Onunla bağlı doğma, kövrək, məhrəm xatirələrimə çox sevdiyi və dəfələrlə sitatlar gətirdiyi alman filosofu Fridrix Nitsşenin “Azadlıq nədir? Heç kimin qarşısında utanmamaq” sözləri ilə yol açmaq, elə onun təbirincə desəm, ayaq vermək istədim.

Lap çoxdanın söhbətidir, “Mədəniyyət” qəzetində işə başlamağımın ilk həftəsinin. “Azərbaycan” nəşriyyatının 2-ci mərtəbəsində baş redaktorun otağı ilə üz-üzə  müxbirlər və digər əməkdaşların oturduğu otaq vardı. Zatən redaksiya cəmi üç otaqdan ibarət idi. Mənə də o otaqda, onunla üzbəüz masada yer verdilər. Baş redaktor məni əməkdaşlara təqdim etdi. “Hələ sınaq müddətindədir, özünü doğrultsa, işləyəcək. Cavandı da, yol göstərin, yazı-pozusuna da şərait yaradın” deyib çıxdı.

Baş redaktorun təqdimatı zamanı nəzərlərim onda dayanmışdı. Çünki heç nəyə məhəl qoymadan qarşısındakı kağızlarda nə isə qeydlər edirdi. Masasında saralmış qəzetlər qalaqlanmışdı. Masaüstü kağız təqvim də ötən illərə aid idi. 3-4 qələm və üstü yazılı disketlər əsl işgüzarlıq ab-havası yaradırdı. Düzü, pərt oldum. Qalın eynəkli, mavi  köynəkli arıq, bəyaz saçlı kişiyə bərk hirsləndim də.

Hamıdan çox məni darıxdıran səssizlik içində yerimə keçdim, aşırma çantamı köhnəliyində küskün görünən kompüterin yanına qoydum. Masadakı şeir kitabçasını götürüb vərəqlədim. Həmin dövrün ortayaşlı, lakin  yeniyetmə oğlan ruhlu şairinin əttökən şeirləri idi. Kitabı kənara qoyub kompüterin düyməsini basdım. Bayaqdan səssizliyə qərq olmuş otaqda vıyıltı qopdu. Bu əcaib səs otaqdakı kiçik masada elektrik çaydanının “zümzümə”sini də eşidilməz etdi. Həmin eynəkli kişi yalnız bu zaman mənə baxıb gülümsündü. Əslində, bu gülümsəmədə “Ay uşaq, sakit dur, fikrimi dağıtma” kimi ehtiva da var idi. Amma mən “buna da şükür” deyirmiş kimi gülümsündüm. Sonra cəld və kor-peşman düyməni yenidən sıxıb kompüteri söndürdüm. Bu dəm çaydan köməyimə yetdi. Pıqqıldayıb daşdı. Yerimdən dik atılıb onu cərəyandan ayırdım. Eynəkli kişi ağır-ağır masasından qalxıb, çaydana tərəf getdi. Fincanını doldurub masasına qayıtdı.

Bir-iki qurtum içəndən sonra “Hə, əfəndi, indi gəl tanış olaq” dedi. Uşaq kimi sevindim. Bunu hiss edib qəribə əda ilə “Xoş gəlmisən, qız. Bəndəniz Tahir Abbaslı, bəs sən” sualını verdi. Beləcə, eynəkli adamla ilk və qısa dialoqum özümü təqdimatla bitdi. Hə, adımı kimin qoyduğunu da soruşdu, Həmidə xanım Məmmədquluzadənin şərəfinə verilməsindən duyduğu məmnunluğunu da dilə gətirdi. Doğrusu, bu yaşıma qədər geniş yayılmayan bu adı mənə verən əmimi qınadığıma görə peşman oldum.

Mənim Tahir Abbaslı ilə tanışlığım belə başladı və illər ötdükcə sərt görünüşlü kövrək adama dərindən bağlandım. Səbəb isə çox sadə idi: Tahir müəllim, daha doğrusu, Tahir əfəndi sözü ilə əməli arasında heç vaxt fərq qoymadı. Heç vaxt, heç bir situasiyada onun əqidəsindən, düşüncəsindən, prinsiplərindən keçdiyini görmədim. Heç vaxt haqsız tərəf olmadı, haqsızlığa susmadı...

Onu tanıdığım illər ərzində, onunla otaq yoldaşı olduğum zamanlarda  əsl dərd ortağı, məsləhətçi, yolgöstərən qazandım. Tahir müəllim yuxarıda misal çəkdiyim sitat kimi adam idi: daim azad, hər zaman qalib.

