BMT-nin İnkişaf Proqramının layihəsi çərçivəsində keçirilən sorğu maraqlı nəticələr ortaya çıxarıb
   
   BMT-nin İnkişaf Proqramının «Turizm xidmətlərindən istifadə ilə bağlı tədqiqat» layihəsi çərçivəsində aparılan növbəti araşdırma Azərbaycanda sırf turizm bölgəsi kimi tanınan və üstünlük verilən rayonlarla bağlı olub. 
   
   Sorğu zamanı ölkənin turizm xəritəsini ortaya çıxarmaq məqsədilə respondentlərdən ən çox üç rayonun turizm rayonu kimi qeyd edilməsi istənilib. Azərbaycanın unikal coğrafi, geosiyasi və iqlim xüsusiyyətlərinə malik ölkə olması və burada turizm imkanlarının genişliyi verilən cavablarda öz əksini tapıb. Belə ki, «Azərbaycanda sırf turizm bölgəsi kimi hansı 3 rayonun adını göstərə bilərsiniz» sualına cavabında respondentlər ümumilikdə 49 rayonu qeyd ediblər.
   Ümumiyyətlə, təhlillər göstərir ki, insanlar turizm bölgəsi kimi təbiəti - landştaftın rəngarəngliyi, iqlimin saflığı, mineral suları və qumlu dəniz sahilləri ilə zəngin olan bölgələrə daha çox üstünlük verirlər. Respondentlər hesab edir ki, bu zənginlik Quba rayonunda daha çoxdur (53,3 faiz). Sırf turizm bölgəsi kimi ikinci Qəbələnin (37, 9 faiz), üçüncü isə İsmayıllının (25, 6 faiz) adı qeyd olunur. Turizm rayonu kimi ən çox üstünlük verilən üçüncü rayon isə Şəkidir (8,9 faiz).
   Verilən cavablara əsasən Azərbaycanın iqtisadi rayonlar üzrə turizm xəritəsini müəyyənləşdirdikdə məlum olur ki, ölkənin şimal-şərqində - Bakı-Xaçmaz turizm marşrutunun üstündə yerləşən Quba-Xaçmaz iqtisadi rayonu və Bakı-Abşeron və Şəki-Zaqatala turizm bölgələri arasında yerləşən Şamaxı-Qəbələ bölgəsi digərlərinə nisbətən daha çox sırf turizm bölgəsi kimi tanınır. Aparılan təhlillər göstərir ki, bu bölgələrin sırf turizm bölgəsi kimi tanınmasında Nabranda və Qəbələdə yerləşən beynəlxalq əhəmiyyətli turizm mərkəzlərinin, Şamaxıda Astrofizika Rəsədxanasının və dağ-turizm bazasının yaradılmasının, İsmayıllıda qədim qalaların, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun da böyük əhəmiyyəti var.
   Xəzər sahili boyu dağlıq ərazilərdə turizmin inkişaf etdirilməsinə yönəlmiş səylər və respondentlərin verdikləri cavablar göstərir ki, bölgənin turizm ehtiyatları zəngin və perspektivlidir və bu bölgəyə istirahət və əyləncə məqsədilə gələn turistlərin sayı ildən-ilə artacaq. Digər turizm bölgəsi kimi qeyd edilən regionların sıralamasına və aparılan monitorinqin təhlilinə baxdıqda məlum olur ki, Azərbaycanın turizm sektoru təbii mənzərələrdən başqa, gəzməli yerləri, mədəniyyət ocaqları və müasir turizm kompleksləri baxımından da zəngin imkanlara malikdir. Şəki-Zaqatala, Lənkəran-Astara, Bakı və Abşeron yarımadası, Naxçıvan zonası, Şirvan və Gəncənin tarixi yerləri respondentlərin bu baxımdan xüsusilə vurğuladığı yerlərdir. Respondentlər yayda turizm zonası kimi dəniz qıraqlarını örtən meşələrlə və gözəl çimərliklərlə zəngin olan bölgələri seçsələr də qış və dağ idmanları üçün ən gözəl və cəzbedici yerlərin də Şamaxı və Qusar olduğunu vurğulayıblar. Əlavə olaraq turizm bölgəsi kimi respondentlər bir çox xəstəliklərə təbii şəfa gətirən şəfalı yerləri, istirahət zonaları və şəfalı suları ilə zəngin olan regionların da adlarını çəkiblər.
   Sorğudan o da məlum olub ki, turizm bölgələrinə üstünlük vermənin digər səbəbləri kimi, respondentlər «bölgənin yaxınlığını», «əvvəllər də o bölgədə olduğunu, yaxşı tanıdığını», «həm istirahət, həm də müalicə almağın mümkün olduğunu», «bulaqlarının olduğunu», «mətbəxinin gözəl və zəngin olduğunu», «oranı tanımaq istəyini» və s. məqamları qeyd ediblər.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar