Azərbaycan teatr rəssamlığında özünəməxsus dəst-xətt nümayiş etdirən fırça ustaları arasında tanınmış qrafik, Əməkdar rəssam Ənvər Almaszadənin də adı ehtiramla çəkilir. Onun tərcümeyi-halının sənətlə zənginləşməsində özündən üç yaş böyük bacısı, Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ Xalq artisti Qəmər Almaszadənin xüsusi  rolu olub.

Әnvәr Hacağa oğlu Almaszadә 27 avqust 1918-ci ildə Bakı şəhərində pinəçi ailəsində anadan olub. Dindar olan atası sənətə isti münasibət göstərməsə də, Ənvərdə təsviri sənətə maraq getdikcə gizlədilməz səviyyədə özünü büruzə verirdi. Üstəlik sonralar Azərbaycan baletinin parlaq ulduzuna çevrilən bacısı Qəmər Almaszadənin ölkəmizin hüdudlarını aşan sənət sorağı onun rəssamlıq üzrə təhsil almasına, bu sahədə uğurlara doğru addımlamasına vəsilə olur.

Ənvər orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alır. 1937-ci ildә bacısının balerina kimi fәaliyyәt göstәrdiyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rəssam olaraq işə başlayır. 55 il (1937-1992) çalışdığı bu teatrda Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarına, “Leyli vә Mәсnun” operasına, Soltan Hacıbəyovun “Gülşən”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletlərinə, Fikrət Əmirovun “Sevil” operasına və digər əsərlərə yüksək sənətkarlıq məziyyətləri ilə səciyyələnən bədii tərtibatlar verir.

Ənvər Almaszadə Qara Qarayevin “Yeddi gözəl” baletinin ilk tamaşasına (1952) da tərtibat verib. Qeyd edək ki, həmin tamaşanın məsləhətçisi və ayrı-ayrı rəqslərin quruluşçusu isə Qəmər Almaszadə olub. Ümumiyyətlə, bu bacı-qardaşın sənət birgəliyi həmişə uğurlu olub. Onlar birgə qastrol səfərlərində olub, sənət uğurlarına birlikdə seviniblər. Q.Qarayevin “Leyli və Məcnun” baletinin ilk tamaşasının (1969) da tərtibatçı rəssamı Ənvər Almaszadə idi. Sənətkar işlədiyi səhnə eskizlərinin əsərin ideya-məzmun və əhatə etdiyi dövrlə ahəngdarlığına xüsusi diqqət yetirib və bu mənada həmişə istəyinə nail olub. O, eyni zamanda bir sıra tamaşaların bədii tərtibatı ilə yanaşı, geyim eskizlәrini də һazırlayıb.

Yaradıcılığı yüksək qiymətləndirilən sənətkar 1964-cü ildə Azərbaycan SSR-in “Əməkdar rəssam”ı fəxri adı ilə təltif olunub. Ənvər Almaszadə 6 mart 2007-ci ildə Bakı şəhərində vəfat edib. Rəssamın oğlu Çingiz Almaszadə bəstəkar olub, uzun illər S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında musiqi tərtibatçısı işləyib.

2014-cü ildə Bakıdakı “Qalereya-1969” salonunda teatr rəssamlarının əsərlərindən ibarət “Azərbaycan teatrı - 140” mövzusunda sərgidə Ənvər Almaszadənin də səhnə eskizləri nümayiş olunub.

F.YUNİSLİ