Ağlaya-ağlaya Azərbaycan bayrağını öpən Şəhid anası. Böyükdən də böyük bir həyat tablosu. Vətəninin azadlığı naminə min bir əziyyətlə böyütdüyü övladından keçən, amma torpağından, bayrağından keçməyən özü sadə, amma ürəyi dünyadan da böyük olan ana, müdrik Azərbaycan qadını.

Sənin bu ürəyinin qarşısında söz də acizdi, qələm də. Sən əlinə qələm almadan, Şəhid anaları adlı elə bir əsər yazdın ki, oxunduqca bitməsi mümkün deyil. Bu əsər cəngavər şəhidlərimizin analarının dözümünün, cəsarətinin ən böyük nümunəsidir. Bu əsər Azərbaycan qadınının əzəmətini, vüqarını vəsf edən, nəsillərdən-nəsillərə ötürülən,  qəhrəman oğul böyüdən ananın yaddaşlara daimi həkk olunan bir tarixi nümunəsidir. Şəhid oğlunun məzarı önundə bayrağı öpə-öpə ağlayan ana nə demək istədin, görəsən. Bəlkə də ürəkparçalayan, amma yaddaşlarda əbədi iz salan bu hərəkətlinlə düşmənə bir daha bildirdin ki, Azərbaycan nə qədər çətin sınaqlardan keçsə də, cəngavər oğulları daima qəhrəmanlıq tarixi yazmağa qadir olmuşlar və olacaqlar.

Vüqarına, dözümünə qurban, ay ana. Ulu Tanrımızın sənə bəxş etdiyi o böyük səbrinə, özü yumruq boyda olsa da, dünyadan da böyük ürəyinə qurban, ay ana. Gözlərindən leysan kimi axan yaşlara qurban. Övladının qanı-canı bahasına azad olmuş torpaqlarımızda qürurla dalğalanan bayrağın dəyərini bilərək onu belə müqəddəsləşdirən bir örnəyə çevrildin. Elə bir örnək ki, kədərli olduğu qədər də möhtəşəm, əzəmətlidi.

Anaların müdrikliyinə bax, anaların əzəmətinə, vüqarına bax, İlahi. Tanrımız anaları nə böyük qüdrətdən yaradıb.

Bəlkə də bir evin övladı kimi dünyaya gətirdiyin və bir elin övladı kimi dünyadan köçən Şəhid balanın göylərdə pərvaz edən ruhu sənin qələmsiz, kağızsız yazdığın, dəyəri dünyadan da böyük bu möhtəşəm əsərə görə tək sənin deyil, bütün Azərbaycanın başı üzərində məmnunluqla dolanır və belə ananın övladı olduğuna görə qürurlanır. Sənin bu ürəyinə görə tək oğlunun ruhu qat deyil, bütün Azərbaycan övladları səninlə qürurlanır.

Ağlaya-ağlaya Azərbaycan bayrağını öpən Şəhid anası! Bütün Azərbaycan sənin əllərindən öpür...

Məryəm ƏLİYEVA
Kürdəmir rayon MKS-nin baş biblioqrafı