Onu tanımaq mənə “Əfəndi, boş ver, sən doğru yolunla get”, “Həyatdı deyib keçmə, həyatının cilovunu öz əlində saxla”, “Taleyindən gileylənməkdənsə onu dəyişmək üçün çapala”, “Bala, qanan qanmayana bir pay borcludur”, “Yazmaq ürəyi boşaltmaqdı, kağız-kuğuzu doldurmaq yox”  kimi dəyərli və unudulmaz, yerində öyüdlər qazandırdı. Tahir Abbaslını tanımaq məni “Sözü əlində xəmir kimi yoğur, istədiyin hala gətir. Gör nə dadlı çörək çıxacaq”, “Əfəndi, sözdür də, sən onu necə istəsən, işlədə bilərsən. Amma gərək ehtiyatlı olasan, bir də görərsən, bir artıq söz bir fikri bada verər”, “Yaxşı jurnalist ürəyi ilə yazmalıdır, yoxsa onu oxuyanın bağrı çatlar” və ən əsası “Yazar konveyer olarsa, batar. Elə yazı yazmağa nə var e. Bax bu qələmi tullasam, gedib öz-özünə gündə o yazıdan beşini yazar” kimi qiymətli öyüdlərlə aydınlatdı.

Tahir müəllim mənim jurnalistika üzrə müəllimim, yorulmaz tənqidçim, bezməyən oxucum idi. Ondan “Əhsən, əla yazmısan” sözlərini eşidəndə Allah bilir göyün neçənci qatında olurdum. Bizi birləşdirən xeyli dəyərlər də var idi. Onların arasında Üzeyir Hacıbəyli sevgisi, Fikrət Əmirov bağlılığı, Fatma Mehrəlıyeva avazı ... gözlə görünənlər idi.

Sonralar, çox sonralar redaksiyamız ünvanını dəyişdi, biz daha geniş və gözəl otaqlara köçdük. Bir müddət yenə də eyni otaqda oturduq. Uzun yazı prosesinin fasilələrində, yaxud hər hansı məsələ ilə bağlı ya o, ya da mən gərgin olanda dərdləşdik. Ən ağır sual qarşısında da mütləq bir cavabı, nikbin bir məsləhəti var idi. Otaqlarımız ayrılanda da biz söhbətləşməyə, “Kəsmə şikəstə”ni, “Arazbarı”nı, “Karvan”ı, “Kürd ovşarı”nı dinləməyə vaxt tapırdıq.

Tahir əfəndi, sizə deməyə sözüm, əslində, çox idi. Amma xasiyyətimi bilirsiz, şirindil adam deyiləm, heç bəzəkli danışmağı da bacarmıram. Deyəsən, elə ən çox bu şakərimi bəyənirdiz. Amma çox istərdim, sizi nə qədər çox istədiyimi biləsiz.

İndi oturub sizin publisistikamızın nəhəngi olmağınız, dilimizi mükəmməl bilməyiniz, şəxsiyyətiniz, əqidəniz, böyüklüyünüz, peşəkarlığınız barədə nə isə yazmağım artıqdır. Bilirsiz niyə? Çünki siz, hər zaman olduğu kimi, söz üzərində də qalib oldunuz və məhz buna görə bizlər sizə ustad dedik, həsəd apardıq, heyran olduq. Düzünü deyəcəm, qəzetimizdə daha çox sizin yazdıqlarınızı oxuyurdum. Sizin birbaşa və sətiraltı fikirlərinizi tutmaq üçün bəzən bir abzas üzərində dəqiqələrlə dayanırdım. Hətta arada yanınıza gəlib uşaq sadəlövhlüyü ilə suallar da verirdim.

Əziz Tahir əfəndi, sizin yeriniz  publisistikamızda, jurnalistikamızda, hələ də yaşamaq uğrunda mücadilə aparan, onlayn media, televiziyalara meydan oxuyan qəzetçilikdə  daim görünəcək.

Birlirsiz nəyə sevinirəm? Sizinlə işə sonuncu gəlişinizdə uzun-uzadı dərdləşə bilməyimə, bu dəfə məhz sizi dinləməyimə, Dövlət Film Fondunun həyətindəki skamyalarda üz-üzə oturub uzaq-yaxın keçmişə boylanmağımıza sevinirəm. Sevinirəm ki, bu dəfə sizin  dinlənilmək ehtiyacınızda yanınızda oldum, üzünüzü güldürənədək söhbətləşdik.

Bu yazıdan nə peşəkar yanaşma, nə həmkar (cəsarətimi üzrlü sayın) analizi ummayın. Bu, mənim Tahir Abbaslı kimi böyük, ağır, təsvirsiz hüznümün sözləridir. Təbii ki, yazıya  köçə bilənləri. Tahir Abbaslı müəllimim, ustadım, əxlaqı, vicdanı, təəssübü ilə doğmam, əzizim idi.

Sizi tanımaq, sizinlə bir kollektivdə çalışmaq, sizinlə fikir mübadiləsi etmək mənim üçün şərəf idi, şərəfli kişi. Sizi Nitsşedən dəfələrlə dediyiniz “Özünün əldə edə biləcəyin haqqın başqaları tərəfindən sənə hədiyyə edilməsinə razı olma” hikmətinin işığında xatırlayacam. Çünki mübarizə, həm də sona qədər əzmlə mübarizə sizin kimi güclü adamların bizlərə ən böyük mirasıdır.

Ruhun şad olsun, əziz Tahir əfəndi. Ömrü mübarizələrdə keçən adamların ruhu daim azad və şad olur...

Həmidə NİZAMİQIZI