehmanxanalarda yer sifariş vermək imkanımız var. Müştərilərimizin viza problemini tez həll etmək üçün Azərbaycandakı bütün xarici ölkə səfirliklərində qeydiyyatdan keçmişik. Yayda Türkiyənin Antalya bölgəsinə, qışda isə Birləşmiş Ərəb Əmirliklərinə daha çox turist göndəririk. Hər ölkədə əməkdaşlıq etdiyimiz turizm şirkətləri var. Bu yaxınlarda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində İordaniyada oldum. Bu ölkənin turizm assosiasiyasında geniş görüş keçirdik, 5 böyük turizm şirkətinin rəhbəri ilə əməkdaşlıqla bağlı danışıq apardıq. Qeyd edim ki, İordaniyanın təkcə turizm şirkətlərinin deyil, vətəndaşlarının da Azərbaycana hədsiz marağı var. Buna görə də yaxın aylarda, o cümlədən də Novruz bayramı ərəfəsində Bakıdan Əmmana birbaşa çarter reysləri açılacaq. Biz artıq proqram da tərtib etmişik. Turistlər 2-3 gün Əmmanın tarixi yerləri ilə tanış olacaq, 4-5 gün isə ya Ölü dənizin, ya da Qırmızı dənizin sahilində dincələcək. Etiraf edim ki, İordaniyaya getməmişdən əvvəl bu ölkənin belə zəngin tarixə və geniş turizm imkanlarına malik olduğunu təsəvvür etmirdim. İl ərzində bu ölkəyə 5 milyon insan turist kimi səfər edir. Yüksək səviyyəli hotelləri var. Bir sözlə, İordaniya yeni və maraqlı bir ölkə ilə tanış olmaq istəyənlər üçün əsl tapıntıdır.
   - Şirkətiniz geniş turizm fəaliyyəti ilə məşğuldur. Təbii ki, vətəndaşlara xidmət etmək üçün ofislərinizdə peşəkar insanlar çalışmalıdır. Bu problemi necə həll edirsiniz?
   - 2001-ci ildə bu şirkəti açanda mənə cəmi üç nəfər işçi lazım idi. Mən müştəriləri razı salmaq üçün peşəkar mütəxəssislər cəlb etdim. Sonradan işimi genişləndirdikdə mənə daha çox işçilər lazım olurdu. 2007-2008-ci illərdə bu baxımdan çətinliklərlə qarşılaşırdım. Həm turizm işini, həm də dil bilən kadrları tapmaq çox çətin idi. Bu səbəbdən də dünya ölkələrinin təcrübəsinə uyğun olaraq öz işçilərimi xarici ölkələrə müxtəlif kurslar keçməyə göndərirəm. Ötən il Turizm İnstitutunun 3 nəfər tələbəsi bizdə təcrübə keçib. Çox çalışqan gənclər idilər. Bu il Türkiyədə olarkən həmin institutun 5 nəfər tələbəsini orada gördüm. Təcrübə keçirdilər. Türkiyə şirkətindən mənə bildirdilər ki, tələbələrin gəlməsini özləri istəyiblər. Çünki onlar Azərbaycan, rus, ingilis dillərini bilirlər. Bu da həmin şirkət üçün çox sərfəlidir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm şirkətləri ilə görüşlərində həmişə bizə tövsiyə edir ki, Turizm İnstitutunun tələbələrinin potensialından istifadə edək.
   - Azərbaycan Turizm Assosiasiyasının (AZTA) fəaliyyəti sizi qane edirmi?
   - Bizim şirkət bu qurumun Təftiş Komissiyasının üzvüdür. Bir neçə dəfə problemlərlə qarşılaşmışıq, yazılı halda AZTA-ya müraciət etmişik. Müraciətimizə çox tez reaksiya veriblər və problemimiz həll olunub. Eləcə də digər şirkətlərin qarşılaşdığı problemlərin həll edilməsinə AZTA yaxından kömək edir. Qurum uzağı ayda bir dəfə toplaşır. Üzvlərin təklifləri dinlənilir, onların çətinliklərinin həlli yönündə məsləhətləşmələr aparılır.
   - AZTA-ya üzv olmaq istəyən şirkətlər hansı şərtlərə əməl etməlidir və ya əksinə, qurum onlara nə vəd edir?
   - Qurum üzvü olan şirkətin birinci vəzifəsi hər ay oraya üzvlük haqqı ödəməkdir. Bu pulla assosiasiyanın rəhbərliyi və fəal üzvləri xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə iştirak edir. Bundan əlavə, AZTA-nın işçilərinin əməkhaqqı da həmin puldan ödənilir. İkinci şərt ondan ibarətdir ki, lisenziya almaq istəyən turizm şirkəti mütləq AZTA-ya üzv olmalıdır. Mədəniyyət və Turizm Nazirliyinə həmin şirkətin təqdimatını da assosiasiya verir.
   - Azərbaycanda mövcud durum elədir ki, hotellər turizm şirkətlərinin xidmətindən istifadə etmirlər...
   - Bu çox böyük problemdir. Digər ölkələrin hotelləri ilə daha yaxşı anlaşırıq, nəinki öz hotellərimizlə. Bizim mehmanxanalar turizm şirkətləri ilə müştəri arasında qiymət baxımından heç bir fərq qoymurlar. Halbuki hotellər şirkətlərə 10 faizə qədər güzəşt etməlidirlər. Əslində bizim qazancımız da elə bu 10 faizdir. Biz müştəriyə nisbətən aşağı qiymət təklif etməliyik ki, onlar da bizim xidmətimizdən istifadə etsinlər. Bu yaxınlarda Azərbaycan Hotel Kompleksləri Assosiasiyası ilə AZTA birləşdi. Burada əsas məqsəd hotellərlə turizm şirkətləri arasındakı bu anlaşılmazlığın aradan qaldırılmasıdır. Əvvəllər qarşılaşdığımız bir problem də xarici qonaqların qalması üçün yerlə bağlı idi. Artıq belə çətinliklə üzləşmirik. Azərbaycanın bütün bölgələrində yüksək standartlara cavab verən mehmanxanalar və istirahət mərkəzləri var.
   - Problemin səbəbini nədə görürsünüz? Bəlkə bu anlaşılmazlıq hotel menecerlərinin təcrübəsizliyindən irəli gəlir?
   - Mən deməzdim ki, problemin kökü hotel menecerlərinin təcrübəsizliyidir. Çünki əksər hotellərin idarəçiləri ya bu sahədə böyük təcrübəsi olan xaricilərdir, ya da xaricdə təhsil almış və uzun illərin təcrübəsi olan azərbaycanlılardır. Mənim fikrimcə, bu, sadəcə olaraq, hotellərin siyasətidir. Bu siyasət də ondan ibarətdir ki, onlar turizm şirkətlərinə müştəri gözü ilə baxırlar.
   - Builki turizm mövsümü sizin şirkət üçün nə ilə yadda qaldı?
   - İl ərzində şirkətimiz ötən illə müqayisədə 20 faiz çox turist qəbul edib. Təxminən 4200 nəfər xarici vətəndaşı Azərbaycana gətirmişik. Şirkətimizin saytı fəaliyyət göstərir. Bu sayta dünyanın bütün ölkələrindən daxil olmaq mümkündür. Bu il «Caspian tur» şirkəti xarici ölkələrdə keçirilən bir necə sərgidə iştirak edib. Bu da təbii ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutur. Bu sərgilərdə iştirak etmək bizə əlaqələrimizi genişləndirmək və ölkəmizə daha çox turist gətirmək baxımından böyük imkanlar verir.
   
    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar